“Mənim dünyam” adlı rəsm sərgisində 22 rəssamın 37 əl işi yer alıb - FOTOLAR
Bu il Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin yaradılmasının 50 illiyi tamam olur. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu münasibətlə birliyin Bəhruz Kəngərli adına sərgi salonunda “Mənim dünyam” adlı sərgi açılıb. Sərgidə 22 rəssamın 37 əl işi sərgilənir.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva bildirib ki, Rəssamlar Birliyi günümüzün real mənzərəsinin yaradılmasında, tariximizin və milli dəyərlərimizin təbliğində mühüm rol oynayır. Məhz səmərəli fəaliyyətin nəticəsidir ki, Ali Məclisin Sədri “Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 50 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncamla təsdiq edilən Tədbirlər Planına əsasən birliyin 50 illik yubileyi muxtar respublikada geniş qeyd olunur.
Rəssamlar Birliyinin yaranma tarixinə nəzər salınaraq qeyd edilib ki, ümummilli lider Heydər Əliyevin himayəsi ilə 1971-ci ildə Azərbaycan Rəssamlar İttifaqının Naxçıvan Təşkilatı, 2000-ci ildə isə həmin təşkilatın bazasında Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi yaradılıb. Müstəqillik illərində muxtar respublikada rəssamlıq sənətinin inkişafı ilə bağlı ardıcıl tədbirlər görüldüyünü diqqətə çatdıran Birliyin sədri, bu illər ərzində birlik tərəfindən 1000-ə yaxın sərgi və tədbir keçirilib. Naxçıvan rəssamlarının kətan üzərinə köçürdüyü minlərlə rəsm əsəri nümayiş olunub, yüzlərlə əsər satılıb. Hazırda isə birliyin Bəhruz Kəngərli adına Sərgi Salonunda 400 əsər mövcuddur.
Sonra birliyə üzv olan rəssamların çıxışları dinlənilib və “Mənim dünyam” adlı sərgiyə baxış olub.
Rəssamlar mənzərə, natürmort, qarışıq kompozisiya janrında və dekorativ tətbiqi sənət nümunələri şəklində, müxtəlif mövzularda olan əl işlərini tamaşaçılara təqdim ediblər. “Naxçıvan dastanı”, “Azərbaycan yurdum mənim”, “Ümid körpüsü”, “Batabat yaylağında”, “Əshabi-Kəhf ziyarətgahı” və digər rəsm əsərləri xüsusilə diqqəti cəlb edir. Sərgini daha əhəmiyyətli edən isə burada gənc rəssamların da yaradıcılıq nümunələrinin əks olunmasıdır.
Qeyd edək ki, sərgi bir neçə gün davam edəcək.
Mədinə Rəhimli