Naxçıvan qonaqların gözü ilə - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və YAP Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi “Naxçıvanı tanıyaq” devizi altında mütəmadi olaraq könüllü gənclərin muxtar respublikanın şəhər və rayonlarına ekskursiyalarını təşkil edir. Növbəti ekskursiya çərçivəsində qonaqlar Babək Rayon Tarix-Diyarşünaslıq və böyük ədib Cəlil Məmmədquluzadənin Nehrəm qəsəbəsindəki Xatirə Muzeyində, eləcə də Nehrəm İmamzadəsində olublar. Ziyarətçilər təəssüratlarını “Şərqin səhəri” qəzeti ilə bölüşüblər. Həmin müsahibələri təqdim edirik.

Zeynəb Hüseynzadə: Mən Tərtər rayonundanam. Naxçıvan Dövlət Universitetinin “Jurnalistika” ixtisasında təhsil alıram. Burada olduğum dörd il ərzində muxtar respublikanın əksər şəhər və rayonlarında, turizm məkanlarında olmuşam, tarix və mədəniyyət abidələrinin bənzərsizliyinə heyran qalmışam. Babək rayonunda “Naxçıvanı tanıyaq” devizi altında ekskursiya təşkil olunacağı barədə xəbəri eşidəndə çox sevindim. İlk olaraq biz Tarix-Diyarşünaslıq Muzeyində olduq. Məlumat verildi ki, bu il muzeyin təşkil olunmasından 40 il ötür və burada rayonun tarix və mədəniyyətini, insanların etnoqrafik görüşlərini əks etdirən dəyərli eksponatlar vardır. Gənclərin bu ekskursiyada fəal iştirak etməsinə çox sevindim. Çünki gənclik, gələcək deməkdir. Gənclik həm də milli-mənəvi dəyərlərin, tarixi-mədəni irsin daşıyıcısı olmalıdır.

Tur çərçivəsində Nehrəm İmamzadəsi və Cəlil Məmmədquluzadənin Xatirə Muzeyi ilə tanış olduq. Universitetdə təhsil aldığım illərdə böyük ədibin həyat və yaradıcılığı ilə yaxından tanış olmuşam, hekayələrini mütaliə etmişəm. Bilirəm ki, Mirzə Cəlil yaradıcılığında Nehrəm mühiti xüsusi rola malikdir. O, Azərbaycan ədəbiyyatının kamil nümunələrini məhz Nehrəmdə yazıb. Bu gün onun adını daşıyan muzeydə olmaq, dahi ədibin şəxsi əşyalarına toxunmaq mənim üçün qürurvericidir.

Naxçıvanda olduğum 4 il ərzində dəfələrlə tarix və mədəniyyət abidələrini ziyarət etmişəm. Nehrəm İmamzadəsini isə yalnız foto və videolarda görmüşdüm. Tarixi tikilini yaxından gördüyüm üçün özümü şanslı hesab edirəm. Sağ olsun bu abidəni bərpa edənlər, əzəmətini qoruyub saxlayanlar. Düşünürəm ki, bu əməlin özü belə tarixin yaddaşında yaşamaq üçün kifayətdir. Ümumiyyətlə, Tərtərə qayıtdıqdan sonra Naxçıvan təəssüratlarımı dostlarımla, qohumlarımla paylaşacağam. Qoy onlar da bu qədim diyara gəlib bəşəriyyətin beşiyi olan Naxçıvanla yaxından tanış olsunlar. Bir məqamı da xüsusilə qeyd etmək istəyirəm ki, Naxçıvan həm də biz gələcək jurnalistlərin, qələm sahiblərinin ən yaxşı mövzu mənbəyidir. Muxtar respublika qədim tarixi, zəngin mədəniyyət və incəsənəti, istedadlı insanları, əsrarəngiz təbiəti, müasir inkişaf göstəriciləri, abadlaşan şəhər, qəsəbə və kəndləri ilə başdan-başa möhtəşəm bir diyardır.

Nazilə Mədətova: Gəncə şəhərində doğulub boya-başa çatmışam. Hazırda “Naxçıvan” Universitetində magistr təhsili alıram. Əvvəla, onu qeyd edim ki, muxtar respublika yerli və xarici tələbələr üçün ideal məkandır. Qədim diyarın ali və orta ixtisas təhsili müəssisələrində ən müasir tədris bazası yaradılıb, tələbələr üçün yataqxanalar istifadəyə verilib. Təhsil aldığım “Naxçıvan” Universiteti dünyanın aparıcı ali təhsil müəssisələri ilə əməkdaşlıq edir, müasir tədris korpusları, tələbə yataqxanası vardır. Yaxşı ki, Naxçıvanda təhsil alıram.

İndi isə keçək əsas məsələyə. Ötən günlərdə “Naxçıvanı tanıyaq” devizi altında təşkil olunan ekskursiyada mən də iştirak etdim. Nehrəm İmamzadəsi ilə bağlı zəngin təəssüratlarım var. Tarixi türbədə öyrəndim ki, Naxçıvan şəhərində və Şərur rayonunda da imamzadələr mövcuddur və onların hər biri abadlaşdırılıb. Bu abidələr xalqımızın İslam dininə bəslədiyi ehtiramın ifadəsidir. Ümumiyyətlə, Naxçıvanda İslama xas abidələrə bəslənilən münasibət qürurvericidir. Nehrəm İmamzadəsinin bugünkü vəziyyəti də İslama münasibətin Naxçıvan modeli kimi dəyərləndirilməlidir. Düşünürəm ki, muxtar respublika təkcə tarixi-mədəni yox, turizmin digər sahələri ilə də məşhurdur. Həvəslə bu diyara gəlib onun səhiyyə turizmindən istifadə edib sağalmaq, kənd-yaşıl turizmindən yararlanıb yaxşı istirahət etmək, dini turizmindən faydalanıb mənəvi ucalığa çatmaq olar.

Yusif İbrahimli: Mən Naxçıvan Müəllimlər İnstitutunun “İbtidai sinif müəllimliyi” ixtisasında təhsil alıram. Artıq iki ildir ki, Naxçıvandayam və buranı doğulub boya-başa çatdığım Masallı rayonundan sonra ikinci evim hesab edirəm. Naxçıvan tarixi abidələr diyarı olmaqla yanaşı, həm də yerli və xarici turistlər, qonaqlar üçün isti ana qucağıdır. Bu iki il ərzində özümü heç vaxt yad yerdə hiss etməmişəm. İnsanların səmimi və doğma münasibəti, qonaqpərvərliyi Naxçıvanı mənə çox sevdirib. Ölkəmizin başqa şəhər və rayonlarından olub Naxçıvanda təhsil alan, ailə həyatı quran, karyera sahibi olan kifayət qədər gənc var. Budur Naxçıvan torpağının doğmalığı.

Mən də muxtar diyarda gənclərin iştirakı ilə reallaşan bütün tədbirlərdə yaxından iştirak etməyə çalışıram. Naxçıvanı tanımaq üçün tələbəlik illərimi əla fürsət hesab edirəm. Növbəti belə bir fürsət ötən günlərdə düşdü və biz Babək rayonunda olduq. Rayondakı muzeyləri gəzdik, tarixi yerlərdə olduq, xatirə şəkilləri çəkdirdik, bizim üçün çay süfrəsi açıldı. Bir məqamı xüsusilə qeyd edim ki, Naxçıvandakı muzeyləri gəzmək arzusunda olanlar heç bir ödəniş etmirlər. Biz də Gənclər Fondunun könüllü gəncləri olaraq Babəkdəki muzeyləri pulsuz ziyarət etdik. Qismət olsa, yay aylarında rayonun gəzməli-görməli yerlərini, səfalı kəndlərini ziyarət etmək fikrindəyəm.

 Muxtar Rzazadə

“Şərqin səhəri” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: