Xalçaçı... - FOTOLAR

A- A A+

Xalça deyiləndə onun xovlu və xovsuz növləri, iplərin boyanması, boyaqçılar, oradakı rənglər, naxışlar, bir də xalçaçılar yada düşür. Evlərdə hanalar quruldu, ip boyandı, naxış vuruldu, ilmə atıldı... Beləcə hər qadının əlindən bir xalça boy verdi. İnsan özünü soyuqdan qorumaq üçün min illər əvvəl bu qədim məişət əşyalarını, xalçaları toxudu, duyğularını, düşüncələrini xalçada ifadə etdi, xalça üzərində xarüqələr yaratdı. Əl əməyi, göz nuru ilə  evləri, alaçıqları bəzədi. Xalça təkcə evin qiymətli əşyası olmadı, ən yaxşı hədiyyə, müalicə vasitəsi və qızların cehiz payı oldu.   

Min illər ərzində xalçaçılar xalçanı, xalçalar da xalçaçıları yaşatdı. Xalça keçmişimizi qoruyub yaşadan bir eksponata döndü, həm də...

O da nənələrimizdən bizə ərməğan qalan bir işi, ənənəni yaşadır. Xalça toxuyur, xalçalarla dil tapır-xalçaçı qadın Gülsüm Kəngərli... Xalçanı yaşadan, onu ərsəyə gətirən xanımlardan sadəcə biridir. Naxçıvan xalçalarının öz adı, ünvanı ilə tanınmasında tarixən xalçaçı qadınlarımızın böyük rolu olub. Vayxır kəndində doğulub boya-başa çatıb  Gülsüm  xanım. Bu kənddə vaxtilə qadınların əksəriyyəti xalça toxuduğundan mehrini bu peşəyə salıb. Əsrarəngiz xalça aləmi onu da özünə cəlb edib, ömür yolunda həyat müşahidəçisi olub.

Deyir ki, hələ uşaq olanda yaşadığım Vayxır kəndində xalça sənətinə böyük bir bağlılıq var  idi. “Kəndimizdə yay aylarında yun yuyulur, daranır, boyanır, qışda isə xalçalar toxunurdu, keçələr hazırlanırdı. Xalçaçılıq ailə sənəti sayılırdı. Əksər evlərdə qurulan hanalarda gözəl xalçalar yaranırdı. Bizim də evimizdə toxunan o xalçaları məndən böyük bacım, anam  ərsəyə gətirirdi. Bu sənəti onlardan öyrəndim. 9 yaşım olanda bacımla birgə böyük bir xalça toxudum. O vaxtdan sirli-soraqlı xalçalar aləminə düşdüm, xalça toxumaq hobbim oldu. 8-ci sinifdə oxuyan zaman Nehrəm kəndində texniki peşə məktəbinə getdim və 3 il orda oxudum. Burada oxuyan hər kəsin bir arzusu olduğu kimi mənim də arzum xalçaçı olmaq idi.  İllər  keçdi və mən  bu arzuma çatdım”.

Kənd yerlərində toxunan xalçalar qalın olurdu, bir evdə toxunan xalça neçə evi gəzirdi. Beləliklə, həmin xalçalardakı eskizlər yeni toxunan xalçalara da ilham mənbəyi olurdu.

Ömrünü xalçaçı peşəsinə həsr edən Gülsüm qarşısında durduğu hana və rəngli kələflərə, yarımçıq xalçaya baxıb deyir: -Bir rəssam  gördüyü hər hansısa bir mənzərəni tablolarında yaşadırsa, mən də hara gedirəmsə, elementlər axtarıram  xalçalarımda yaşatmaq üçün. Şairlər, yazıçılar fikirlərini yazdıqları kitablarla gələcək nəsillərə çatdırır, xalçaçılar da toxuduğu xalçalarla bunu edir. Bu günədək iki yüzdən çox xalça toxumuşam.Toxuduğum hər xalçada yeniliklər tətbiq etməyə çalışıram. Ona görə xalçaya əl əməyi, göz nuru deyirlər ki, bütün düşüncəni, bütün gücünü toxuduğun xalçaya yönəldib onu ərsəyə gətirirsən.

Gülsüm xanım əsasən kiçikhəcmli xalçalar toxuyur. Ancaq bu xalçalar  kiçik olsa da, dərin mənalıdır. Diqqətimi Haçadağı əhatəsinə alan, sanki əl-ələ verib dünənimizdən yol gələn abidələrimizin və dəvə karvanının  olduğu  xalça cəlb edir.  Yusif Küseyroğlu türbəsi, Mömünə Xatın məqbərəsi, Qarabağlar türbəsi, Gülüstan türbəsi, Xudafərin körpüsü ilmələrin danışdığı tariximizdir. Zamanın, təbiətin mənzərəsi, tarixi özündə yaşadan bu xalça ötən il Naxçıvanda keçirilən qadınların əl işlərindən ibarət olan sərgidə  böyük marağa səbəb olub.

Elə indicə, ərişini kəsib bir kənara qoyduğu, üzərində qələbəmizin simvolu xarıbülbül təsviri olan xalçaya sığal çəkən  xalçaçı deyir ki, xarıbülbülü mən də xalçalarımda yaşadıram. Bu gül bizim üçün o qədər önəmlidir ki,  biz onu  təkcə Qarabağ torpağında yox, hər yerdə yaşatmaq istəyirik. Xarıbülbülümüz şəhidlərimizin qanı ilə bizə qayıtdı. Onu xalçalarımızda  görənlər də biləcəklər ki, bir gül bizim üçün necə qiymətlidir. Çalışıram ki, xalçalarım baxımlı və uzunömürlü olsun. Hər bir sənətkarı yaşadan onun sənət əsərləridir. Hər halda mənim də sənət əsərlərim toxuduğum xalçalar və  və bu sənəti aşıladığım davamçılarımdır.

Deyirlər hər, xalçaçının rəssam təxəyyülü də var. Bu doğrudan da belədir. Gülsüm xanım da toxuyacağı xalçaların, kilimlərin eskizlərini  özü  çəkir. Xalçaçı bizə xalçaya gözəllik verən çeşnilər və ordakı rənglərdən də danışdı:

Xalçada rəng, naxış seçimi, ölçü, sıxlıq  kimi texniki göstəricilər çox vacibdir. Bir xalçanın rəngi nə qədər çox parlaq olsa, o qədər diqqət çəkəcəkdir. Qədim çeşnilərimiz bu gün də toxunan xalçalarımız üzərində həyat qazanır. Xalça ilk öncə rəngi ilə diqqəti cəlb edir, sonra isə naxışları ilə. Hər bölgənin xalçalarındakı rənglər və naxışlar fərqli olub. Naxçıvan xalçalarında ən çox qəhvəyi, qırmızı, yaşıl, mavi, narıncı, qara və açıq gilənar qırmızısından istifadə olunub. Qızılgüllər, butalar, nəbati və həndəsi naxışlar, xüsusilə Mömünə Xatın məqbərəsindəki Əcəmi naxışları xalçalarımızda daha çox yer alıb.  Və bu xalçalar əlvan rəngləri, min naxışı  ilə görənləri ovsunlayır.

Gülsüm xanım  xalçaçı kimi boyaqçılığı da yaxşı bilir. Bu  səbəbdən toxuyacağı xalçaların iplərini təbii bitkilərdən aldığı  boyalarla özü boyayır.  

“Leyli Abbasova kəndimizdə tanınmış boyaqçı idi. Bitkilərdən, meyvələrdən müxtəlif rənglər alar və toxunacaq xalçalar üçün hazırlanan ipləri boyayırdı. Boyaqçılığı ondan öyrənmişəm. Təbii bitkilərlə boyanan iplərin rəngi heç vaxt solmur. Naxçıvanda olan boyaq otları dünyada yoxdur. Boyaq üçün əlverişli olan bitkiləri yığıb qurudur, sonra əzir, qaynar suya salır, tamamilə rəngini buraxandan sonra suya zəy salıb onu yığır, ağ ipləri o suya salır və yenidən qaynadıram. Naxçıvanın sal duzunun döyüntüsündən içinə atıram ki, rəngi parlaq olsun.

Hazırda Naxçıvan Xalça Muzeyində çalışan Gülsüm xanımın hər anı, hər günü xalçaların əhatəsində keçir. Xalçalara  vurulan zərif ilmələrin nəğməsi onun üçün ən gözəl musiqidir. Xalçalarla danışır, hisslərini, düşüncələrini ilmələrdə yaşadır.  Bir də hər bir qadının xalça toxumasını istəyir, öz qızına da bu sənəti sevdirib.

Bəs evinizdə özünüzün toxuyub istifadə etdiyiniz xalçalar var?

- Bu gün texniki üsulla toxunan müasir xalçalar daha çoxdur. Ancaq  o xalçalar əl ilə toxunan xalçaların yerini vermir. Kilim, palaz, qədimi xalçalar hər evdə tapılmır. Bu səbəbdən xoşbəxt qadınam ki, belə xalçalar evimdə çoxdur. Düşünürəm ki, hər bir qadın bu işi bilməli və  evinə özü mütləq bir xalça toxumalıdır.

Gülsüm xanım evindəki qədim xalçaları göz bəbəyi kimi qoruyur, əzizləyir. Dədə-baba qaydası ilə havaya çıxardır, rənginin solmaması üçün duzla yuyur, təmizləyir. Bu işi  bilmək istəyənlərə həvəslə öyrədir.

Vaxtilə nənələrimizin,  bu gün isə sizin kimi qadınların yaşatdığı xalçaçılığın sabahını necə görürsünüz?

Bəlkə də, nənələrimiz o vaxt  bu xalçaları toxuyanda bilmirdi ki, toxuduqları elementlər onların gələcəyə ərməğanı, bu günə olan sözü olacaq. Vaxtilə kəndimizdə xalça toxuyan  nənələrimizin bəziləri yaşayır. Həmişə onlarla görüşüb söhbətlər aparıram, bilmədiklərimi onlardan öyrənirəm. Xalçaçı qadınlara bu gün böyük diqqət var, xalçaçılıq inkişaf edir. Xalçalarımız YUNESKO-nun Qeyri Maddi-mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Naxçıvan Muxtar Respublikasında  xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair 2018-2022-ci illəri əhatə edən Dövlət Proqramı qəbul edilməsi bu sənətin qorunması və inkişafında, qadınların məşğulluğunun təminində mühüm rola malikdir. Nənələrimizin bizə qoyduğu bu miras gələcək nəsillər tərəfindən də yaşadılsın deyə xalçaçılıq elmi cəhətdən araşdırılır. Xalçaçı qadınlarımız sərgilərdə iştirak edir,  əl işlərimizə görə bizə adlar, mükafatlar verilir.

Xalçaçılıq sahəsindəki fəaliyyətinə görə 2015-ci ildə “Rəşadətli əməyə görə” nişanı və 2017-ci ildə Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi fəxri adını alıb Gülsüm xanım. Bu fəxri adlar, təltiflər onu sənətinə daha da bağlayıb.  İlmə vurmağı bir  çox qadınlara öyrədib. “Ənənəni yaşadaq, evdə xalça toxuyaq”  layihəsinə cəlb edilmiş evdar xanımlara  bu sənəti sevdirib,  Peşə  Tədris  Mərkəzində xalçaçılığı öyrətdiyi xanımlar bu gün gözəl xalçalar toxuyurlar.

Bəli, bu gün onların günüdür. Nənələrdən nəvələrə qalan bu  işi yaşadanların-xalçaçıların... Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 25 noyabr 2016-cı il tarixli Sərəncamı ilə mayın 5-i xalçaçıların  peşə bayramı günü kimi qeyd edilir. Xalçaçılarımız üçün bundan böyük hədiyyə  nə ola bilər ki?  Xalça sənətinə, xalçaçılara  bu cür diqqət  varsa, deməli, xalçalarımız əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə ötürüləcəkdir. Biz də Gülsüm xanımın timsalında bütün xalçaçılarımızı peşə bayramları münasibətilə təbrik edir, onların işğaldan azad olunmuş Qarabağ torpağında, Cıdır düzündə hanalar qurub məşhur Qarbağ  xalçalarını toxumasını arzu edirik. Bayramınız mübarək...

                                                                                                                     Türkanə Əmoyeva

                                                                                                                              “NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: