Pakistan müğənnisi Numan Şah Buhari Türkiyə-Azərbaycan-Pakistan dostluğuna aid mahnı bəstələyib və klip çəkdirib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, "Saltanat e Usmania (Osmanlı Səltənəti)" adlı türk və urdu dillərində səsləndirilən klip internetdə yerləşdirilib və qısa müddətdə populyarlıq qazanıb.
Kəraçi şəhərində çəkilən klipdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri İmran Xanın görüşlərini əks etdirən görüntülər, Türkiyənin məşhur “Diriliş Ertuğrul”, “Kuruluş Osman” və “Uyanış Büyük Selçuklu” seriallarından fraqmentlər yer alıb.
Numan Şah Buhari jurnalistlərə bildirib ki, Azərbaycan müstəqilliyini elan edəndən sonra bu ölkəni ilk tanıyan Türkiyə və Pakistan olub. Buna görə də indi bu üç ölkə arasında bütün sahələrdə əməkdaşlıq ən yüksək səviyyədədir. Müğənni deyib ki, bu klipi ölkələrimiz arasında mədəni əlaqələrin də yüksək səviyyədə olduğunu sübut etmək üçün çəkdirib.
Xatırladırıq ki, martın sonlarında pakistanlı musiqiçi Əsəd Qureşi də Azərbaycan-Türkiyə-Pakistan qardaşlığına həsr olunan mahnı bəstələmişdi.