Sədərəyin xalı-xalçaları - FOTOLAR
Naxçıvan xalçaçılıq məktəbinin ənənəsi bu gün də davam edir.
Naxçıvan şəhərində yaradılan xalçaçılıq kursları və xalça istehsalı müəssisələri ilə yanaşı rayonlarımızda da bu sahəyə maraq artıb. Sədərək rayonu ərazisində səmərəli fəaliyyəti ilə seçilən sahibkarlıq müəssisələrindən bir olan Xalça İstehsalı Müəssisəsi buna bir nümunədir.
NUHÇIXAN xəbər verir ki, 2006-cı ildə yaradılan müəssisə bu il əsaslı şəkildə təmir olunduqdan sonra fəaliyyətini genişləndirib. Bu istehsal müəssisəsini yaratmaqda məqsəd həm xalqımıza məxsus olan ənənəvi naxışları, elementləri, ornament zənginliyini və özünəməxsus rəng çalarlarını qoruyub saxlamaqla xalça sənətini yaşatmaq, həm də qadınların məşğulluğunun təmin olunmasına töhfə verməkdir.
Hal-hazırda burada 6 nəfər qadın toxucu çalışır. Fəaliyyət göstərdiyi dövr ərzində istehsal müəssisəsi 15-ə yaxın xalça istehsal edib. Sözün əsl mənasında qadınlarımızın əl əməyi , göz nuru olan müxtəlif ölçülü xalçalar Naxçıvan xalçaçılıq məktəbinə xas olan üsullarla toxunur. Burada toxunan xalçalar daxili bazarda satılmaqla yanaşı, xaricə də ixrac imkanlarına malikdir. Öz işini sevərək həyata keçirən həvəskar qadınların toxuduğu xalçalar öz çeşniləri, naşıları və gözəlliyi ilə min il əvvəlki xalçalardan fərqlənmir. Çünki bu xalçalarda toxuculuq sənətimizin ənənəvi naxışlarının forma və quruluşlarına , məna çalarlarına sadiq qalaraq milliliyimiz təbliğ edilir.
Sədərək Xalça İstehsalı Müəssisəsində xalça toxuma zamanı gedən prosesləri fotolarla sizə təqdim edirik.