Son illər muxtar respublikamızda İslam mədəniyyətinin incilərindən olan dini-mədəni abidələr yenidən qurulur, yeni məscidlər tikilərək istifadəyə verilir. Ötən ilin yazından başlayaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən, Ordubad şəhərindəki qədim Cümə məscidinin bərpasına başlanılıb. Şəhərin mərkəzi meydanında, Bərəkə dağının sinəsində ucalan qədim Cümə məscidi öz əzəməti ilə diqqəti cəlb edir. Memarlıq görkəmi ilə diqqəti cəlb edən bu tikili XVII-XVIII əsrlərə aid abidələrin başlıca cəhətlərini özündə birləşdirir. Məscidin giriş qapısındakı lövhədə 1604-cü ildə I Şah Abbasın beş sətirlik fərmanının mətni yazılıb.
Aparılacaq bərpa işləri zamanı ibadət ocağının memarlıq quruluşu saxlanılaraq dindarlar üçün lazımi şərait yaradılacaq. Sahəsi 890 kvadratmetr olan məsciddə axund otağı, qadın və kişi ibadət zalları və digər otaqlar yerləşəcək. Məscidin həyətində də geniş abadlıq işləri aparılacaq, müasir istilik, işıqlandırma və suvarma sistemi yaradılacaq. Qədim məsciddə əsasən milli-memarlıq elementlərindən istifadə edilərək tarixilik və müasirlik vəhdət şəklində götürülür.
“El həyatı” qəzeti