Mətbuat sahəsində uzun illər səmərəli fəaliyyət göstərmiş Məmmədəli Sidqi 1910-11-ci illərdə “Molla Nəsrəddin” jurnalında redaktor köməkçisi olub, o dövrdə bu jurnalla yanaşı, “Tazə həyat”, “İqbal”, “Yeni iqbal”, “Bəsirət”, “Tuti”, “Zənbur”, “Azərbaycan” və digər mətbuat orqanlarında müxtəlif mövzularda çoxsaylı məqalələr və felyetonlar dərc etdirib, sovet dövründə də yaradıcılıq fəaliyyətini davam etdiribdir. Bu görkəmli mətbuat adamının əsas jurnalistik fəaliyyəti “Şeypur” jurnalı ilə bağlıdır. Bu jurnal haqqında müstəqillik illərinə qədər ətraflı məlumat olmayıbdır. Bu da “Şeypur” jurnalı və onun redaktoru Məmmədəli Sidqinin milli mövqeyindən irəli gəlirdi. Bu problemin bilavasitə tədqiqatçısı olan həmyerlimiz filologiya elmləri doktoru Hüseyn Həşimlinin də yazdığı kimi, “uzun illər “Şeypur” jurnalının tədqiqatdan kənarda qalmasının birinci səbəbi jurnalın səhifələrində erməni-müsəlman məsələsinə dair faktların milli mövqedən yer alması və buna oxşar materialların olması ilə bağlı idi”. Jurnal bilavasitə Azərbaycanın dövlət müstəqilliyini elan etdiyi Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aiddir. Cəmi 14 sayı çıxmış “Şeypur” jurnalının 11 nömrəsi 1918-ci ilə, 3 nömrəsi isə 1919-cu ilə aiddir. Jurnalın ilk sayı 5 oktyabr 1918-ci ildə, son sayı isə 18 yanvar 1919-cu ildə işıq üzü görübdür. Jurnalın naşiri tanınmış ziyalı-şair Səməd Mənsur idi. Həftədə bir dəfə çıxan “Şeypur” jurnalının səhifələrində onun redaktoru və aparıcı yazarı Məmmədəli Sidqi ilə birgə, görkəmli şair Səməd Mənsur, Salman Mümtaz, Cəfər Cabbarlı və digər tanınmış qələm sahiblərinin ideya-bədii mükəmməlliyə malik yazıları mühüm yer tuturdu. “Şeypur” jurnalına “Molla Nəsrəddin” mətbuatçılıq məktəbi və ənənələrinin müstəqillik dövrü davamından biri kimi yanaşmaq daha doğru olardı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə çap olunan bir sıra mətbuat orqanlarından biri də “Şeypur” jurnalı idi ki, özünün yumor və gülüşü, üslub və janrları, hətta müəlliflərin imza ənənələri baxımından onun “Molla Nəsrəddin”ə nə qədər doğma və yaxın olduğunu görmək mümkündür. Jurnalın səhifələrində məhz Azərbaycan əsas, baş mövzu seçilməklə onunla bağlı bir sıra məsələlər öz əksini tapırdı. Bu məqalələrdə erməni millətçiliyi, xainliyi, terrorçuluğu və onların şər əməllərinə himayədarlıq edənlərin tənqid və ifşası mühüm yer tuturdu.
Jurnalda tənqid olduqca qüvvətlidir. Jurnala redaktorluq etmiş istedadlı jurnalist Məmmədəli Sidqi, tədqiqatçıların da göstərdiyi kimi, jurnalda xüsusilə “Şeypur”, eləcə də “Bir naxoş” imzaları ilə yazılar təqdim edibdir. Jurnalın bütün ruhunun “Molla Nəsrəddin”dən gəldiyi bütün xırdalıqları ilə seçilir. Bunun daha çox onun redaktoru Məmmədəli Sidqinin “Molla Nəsrəddin” məktəbindən çıxması ilə əlaqəli olduğunu deməyə əsas verir.
Jurnalın birinci nömrəsində çap olunan “Altı ay” başlıqlı proqram-manifest xarakterli məqalə də öz məzmunu etibarilə “Molla Nəsrəddin” jurnalının birinci nömrəsində nəşr olunan “Sizi deyib gəlmişəm” məqaləsi ilə, demək olar, eyni mahiyyət kəsb edir. Bu məqalədə siyasi hadisələrə, xüsusilə mart soyqırımına münasibət və işarə də özünə yer alıb. Ancaq jurnal hansı məsələləri ön planda tutacaq, hansı problemləri diqqət müstəvisində saxlayacaq, məhz həmin məsələləri nişan verir. Mart hadisələrinin kədərinə işarə edən məqalədə yazılır: “Altı aydır ki, gülməmisən. Mart hadisatından, bolşeviklərin təbirincə, vətəndaş müharibəsindən sonra suya batmış toyuq kimi suyu süzülə-süzülə büzülmüş bir tərəfdə qalmışdın. Öz şəhərində, öz evində özgə yerdən gəlmişlərin əli altında əzilirdin. Küçədən keçəndə küçə dibi yeriyib öz ana dilində danışmağa ehtiyat edirdin... O vaxtlar, doğrudan da, səni güldürmək olmazdı”. Diqqət edilsə, öz “məzacına” uyğun olaraq “Şeypur” jurnalı vətəndəki yad, “özgə mənaları”, “özgə təbirləri”, yad mikrobları hədəfə alır, onları bilavasitə diqqətə çatdırır. Həmçinin üslubunun yarızarafat-yarıciddi olduğuna, “Örtülü bazar, dostluğu pozar” məntiqinə uyğun olaraq gerçək mətləbləri üzə çırpacağına nişan verir.
Məmmədəli Sidqinin jurnalda çap etdirdiyi “Əsgərlik” (2-ci nömrə, 2 oktyabr 1918), “Qramafon” (3-cü nömrə, 19 oktyabr 1918), “Tiflis duması” (4-cü nömrə, 26 oktyabr 1918), “Barışırlar” (5-ci nömrə, 9 noyabr 1918), “Nə istəyirlər?” (6-cı nömrə, 16 noyabr 1918), “Nə var, nə yox?” (7-ci nömrə, 30 noyabr 1918), “Bu gün” (8-ci nömrə, 7 dekabr 1918), “Siyasət”, “Hərdənbir” (9-cu nömrə, 14 dekabr 1918), “Gürcü-erməni vuruşması” (11-ci nömrə, 28 dekabr 1918) və s. məqalələr özünün siyasi təsir gücü və mövzu aktuallığı ilə də seçilir. Həmin məqalələrdə dövrün ab-havasına uyğun problem və aktual məsələlər gündəmə gətirilir, vətəndaşlıq nigarançılığı və məsuliyyəti daha qabarıq şəkildə əks etdirilir. Müəllifin, ümumən jurnalın məqalələrdə toxunduğu və qaldırdığı əsas problemlər azərbaycanlılara qarşı şovinist münasibət, ermənilərin işğalçılıq niyyətləri və planlarından ibarətdir. Müəllifin “Əsgərlik”, “Nə istəyirlər?”, “Bu gün”, “Siyasət”, “Gürcü-erməni vuruşması” kimi məqalələrində ermənilərə qarşı hökumətin tutduğu qayğıkeş, azərbaycanlılara qarşı əngəlli münasibəti, ermənilərin azərbaycanlılara qarşı ərazi iddiaları və qətliamçılıq hərəkətləri və bu kimi digər şovinist münasibət davranışları əks olunubdur. Hətta məqalələrdə nəinki azərbaycanlılara qarşı, gürcülərə qarşı da ermənilərin ərazi iddiaları və qətliamçı hərəkətləri öz əksini tapıb. Müəllif “Nə istəyirlər?” başlıqlı məqaləsində konkret olaraq bu məsələyə toxunaraq yazır: “Erməni kirvələrin qədimdən bir adətləri vardır ki, bir şey olan kimi elə bağırardılar ki, səsləri birbaş Yevropaya gedərdi. ...Tiflisdə çıxan erməni qəzetləri bütün Qafqaziyanın Ermənistana verilməsindən ötrü müharibə edib, qırılan ermənilərin tələf olmasından şikayət edib, Gürcüstan hökumətini bu qırğının qabağını almağa məcbur etmək üçün uzun-uzun məqalələr yazmaqdadırlar.
...O gün Gəncədən iki teleqraf gəlib ki, erməni saldatları Göyçə sərhədini keçib müsəlmanlara hücum etmişdilər. Altmış min müsəlmanın irzi-namusu, həyatı, malı və mülkü təhdid edilir. İndi Tiflisdə olan Camaliyana və erməni qəzetlərinə deyəsən ki, balam, bu nə əhvalatdır? Özlərini eşitməzliyə vurub deyəcəklər ki, qoymayın, erməni milləti qırıldı, qurtardı. Bu işlərdən belə görünür ki, ermənilər Ermənistana qənaət etməyib, Rey havasına düşmüşdürlər.
Xülasə, erməni kirvələr çox ərköyün bəslənmişlər. Onlar deyir ki, biz hər nə eləsək, siz danışmayın. Ancaq siz bir az əl tərpətsəniz, qiyamət qopardarıq.
Başını ağrıtmayım. Bu axır vaxtlar ermənilər özləri də bilməyir, nə istəyir?”
Ermənilərin xain davranışları, yaşadıqları bölgənin əhalisinə amansız münasibət və ərazi iddiaçılığı müəllifin başqa məqalələrində də yumoristik-satirik şəkildə tənqid və ifşa obyektinə çevrilir. Bu məqalələrdə həm də erməni quldurlarının başqa dövlətlər, xüsusən yerlərdə imperialist siyasət yürüdən Rusiya tərəfindən həyata keçirilən ermənilərə dəstəkçi siyasəti ifşa olunur. Ermənilərin işğalçılıq və qətliamçılıq davranışları dövrün vətənpərvər ziyalılarından olan Məmmədəli Sidqinin “Bu gün” məqaləsində də öz əksini tapan qınaq yerlərindəndir: “Doğrudan, həya bir yaxşı şeydir. İnsan ki, həyasız oldu, heç nə. Həyasız adamdan hər nə desən, baş verər. Bu həyasızlıqlardan biri də Ermənistan hökumətinin baş komandanı Andranik kirvədir ki, yenə Qarabağda baş qaldırıb müsəlmanları qırmağa başlamışdır. Ermənistan hökuməti də gözlərini yumub, əlilə işarə eləyir. Ermənistan hökumətinin nə tövr siyasət yeritdiyi və nə fikirdə olduğunu təfsir etməkdən artıqdır. Bu hökumət deyir ki, Qafqazda Gürcüstan və Azərbaycan ola bilməz. Burda ancaq bir Ermənistan ola bilər. Qafqazın hamısı ya gərək Ermənistan olsun, ya da Ermənistana tabe kimi bir şey olsun”. Müəllif bu məsələni qabardarkən erməni yalanlarını ifşa etmək məqsədilə rus yazıçısının bu mənfur millətin saxtakarlığı haqqındakı məqaləsinə də istinad edir. Hətta bu yazıdan konkret fikirlər də təqdim edir. Vətənpərvər jurnalist yazır: “Tiflisdə çıxan “Qruziya” qəzeti də deyir ki, sənin başın üçün, elə belədir ki, “Aşümes”. Ona görə də götürüb bir nəfər rus yazıçısı Upuçninin “Keçmiş xülyalar” ünvanlı məqaləsini dərc etmişdir. Bu məqalə büsbütün tərcümə edilib “Azərbaycan” qəzetinin 56-cı nömrəsində çap olunmuşdur. ...Bu məqaləni bir nəfər urus yazmışdır. Özü də öz yazdığı kimi əvvəlcə ermənilər ilə çox dost imiş. Hətta hər yerdə erməniləri müdafiə edib, onların barəsində danışılan yalanları da təkzib edirmiş. Bu urus məqaləsində deyir ki, Qafqazda Ermənistan adlı şey olmayıbdır. Urus Qafqaza gəlib Qafqazı alanda bir Gürcüstan var imiş, bir də bir neçə dənə türk xanlıqları. Qərəz, həya yaxşı şeydir”. Müəllifin erməni riyakarlığı və qəsbkarlığına olan kəskin ifşaedici münasibəti “Siyasət” adlı məqaləsində də davam edir. M.Sidqi məqalənin başlığı kimi əsl siyasət meydanı açır, burada rus siyasətini ifşa və tənqidlə birgə erməni qəsbkar komandanı Andranikin ikiüzlülük və müsəlman-türk düşmənçiliyinə də münasibət ifadə edir. Müəllif yazır: “Füzulluq dedim, Andranik kirvə yadıma düşdü. O gün qəzetlər yazır ki, general Tomson Andranikə yenə bir teleqraf vurub, qan tökməkdən əl çəkməyi əmr edir. Andranik də deyir ki, mən müsəlmanları qırmıram. Mən “bolşevik” olmuşam. Bolşevik də gərək adam qırsın.
Mineralnidə olan bolşeviklər deyir ki, daşnaqsaqanlar hamısı əks-inqilabçıdırlar. Hər kəs bir daşnaqsaqan öldürsə, ayrıca mükafat alacaqdır. Həştərxandan da xəbər gəlir ki, bolşeviklər millətlərin bir-birilə vuruşmasını protesto edirlər və deyirlər ki, Allah kəssin sizin boğuşmağınızı. Bizim işlərimizi siz xarab elədiniz. Bu tərəfdən də kazaqların hamısı bolşeviklərə tabe olurlar. Gətirib silahlarını da öz əllərilə təslim edirlər”.
M.Sidqi böyük cəsarət və vətənpərvər ürəklə rus hökumətinin ayırıcılıq və qarşıdurma yaratmaq cəhdlərini ifşa edir. Amma ermənilərin və onların qəsbkar liderlərinin tarixi cinayətlərinə, Azərbaycanın müsəlman əhalisinə qarşı vəhşicəsinə apardıqları qətliam hərəkətlərini daha çox diqqətdə saxlayır. Erməni Andranikin dilindən deyilən sözlərdə də bu mənfur və ikiüzlü millətin məzlum görünmək və başqalarını qırmaq missiyası aydınca görünür. Görkəmli publisist həm də “Gürcü-erməni vuruşması” məqaləsində ermənilərin nə qədər mənfur və saxtakar olmalarını diqqətə çəkir. Sonradan gəlib yerləşmələrinə baxmayaraq, bütün Qafqazda Ermənistan yaratmaq xülyası ilə yerli xalqlarla savaş açan və onlara qarşı ən qəddar, ən mənfur üsulla mübarizə aparan ermənilərin danışıqlara biganə münasibətlərini də təqdim edərək ifşa edirdi. Vətənpərvər jurnalist yazırdı: “Azərbaycan, Gürcüstan və Ermənistan hökumətləri öz aralarında olan mübahisəli məsələləri, o cümlədən sərhəd məsələlərini həll etməkdən ötrü neçə ay bundan irəli Tiflis şəhərində bir konfrans çağırmışdılar. Bəli, konfransın vaxtı, saatı təyin olunan kimi, Azərbaycan və Gürcüstan nümayəndələri konfransa gəldilər. Ermənistan hökumətindən nümayəndə gəlmədi. Tiflisdə olan Ermənistan nümayəndəsindən xəbər aldılar: - Balam, konfransa niyə gəlmirsən? Cavab verdi ki, Ermənistan hökumətindən mənə bu barədə heç bir buyuruq yoxdur. Bir-iki gün gözləyin, görək, nə olar. Bir-iki gün keçdi. Soruşdular: - Balam, nə oldu? Cavabında dedi ki: - Bəs məni bu gün bağışlayın. Pəhriz tutmuşam. Gələ bilmərəm. Bəlkə sabahda, birigündə gəldim.
Bir neçə gündən sonra dedi ki: - Varatniklərim yuyulub, praçişnidən gəlməyibdir. Nə bilim, gərək hamama gedəm...
Xülasə, hər dəfə bir düdük verib konfransa gəlmədi ki, gəlmədi.” (Bu sətirləri oxuyanda danışıqlardan birində erməni rəhbərinin qarın ağrısı bəhanəsilə danışığa gəlməməsi hadisəsi yadıma düşdü- R.Q.). Müəllif erməni hiyləgərliyi və fırıldaqçılığını bütün çılpaqlığı ilə göstərdiyi kimi, ermənilərin regiondakı siyasi və hərbi hərəkətlərinə himayəçilik edən qüvvələri də ifşa və tənqid etməkdən çəkinmir. Söz yox ki, M.Sidqi dövrün mötəbər ziyalılarından biri kimi baş verən siyasi hadisələrin mahiyyəti və məqsədini yaxşı başa düşürdü. Ermənilərə müraciət edərkən qəsdən “kirvə” deyə ironiya ilə xatırlayan jurnalist onları regionda yerli xalqlara “qohumlaşdıran, qonşulaşdıran və dostlaşdıran” siyasi qüvvələrin rolunu da unutmurdu. Bu məqsəddən irəli gəlirdi ki, “Gürcü-erməni vuruşması” məqaləsinin sonunu məhz bu izaha həsr edir və yenə də jurnalın satirik-yumoristik üslubuna uyğun olaraq ermənilərə himayəçilik edən qüvvələri ələ salırdı. “Ermənistan hökuməti nə demək istəyir?”,– deyə sual ortaya qoyan müəllif onu satirik-yumoristik şəkildə belə şərh edirdi: “Əslinə baxsan, rəylər müxtəlifdir. Biri deyir ki, Ermənistan hökumətinin yeri darışlıq olduğundan bir balaca ayağını uzatmağa yer axtarır. Biri deyir ki, xeyr! Ayağını uzatmağa yeri var. Bu iş ancaq Borçalı müsəlmanlarının keyfini xəbər almaq üçün bəhanədir. Bəziləri deyir ki, səhvsən. Ermənilər həyat-məmat məsələsini ortalığa qoyub axırıncı dəfə olaraq vuruşurlar. Qərəz, hər kəs gürcü-erməni vuruşmasını bir cür təfsir edir. Amma biz deyirik: Xeyr, bunların heç biri düz deyil. Ermənilər Rusiyanı çox dost tutduqlarına görə Rusiya taxtına təzə bir Nikolay çıxarmaqdan ötrü bu işləri eləyirlər. Və Rusiyanı bərpa etdikdən sonra da Ermənistana Ermənistan veriləcəyinə inanırlar”.
Müəllifin son sözləri maraq doğurmaya bilməz. Söz yox ki, hadisələr müəllifin gözü qarşısında baş verir və məqalə 1918-ci ildə gedən hadisələrdən bəhs edir. Həmin dövrün hadisələri haqqında Azərbaycan və bir sıra xarici mənbələrdə də göstərildiyi və elə həqiqətpərvər jurnalist Məmmədəli Sidqi yazdığı kimi, Rusiyada inqilab törədib hakimiyyətə gələn Lenin və onun bolşevik təşkilatı Qafqazda var olan azərbaycanlı və gürcü xalqlarını ələ almaq, onların ərazilərində də Şura quruluşu təsis etmək, bu və digər məqsədlərə nail olmaq üçün erməni icmalarından istifadə etmək, erməniləri bu məqsədə çatana qədər “ermənisiz Ermənistan” yaratmaq fikrilə fəaliyyətə cəlb etmək, məqsəd hasil olduqdan sonra onları yaradılmış “Ermənistan”ın əsl sahibinə çevirmək kimi şirnikləndirici sözləri öz təqdimini tapıbdır. Bu mənada M.Sidqinin bu məqalədə kinayə, rişxənd dolu gülüşlə dediyi bu sözlərdə dövrün olduqca acı, ama məhz bu kimi ürəkparçalayan gerçəkliyi dayanırdı. Təsadüfi deyildi ki, Məmmədəli Sidqi, eləcə də jurnalın başqa mühərrirləri də Azərbaycanda baş verən mart soyqırımına, ermənilərin və onların qəsbkar komandanı Andronikin törətdiyi misilsiz vəhşiliklərə, riyakarlıq, hiyləgərlik və saxtakarlıqlara, erməni terror qruplaşmalarına və daşnaqların xülyalarına dəstək verən siyasi qüvvələrin ikiüzlü fəaliyyətinə və bu kimi digər məsələlərə tez-tez əhəmiyyət verir, satirik-yumoristik olsa da, acı gerçəkləri əks etdirir, öz münasibət və rəylərini bildirirdilər.
Jurnalda ana dili, köhnəlmiş yaşayış tərzi, adət-ənənə, düşüncə və stereotiplər, mövhumat və fanatizm, savadsızlıq və digər məsələlər öz tənqid və ifşa yerini tapırdı. Amma bu məsələlərdən ziyadə dövrün siyasi məsələləri daha çox və tez-tez gündəmə gəlir, xüsusi olaraq təqdim edilirdi. Məmmədəli Sidqi və Səməd Mənsurla birgə dövrün istedadlı və vətənpərvər ziyalılarından olan Cəfər Cabbarlı, Salman Mümtaz, Əmin Abid və başqaları jurnalda dövrün aktual və vacib məsələlərini işıqlandırmaq üçün məqalələrlə çıxış etmişlər. “Şeypur” jurnalının tanınmış tədqiqatçısı və ilk dəfə tam şəkildə kitab halında tərtibçisi və çap edəni filologiya üzrə elmlər doktoru Hüseyn Həşimli yazırdı: “Vətən və xalq taleyi, bolşevik-daşnak fitnəkarlığına qarşı mübarizəyə çağırış, istiqlalın möhkəmləndirilməsi uğrunda mücadilə, hərbi quruculuq, siyasi idarəçilik, ana dilinin saflığı, mətbuat azadlığı, ziyalı və xalq kimi ümdə məsələlər “Şeypur”dakı poeziya və publisistika nümunələrində ön planda dayanır. ..Ümumiyyətlə, “Şeypur” jurnalındakı çoxsaylı materiallar 1918-1919-cu illərin bir zamanlar unutdurulmuş həqiqətlərini, dövrün, cəmiyyətin sosial-siyasi mənzərəsini real faktlara istinadən bədii-publisistik tərzdə əks etdirir”.
Beləliklə, Azərbaycan milli mətbuatı tarixində görkəmli xidmətləri olan publisistlərdən biri kimi Məmmədəli Sidqinin də özünəməxsus yeri və mövqeyi var. Bu görkəmli publisist və millətpərvər ziyalı ömrünün çox hissəsini xalqına xidmətdə keçirmiş, müxtəlif sahələrlə bərabər mətbuat sahəsində də öz bacarıqlarını nümayiş etdirib, əsl ziyalı və publisist kimi yadda qalıbdır.
Ramiz Qasımov
AMEA Naxçıvan Bölməsinin şöbə müdiri,
filologiya üzrə fəlsəfə doktoru, dosent