Naxçıvanın qeyri-adi “duz çayı” və “duz şəlaləsi” - FOTOLAR

A- A A+

Təbiətin füsunkar mənzərələrindən biri də şəlalələrdir. Təbiətsevərlərin sevimli məkanı olan həmin şəlalələri görmək üçün bəzilərimiz kilometrlərlə yol gedir, bu mənzərələrin şahidi olmaq üçün bəzən ölkələr dolaşırıq. Ancaq unuduruq ki, ana təbiət Vətənimizin hər guşəsinə minbir gözəllik bəxş edib. Bu məkanlardan biri də Naxçıvan Muxtar Respublikasının “Duzdağ” adlandırılan ərazisində yerləşən “duz çayı” və “duz şəlaləsi”dir.

Çayların, şəlalələrin bəziləri qış aylarında buz bağlayır, bəziləri isə ilin bütün fəsillərində fasiləsiz olaraq axır. Ancaq Naxçıvandakı duz yataqları ilə zəngin olan həmin ərazidəki “çay” və “şəlalə” heç vaxt buz bağlamır, ancaq bununla belə, necə deyərlər, duz bağlayır. Məhz buna görə də həmin şəlalə “duz şəlaləsi” adlanır. “Şəlalə”nin görünüşü hava şəraitinə uyğun olaraq dəyişir. Maraqlıdır ki, o, daha çox yağıntı olmayan vaxtlarda diqqəti cəlb edir. Necə deyərlər, “çayda” su quruyanda yerində daşlaşmış “duz çayı” və “duz şəlaləsi” görünür.

Bəs bu, necə baş verir? Mütəxəssislərin fikrincə, ərazidəki duz laylarına qarışan su axıntıları buxarlandıqda özü ilə bərabər duzu da torpağın üstünə çıxarır. Yağıntılar zamanı təpəliklərdən cığırlara doğru axan duzlu su burada “duz çayı”nın və “duz şəlaləsi”nin yaranmasına səbəb olur. Beləliklə, çöküntülər quruduqda ağ örpəyə bürünmüş “çay” və “şəlalə” yaranır.

NUHÇIXAN İnformasiya Agentliyi “duz çayı” və “duz şəlaləsi”ndən fotoları təqdim edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: