Özbəkistanın “tnews.uz” portalı öz səhifəsində rus dilində “Azərbaycan Xarici İşlər Nazirliyi: Azad olunan ərazilərdə 400-dən çox abidə dağıdıldığı aşkar edilib” sərlövhəli məqalə yerləşdirib.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, portal bildirir ki, bununla bağlı nazirlik 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar bəyanat yayıb.
Orada deyilir ki, Azərbaycan torpaqları işğal altında olarkən Ermənistan tərəfdən tarixi-mədəni və dini abidələri tam dağıdılıb. Vətən müharibəsi qurtardıqdan sonra bu günə qədər Mədəniyyət Nazirliyi azad olunmuş ərazilərdə 400-dən çox abidənin dağıdıldığını müəyyən edib. Bu ərazilərdəki abidələrin ümumi sayı isə 3 minə qədərdir və bu istiqamətdə iş aparılır.
Yazıda bəyanatdan sitat gətirilir: “Azərbaycana məxsus mədəni və dini mülkiyyət talan olunmuş, təhqir edilmiş, dəyişdirilmiş və qanunsuz olaraq Ermənistana daşınmışdır. Azad olunmuş ərazilərdə 100 mindən çox mədəniyyət nümunəsinin olduğu 22 muzey və muzey filialı məhv edilmişdir. Bütün bu hərəkətlər beynəlxalq humanitar hüququn, o cümlədən UNESCO-nun 1954-cü il Haaqa Konvensiyası və onun iki protokolu, eləcə də 1970-ci il Konvensiyası kimi tənzimləmə sənədlərinin kobud şəkildə pozulmasıdır”.