Bu gün Xalq artisti Ələsgər Ələkbərovun anadan olmasından 111 il ötür - FOTOLAR

A- A A+

Adı sənət tariximizin qızıl fondunu bəzəyən görkəmli teatr və kino aktyoru, SSRİ xalq artisti Ələsgər Ələkbərovdan söz düşəndə, ilk növbədə gözlərimiz önündə onun ekranda yaratdığı azərbaycanlı kişisinin təbii obrazı - Rüstəm kişi canlanır. Ə.Ələkbərov həqiqətən dramatik rolların əvəzsiz ifaçısı idi. Aktyorun səhnədə, ekranda görünməsi tamaşaçılara, demək olar ki, təkrarsız və unudulmaz anlar bəxş edirdi.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, martın 26-da bu böyük sənətkarın anadan olmasının 111-ci ildönümü tamam olur.

Ə.Ələkbərov 1910-cu ildə Bakıda anadan olub. Məktəbdə oxuduğu illərdə İ.Əbilov klubundakı dram dərnəyinə gedib. 1927-1930-cu illərdə Bakıdakı Teatr Texnikumunda təhsil alıb. Sonra Bakı Türk İşçi Teatrında çalışıb, burada Hacı Baxşəli, ikinci bələdiyyə kimi yaddaqalan obrazlar yaradıb.

Ə.Ələkbərov 1933-cü ildə Akademik Dram Teatrına dəvət alıb və bu teatrda onlarla yaddaqalan rol yaradıb. Aktyorun yaratdığı iki obraz - Vaqif və Otello onun yaradıcılığının zirvəsi hesab olunur.

Unudulmaz sənətkar həm də bir sıra filmlərdə maraqlı rollar yaradıb. Aktyor ilk dəfə 18 yaşında “Vulkan üzərində ev” filmində Həsən rolunu oynayıb. Daha sonra “Lətif”, “Almaz”, “Kəndlilər” filmlərində çəkilib. O, “Fətəli xan” filmində baş qəhrəman obrazı ilə sübut edib ki, tarixi qəhrəmanları da yüksək ustalıqla ifa etmək lazımdır.

“Ögey ana” filmindəki Hüseyn dayı – kəndin ağsaqqalı obrazı aktyorun ifasında təmkinli, sözübütöv insan təsiri bağışladığı halda, “Qara daşlar” filmindəki İsmayılzadə rolu daha ciddi xarakterə malik insandır.

Əslində sadaladığımız bu obrazlar qalereyası aktyorun daxili dünyasına sirayət edən və eyni zamanda daxili dünyası ilə birləşdirərək oynadığı rollardır.

Ümumiyyətlə Ələsgər Ələkbərovun yaradıcılığında kino sənətinin xüsusi yeri olub. Kino tənqidçiləri onun yaratdığı obrazları xarakterizə edərkən qeyd ediblər ki, aktyorun rolları klassik aktyor sənəti məktəbinin gözəl ənənələrinin yaşatmaqla yanaşı, eyni zamanda hər aktyora müyəssər olmayan yaxşı kino texnikasına malikdir.

Xalq yazıçısı Mirzə İbrahimov 1960-cı ildə yazdığı “Qartal qanadlı sənətkar” məqaləsində deyib: “Azərbaycan dram teatrı ilə əlaqədar olduğum zamanlar Ələkbərovun sənətə münasibəti, surət üzərində işləməsi mənim diqqətimi cəlb etdi. Ələkbərov rol əlinə keçən gündən onunla yaşayırdı, hətta mənə elə gəlirdi ki, gündəlik həyata, rast gəldiyi adamlara da surətin gözü ilə baxır, sonra bunun psixoloji nəticələrini izləyir, hisslərin dilini tapmağa cəhd edir… Ələsgər Ələkbərov həm klassik əsərlərdə, həm də müasir əsərlərdə eyni hərarətlə oynayır. O, bizim adamların, bugündən danışan dramlardakı qəhrəmanların surətini böyük həvəslə yaradır. Bu, çox qiymətli xüsusiyyətdir və yalnız ictimai cəhətdən deyil, estetik cəhətdən də mənalıdır”.

Ə.Ələkbərov səhnə və kino fəaliyyətinə görə 1961-ci ildə SSRİ xalq artisti adına layiq görülüb.

Görkəmli sənətkar 1963-cü il yanvarın 31-də vəfat edib. O, Fəxri xiyabanda dəfn edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: