18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür - FOTOLAR

Naxçıvan tarixi abidələr diyarıdır

A- A A+

1982-ci ildən UNESKO-nun qərarı ilə hər il aprelin 18-i dünyada “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” kimi qeyd olunur.

Azərbaycan  bəşər sivilizasiyasının ilkin meydana gəldiyi ərazilərdəndir. Bu səbəbdən də xalqımızın tarixi qədim yaşayış məskənlərində və çoxsaylı abidələrdə öz əksini tapmışdır. Əcdadlarımızın yadigarı olan abidələr xalqın keçmişinin, qədim mədəniyyətinin göstəricisi, minilliklər boyu bu torpaqlarda yaşadıqlarını sübut edən daş yaddaşıdır.

Tarix və mədəniyyət abidələrini xalqmızın milli sərvəti hesab edən  ümummilli liderimiz Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə tarixi-mədəni irsimizin qorunub saxlanılması üçün böyük işlər görmüş, bu sahədə zəngin qanunvericilik bazası yaradılmışdır. 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında tarix və mədəniyyət abidələrini qorumaq hər bir şəxsin borcu kimi təsbit olunmuşdur. Bundan əlavə 10 aprel 1998-ci ildə qəbul edilən “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununda abidələrin qorunmasının dövlət təminatı, onların əhəmiyyət dərəcələri, tədqiqi və mühafizəsi öz əksini tapmışdır. 

Ümummilli liderimizin siyasi kursunun layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə tarixi abidələrimizin bərpası, qorunması və tədqiqi  mühüm tədbirlər sırasına çəkilmişdir. Bir sıra tarixi abidələrimiz YUNESKO-nun Dünya Mədəni İrs Siyahısına salınmışdır. Milli mədəni irsin qorunması istiqamətində aparılan islahatların davamı olaraq Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli Sərəncamı ilə “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı” təsdiq edilmişdir.

Azərbaycanın, o cümlədən dünyanın ən qədim yaşayış və mədəniyyət mərkəzlərindən biri olan Naxçıvan min illərin tarixini yaşadan qədim yaşayış yerləri baxımından səyyahları, alimləri, tədqiqatçıları özünə cəlb edən bir məkan kimi tanınmışdır. Ümummilli liderimiz Heydər Əliyev Naxçıvanın hər daşının, hər qayasının tarixin canlı şahidi olduğunu bildirərək demişdir: “Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır. Bu kiçik ərazidə həddindən çox dünya miqyaslı tarixi-memarlıq abidələri yaşayıb və bu gün də yaşayır. Onların hər biri Azərbaycan xalqının həm tarixini, həm mədəniyyətini, həm də adət-ənənələrini göstərən abidələrdir”.

Qədim diyarımızın ərazisindəki mağaralar, qalalar, qədim yaşayış yerləri, qayaüstü rəsmlər, daş qoç heykəlləri və türbələr bu torpaqda tarixin və mədəniyyətin qədimliyini göstərir. Gəmiqaya abidəsi Naxçıvanın ilkin yaşayış məskəni olmasını elmi və tarixi əsaslarla təsdiq etməklə xalqımızın ən qədim dövr incəsənətinin, mənəvi və maddi-mədəniyyət nümunələrini bu günə daşıyan əvəzsiz tarixi abidədir. Gəmiqaya daşları üzərində həkk olunmuş müxtəlif kompozisiyalı təsvirlər, həndəsi işarələr, piktoqrafik yazılar əcdadlarımızın dünyagörüşünün və təsəvvürlərinin, yaşam tərzinin tariximizin minilliklərin dərinliyindən bu günə çatdırılması baxımından dəyərli mənbələrdir. Naxçıvan ərazisində mövcud olan Qazma mağarası, “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksi, Kilit mağarası, I və II Kültəpə, Xarabagilan, Quyulu dağ, Qarabağlar Türbə Kompleksi, Möminə xatın, Yusif Küseyiroğlu, Gülüstan türbələri, Əlincə qalası, Qızılburun, Qızqala, Ovçular təpəsi, Oğlanqala, Xələc, Naxçıvanqala, tarixi təbiət abidələrindən Haçadağ, Duzdağ, Batabat, Babək qalası, Dəvəboynu və yüzlərlə başqa abidələr keçmişimizi bu günə daşıyan tarixi yaddaşımızdır.

Son illərin araşdırması göstərir ki, Naxçıvan bəşəriyyətin əsas sivilizasiya mərkəzlərindən biri olmuşdur. Muxtar respublukanın ərazisi müxtəlif dövrlərə aid maddi-mədəniyyət abidələri ilə zəngindir. Diyarın bol sulu çayları, münbit torpaqları, əlverişli coğrafi mövqeyi, metal və qeyri-metal yataqları, qədim əkinçi-maldar tayfaların bu ərazidə erkən məskunlaşmasını təmin etmişdir. Bu ərazi hələ Daş dövründən məskunlaşdırılmış, qədim əkinçilik mədəniyyətlərinin əsası qoyulmuşdur. Araşdırmalar təsdiq еdir ki, Nахçıvаnın indiki əhаlisi min illər bundаn əvvəl bu ərаzidə məskən sаlаn qədim tаyfаlаrın vаrisləridir.

Naxçıvan Muxtar Respublikasında tarix və mədəniyyət abidələrinin qorunması və bərpası istiqamətində ardıcıl tədbirlər görülür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında” 2001-ci il 26 aprel tarixli Sərəncamına uyğun olaraq Gəmiqaya rəsmləri elmi əsaslarla öyrənilmiş,  bu mövzuda onlarla elmi məqalə və kitablar yazılmışdır. 2005-ci ildə Gəmiqaya abidəsinə beynəlxalq ekspedisiya təşkil edilmiş, Gəmiqaya ətrafındakı arxeoloji abidələrdə tədqiqatlar aparılaraq etnoqrafik, folklor və onomastik materiallar toplanmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 2005-ci il 6 dekabr tarixli Sərəncamı ilə muxtar respublika ərazisindəki tarix və mədəniyyət abidələrinin tədqiqində mühüm mərhələnin əsası qoyulmuş, 1200-dən çox abidə qeydə alınaraq pasportlaşdırılmışdır. Аbidələrin həm qеydə аlınmаsındа, həm də tədqiqində bеynəlхаlq еkspеdisiyаlаrın üzvləri də iştirаk еtmişdir. Аmerika Birləşmiş Ştatlarının Cоrciyа Univеrsitеtinin əməkdаşlаrı ilə аpаrılаn аrаşdırmаlаr zаmаnı I Kültəpə, II Kültəpə, I Mахtа Kültəpəsi, Ovçulartəpəsi, Naxçıvantəpə Uçan Ağıl, Oğlanqala, Qızqala və digər abidələrdə qаzıntılаr аpаrılmış, Аrpаçаy vаdisində оlаn tаriх və mədəniyyət аbidələri müştərək аrаşdırmаlаrlа öyrənilmişdir. Аrаşdırmаlаrın nəticələri ilə bаğlı оlаrаq хüsusi intеrnеt sаytı yаrаdılmış və bu sаytlardа Nахçıvаnın tarix və mədəniyyət аbidələri hаqqındа məlumаt vеrilmişdir. 2017-ci ildə aşkar olunaraq tədqiq olunmağa başlayan Naxçıvantəpə yaşayış yerinin qədim mədəniyyətimizin, o cümlədən Naxçıvan şəhərinin tarixinin öyrənilməsi üçün önəmli nəticələr vermişdir. Аzərbaycan Milli Еlmlər Аkademiyası Nахçıvаn Bölməsinin Naxçıvan Dövlət Universitetinin əməkdaşları ilə  birlikdə аpаrdığı аrаşdırmаlаr zаmаnı dünyа və ölkə əhəmiyyətli аrхеоlоji аbidələr, kitаbələr, mеmаrlıq аbidələri, о cümlədən оnlаrlа hаmаm, körpü və məscidlər qеydə аlınmışdır. Bu аbidələr аrаsındа Şərur rаyоnundа qеydə аlınаn II Qız qаlаsı, Bаbək rаyоnunun Buzqоv kəndi yахınlığındа аşkаr оlunаn Еrkən Tunc dövrünə аid Hоvuzlu yаşаyış yеri, Kəngərli rаyоnunun Qаrаbаğlаr kəndi yахınlığındа yеrləşən I Bəzəkli, II Bəzəkli, Çаlхаnqаlа kəndi yахınlığındаkı Qırmızıdаş qаlаlаrı, Оrdubаd rаyоnunun Bist və Ələhi kəndlərindəki körpüləri göstərmək оlаr.

Abidələr təkcə tarixin yaddaşı və yadigarları deyil, eyni zamanda, maddi-mədəniyyət nümunələridir. Ona görə də onların qorunması və gələcək nəsillərə çatdırılması olduqca vacibdir. Son illər qədim diyarımızda 70-dən artıq abidəyə ikinci həyat verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin  2006-cı ildə  “Nuh peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü abidəsinin bərpa edilməsi haqqında”, 2010-cu ildə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyinin yaradılması haqqında”, 2013-cü ildə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması haqqında”, 2014-cü ildə “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında”, 2015-ci ildə  “Gülüstan türbəsinin bərpası və tədqiq olunması haqqında”, 2016-cı ildə “Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında” imzaladığı Sərəncamlar tariximizin və mədəni irsimizin öyrənilməsi, təbliği baxımından mühüm əhəmiyyətə malik olan dövlət sənədləridir. Kəngərli rayonunda XII-XIV əsrlərə aid Qarabağlar Türbə kompleksi, Şərur rayonunun Yengicə kəndində XVIII-XIX əsrlərə aid Şərq hamamı, Babək rayonunun Nehrəm kəndində XVIII əsrin yadigarı olan İmamzadə, Naxçıvan şəhərində XVIII əsrə aid İmamzadə Kompleksi, XVII əsrin memarlıq abidəsi olan Qazançı körpüsü  bərpa olunmuşdur. Bu il Naxçıvan şəhərində yerləşən XII əsrə aid Yusif Küseyir oğlu türbəsi də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı və qayğısı ilə əsaslı şəkildə bərpa edilmişdir. Bundan başqa son illərdə qədim diyarımızda möhtəşəm türk-islam memarlığı abidələri olan məscidlər inşa olunaraq istifadəyə verilmişdir.

Abidələrimizin tədqiqi və mədəniyyətimizin  beynəlxalq miqyasda təbliği istiqamətində də muxtar respublikada ardıcıl tədbirlər həyata keçirilir. 1996-cı ildə “Uluslararası qaynaqlarda Naxçıvan”, 2009-cu ildə “Nuh peyğəmbər, Dünya tufanı və Naxçıvan”, 2011-ci ildə “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi”, 2012-ci ildə “Naxçıvan: ilkin şəhər və Duzdağ”, 2016-cı ildə “Naxçıvan qalaları: tarixdə və günümüzdə” mövzularında beynəlxalq simpoziumların və konfransların keçirilməsi mühüm əhəmiyyət daşımışdır. Bu simpoziumlar alimlərimizin xarici ölkələrin aparıcı elmi müəssisə və mütəxəssislərinin iştirakı ilə Naxçıvan tarixinə, arxeologiyasına, etnoqrafiyasına və folkloruna dair tədqiqatlar aparmasına, ekspedisiyaların təşkil olunmasına, müxtəlif mövzularda kitab, monoqrafiya, dərslik və elmi məqalələrin nəşr edilməsinə əsaslı təkan vermiş, beş minillik tarixi əhatə edən Naxçıvan şəhər mədəniyyəti tədqiqat mövzusuna çevrilmişdir. Muxtar respublikada aparılan arxeoloji ekspedisiyalarda ABŞ, Fransa, Türkiyə, Macarıstan və başqa ölkələrin arxeoloqları iştirak edirlər. Dövlət qayğısının nəticəsidir ki, 2011-2019-cu illərdə Naxçıvan Muxtar Respublikası ərazisində 9 arxeoloji ekspedisiya, o cümlədən iki beynəlxalq ekspedisiya işləmişdir. Tədqiqat işlərinin nəticələri “Tüba-Ar”, “Anatolia Antiqua”, “Rossiyskaya arxeoloqiya”, “İranica Antiqva”  və sair kimi beynəlxalq əhəmiyyətli jurnallarda dərc edilmişdir. “Tüba-Ar” beynəlxalq dərgisində və Fransanın 16-dan artıq kütləvi informasiya vasitələrinin məlumatlarında Duzdağ dünyanın ən qədim duz mədəni kimi tanıdılmışdır.

Muxtar respublikamızdakı abidələrin öyrənilməsi və təbliği sahəsində də əhəmiyyətli işlər görülür. 2008-ci ildə “Naxçıvan Abidələri Ensiklopediyası”nın nəşr edilməsi yalnız Naxçıvanın deyil, bütövlükdə Azərbaycanın mədəniyyət tarixində mühüm hadisədir. Ensiklopediya Naxçıvan abidələrinin öyrənilməsi baxımından əvəzolunmaz elmi mənbədir. Son illər nəşr olunan “Naxçıvan tarixi atlası”, “Nuh peyğəmbər, Dünya tufanı və Naxçıvan”, “Naxçıvanda arxeoloji tədqiqatlar”, “Naxçıvan tarixi” çoxcildliyi, “Gülüstan türbəsi”, “Əlincəqala”, “Qarabağlar türbəsi”, “Naxçıvan imamzadələri”, “Naxçıvan hamamları”, “Dədə Qorqud yurdu Naxçıvan: tarixi-coğrafi və etnoqrafik atlas”, “Naxçıvan – türk-islam mədəniyyəti abidələri” və başqa çoxsaylı kitablar bu sahədə görülən işlərin ardıcıllığını göstərir. 2018-ci ildə Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi ilə bağlı Naxçıvandakı türk-islam mədəniyyəti abidələri ilə bağlı mühüm işlər görülmüş, “Naxçıvan buzxanaları”, “Naxçıvan hamamları”, “Naxçıvan türbələri” və başqa kitablar nəşr edilmiş, “Naxçıvan: türk-islam mədəniyyəti” televiziya filmi çəkilmişdir.

Naxçıvanın abidələri bu qədim yurdun tarixi keçmişini özündə yaşatmaqla bərabər, həm də müasir dövrdə turizm potensialının artmasında əhəmiyyətli rol oynayır. Bu gün Naxçıvan tarixi abidələr və görməli yerlər baxımından səyahət turizminin ən ideal məkanlarındandır.

Muхtаr Rеspublikаnın ərаzisi müхtəlif dövrlərə аid tаriх və mədəniyyət аbidələri ilə zəngindir. Nахçıvаn Yахın Şərqdə mеydаnа çıхаn bir çох mədəniyyətlərin, о cümlədən Dalmatəpə, Kür-Аrаz və Bоyаlı qаblаr mədəniyyətinin bеşiyidir. Bu аbidələr Аzərbаycаn türklərinin qədim dövrdən Nахçıvаnın yеrli əhаlisi оlduğunu təsdiq еdən əvəzеdilməz mаddi mədəniyyət nümunələridir. Tаriх və mədəniyyət аbidələrinin tədqiqi аlimlərimizin, оnlаrın qоrunmаsı isə ümumхаlq işidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Hər bir yerin tarixi yalnız kitablarda deyil, onun torpağında, tikililərində, abidələrində yaşayır. Tarixini, Vətənini sevən insanlar abidələri qoruyub gələcək nəsillərə ötürməlidir. Hər birimiz tariximizlə qürur hissi keçirməli, bütün dünyaya göstərməliyik ki, ulu babalarımız, əcdadlarımız belə zəngin tarixə malik olublar” .

 

 

Vəli BAXŞƏLİYEV

AMEA Naxçıvan Bölməsi Tarix,

Etnoqrafiya və Arxeologiya İnstitutunun

 şöbə müdiri, AMEA-nın müxbir üzvü

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: