Naxçıvanda mövcud olan mağaralar, möhtəşəm qalalar, nekropollar, qədim yaşayış yerləri ilk insan məskənləri kimi bu gün də varlığını qoruyur. Belə arxeoloji abidələrimizdən biri də Şahbuz rayonunun Külüs kəndi yaxınlığında yerləşən, Külüsçayın sol sahilində eramızdan əvvəl II-I minilliyin əvvəllərinə aid Haqqıxlıq nekropoludur. Hündür təpənin üzərində yerləşən abidə şimal və cənub tərəfdən dağlarla əhatə olunub. Nekropol, əsasən, daş qutu qəbirlərdən ibarətdir. Burada 1990-cı illərdə tədqiqat işləri aparılıb və dağıdılmış iki qəbir təmizlənib. Qəbirlərdən insan skeleti qalıqları, ətrafından isə heyvan və quş fiqurları, çəhrayı və boz rəngli gil qab qalıqları aşkar olunub, tunc xəncər, nizə ucu, xeyli miqdarda əqiq muncuqlar, bilərzik, sırğa, tuncdan üzük və pilək asmalar, küpə, kasa, qədəh və parça formalı gil qablar tapılıb.
“Oğuz səsi” qəzeti