“Molla Nəsrəddin” jurnalından gələn ənənəni yaşadan naxçıvanlı rəssamlar

A- A A+

Naxçıvanda yaşayıb yaradan fırça ustalarını birləşdirən bir yaradıcılıq qurumu var. Yarım əsrə dayanan tarixi var bu sənət və mədəniyyət ocağının. 50 illik zaman kəsiyində neçə-neçə sənət fədailərini qoynuna cəm edib Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi. Birliyin  üzvləri sırasında dünyasını dəyişənlər də, haliyədə fəaliyyətini davam etdirənlər də, gənc rəssamlar da var. Əcəmi yurdunun gənc rəssamları Şəmsiyə Zalova və Araz Xudiyev isə karikatura janrında yaratdıqları ilə milli rəssamlıq sənətimizə öz töhfələrini verirlər.

Rəssamlıqda karikatura janrı yumor hissindən, gülmək qabiliyyətindən doğub. Azərbaycanda karikaturanın yaranması mövcud olduğu 25 il ərzində cəmiyyətin qüsurlarını çəkinmədən açıb göstərən, insanları cahillik yuxusundan oyadan  “Molla Nəsrəddin” jurnalının adı ilə bağlıdır. Elə ilk karikaturaçı rəssamımız da jurnalın baş rəssamı olmuş Əzim Əzimzadədir. Yaddaşımızda karikaturaçı rəssam kimi qalan Əzimzadə yaratdığı karikaturalar ilə bu janrın banisi olub.   Karikaturanın inkişafında yeni ənənələrin yaranmasına isə 1952-ci ildə  nəşrə başlamış “Kirpi” jurnalı mühüm rol oynayıb. Sonrakı dövrlərdə də karikatura  janrına maraq artıb və peşəkar karikaturaçı rəssamlar bu janrı zənginləşdiriblər.  

Onlar da  yaratdıqları ilə  müasir dövrdə də  rəssamlığın bu janrını yaşadırlar.

Hələ balaca yaşlarından rəsmə olan marağı onu bu sənətə gətirib. Rəsm dərnəklərindən, tanınmış rəssamlardan öyrəndikləri, aldığı təhsil bu sahədə öz yolunu tutmasına səbəb olub.  Naxçıvan Dövlət Universitetində Təsviri incəsənət və rəsmxət ixtisası üzrə 2003-2007-ci illərdə təhsil aldıqdan sonra yeddi ilə yaxın Azərbaycan Silahlı Qüvvələrində zabit kimi xidmət edib. Lakin sənətdən bir an belə ayrılmayan, hazırda Naxçıvan Rəssamlar Birliyinin üzvü və fotoqrafı olan Araz Xudiyevin yaradıcılığı elə Araz qədər təlatümlüdür. Müxtəlif səpkili qrafik portretləri, mənzərələri və maraqlı karikaturaları onu sənətsevərlərə tanıdıb.

Arazın tənqidi mövzulu karikaturalarda cəmiyyətdəki mənfi nöqsanlar və yumor var. “Toyxana”, “Dəyişməyən adətlər”, “Cahil cəsarəti”, “Ailənin güzgüsü” karikaturaları ilə sözünü geniş kütləyə çatdıran rəssam daxilində yumor hissi olmayan insanın karikatura işləməsi çətin olar deyir. Onun da yaratdıqları, daxili və zahiri görünüşü ilə həmahəngdir. Bəzən olur ki, gördüyü hər hansı bir mənzərə ilə bağlı  yaradacağı karikatura haqqında günlərlə düşünür və yaradır. Sonda isə o karikatura  gülməli, eyni zamanda tənqidi  və təsirli olur.  İnsanların xarakterindəki  cizgiləri məharətlə karikaturalarında yaradan gənc rəssam çəkdiyi karikaturaları daha çox sosial media üzərindən paylaşır. Eyni zamanda  KİV-də yayımlanan müxtəlif mövzulu məqalər üçün sifarişlər də alır. Bir sözlə, rəssamın böyük maraq və düşüncəyə səbəb olan ağ-qara və rəngli karikaturaları insanları maarifləndirir, onlara düzgün yol göstərir və zamanın güzgüsü olmağı bacarır.  

İnsanda xoş hisslər oyadan rəsmlərin müəllifi olan yumorist rəssam, bütün bunlarla yanaşı kitab illüstrasiyaları da yaradır. Əsasən nağıl və hekayə kitabları üçün işlədiyi bu illüstrasiyalar  isə dünyamızın balaca sakinlərini nağıllar aləminə aparır.  Ağ kağız üzərində  qara qələmlə işlənmiş qrafik portretlərin də  cizgiləri maraqlıdır. Rəssamın yaxından tanıyıb ünsiyyətdə olduğu insanlar, tanınmış şəxslərin sadə karandaş və tuşla  işlənmiş portret obrazları ağ-qara fonda olduqca canlı təsir bağışlayır bu rəsmlərdə.

Bir çox qarışıq sərgi və müsabiqələrdə iştirak edən Araz Xudiyev 2019-cu ildə  Naxçıvanın 95 illiyi ilə əlaqədar keçirilən rəsm festivalında qrafik işlər üzrə birinci yerə layiq görülüb. Bu il Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 50 illik yubileyinə öz töhfəsini qrafik portret və karikaturalarından ibarət olacaq ilk sərgisi ilə vermək  istəyir.  

Rəssamlıqda bu janr olduqca güclü bir sahədir. Onun gücü mövzudan, ideyadan və  necə işlənmək bacarığından asılıdır. Burada fikrin, düşüncənin ifadə olunması əsas məqsəddir. 2011-ci ildən Azərbaycan Rəssamlar İttifaqının, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvü, müxtəlif sərgi və müsabiqələrin  iştirakçısı olan gənc rəssam Şəmsiyə Zalova  da karikatura sahəsində öz sözünü deyib. Rəsm çəkməyə hələ məktəbli ikən başlayan  Şəmsiyyə xanım bu sahənin təhsilini Naxçıvan Dövlət Universitetində alıb. Karikatura sahəsinə marağı isə  Naxçıvanda da bu janrı yaşatmaq və karikaturaçı rəssam kimi tanınmaq  istəyindən irəli gəlib.   

Bu janrda fikirlərini daha yaxşı ifadə edən Şəmsiyə xanımın karikaturalarında dövrün aktual mövzuları və dostluq şarjları daha çox yer alır. Onun karikaturaları dostluqdan doğan şarjlardır desək, yanılmarıq.  Rəssamın maraq doğuran dostluq  şarjları sırasında Albert Eynşteyn, Kemal Sunal,  Hacıbaba Bağırov, akademik İsa Həbibbəyli, akademik İsmayıl Hacıyevin də obrazları var. Bu insanların zahiri oxşarlığı saxlamaqla ən qabarıq duyulan əlamətləri vurğulanıb. Şarj qəhrəmanlarının özünəməxsus duruş və əda ilə təsviri, üz ifadələrində tipik xarakterik xüsusiyyətlər  aydın  nəzərə çarpır. Satirik və yumoristik təsirə malik  dostluq şarjlarında qəhrəmanların bədən quruluşunu müəyyən qədər kiçildərək, üz cizgilərini qabardan rəssam yumoristik obraz yaratmağa nail olubdur. Bu işlərə baxan hər kəs qeyri-ixtiyari olaraq öz şarjını da görmək istəyir. Bu isə  Şəmsiyyə xanımın ərsəyə gətirdiyi işlərin peşəkarlığından irəli gəlir. Rəssam mollanəsrəddinçilərin də karikaturalarını yaradıb.

Bu sırada kimlər yoxdur ki: Əzim Əzimzadə, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, İ.Rotter, O.  Şmerlinqin yaratdıqları personajlarla birgə təsvir olunan obrazları və qeyriləri.   Yaradıcılığında siyasi mövzulara da toxunan rəssam karikaturalarında mənfur ermənilərin də iç üzünü ustalıqla aça bilib. “Bir millət, iki dövlət” karikaturasında iki dost və qardaş ölkənin- Azərbaycan və Türkiyənin  ay-ulduzlu bayrağının əzmlə, qoşa dalğalanması qarşısında erməni əsgərinin öz bayrağını çiyninə alıb gedişi gülüş və istehza doğurur.

Rəssamlığın qrafika, mənzərə, portret, tematik şəkil, natürmort janrlarında da əsərlər yaradan Zalova hələ tələbə ikən  2010-cu ildə karikatura  janrında işlədiyi əsərlərdən ibarət ilk  fərdi sərgisini keçirib. Gənc rəssam sonrakı dövrlərdə 2016 və 2017- ci illərdə də  belə sərgilər keçirməklə ictimaiyyətdə karikatura sənətinə böyük maraq oyadıb.

Gənc rəssamlar bu gün rəssamlıqda “Molla Nəsrəddin” jurnalından gələn ənənələri də davam etdirirlər. Amma Molla Nəsrəddin jurnalındakı tənqidi karikaturalardan fərqli olaraq onların müasir karikaturlarında tənqidi yanaşma yox, incə mübaliğə var.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 2 mart tarixli sərəncamı ilə bu il 50 illik yubileyi qeyd olunacaq Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvləri sırasında karikatura janrını yaşadan rəssamların da olması ümidvericidir. Deməli, gələcəkdə də gənc rəssamların bu yolu seçəcəkləri şübhəsizdir. Bu isə onu deməyə əsas verir ki, milli rəssamlıqda möhkəm təməllər üzərində yol gələn, böyük ənənələri olan karikatura sənətinin  dünəni olduğu kimi,  bu günü və sabahı da var.                                                    

Türkanə Əmoyeva

                                                           “NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: