Beynəlxalq incəsənət festivalının rəssamları işğaldan azad olunan ərazilərdə “Xarıbülbül” maketlərini ərsəyə gətiriblər - FOTOLAR

A- A A+

Həmin gün xarıbülbül Ağdamda təkcə çiçək açmamışdı, həm də elə bil “ayaq tutub yeriyirdi”. Hər tərəfdə xarıbülbülün çiçəkləri göz oxşayırdı. Bu, 28 ildən çox davam edən həsrətin ağrı-acısı, intizarı idi, yoxsa illərlə doğmalarını gözləyən qeyri-adi çiçəyin sevinci? Elə bil burdakı daşlar, qayalar, xırdalanmış daş parçaları da qoynuna ayaq basan, illərlə onun həsrətini çəkən doğma sakinlərinin gəlişindən duyğulanıb vəcdə gəlmişdi...

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bir qrup mətbuat işçisinin Ağdama səfərinin məqsədi Şuşada keçiriləcək “Xarıbülbül” musiqi festivalı çərçivəsində Heydər Əliyev Fondu tərəfindən təşkil edilən beynəlxalq incəsənət festivalı ilə tanışlıq idi.

İlk dəfə keçirilən “Xarıbülbül” beynəlxalq incəsənət festivalında 13 ölkəni təmsil edən 32 rəssam Vətən müharibəsində qazanılan tarixi Zəfərə həsr olunan nadir əsərlər ərsəyə gətiriblər. Azərbaycan, Estoniya, İordaniya, İraq, İsrail, Latviya, Mərakeş, Niderland, Pakistan, Rumıniya, Türkiyə, Ukrayna və Yunanıstanı təmsil edən Anar Yolçiyev, Anastasia Tarasenko, Andris Vitolins, Dina Oskilko, Leyla Əliyeva, Nikole Bukrejeva, Rəhiməxanım Hacıyeva, Sare Kural, Yelena Haqverdiyeva, Zöhrab Salamzadə və digər rəssamlar erməni yaraqlılarının işğalından azad edilmiş ərazilərimizdə gördüklərini, yaşadıqları hissləri festival üçün hazırlanan xarıbülbül maketləri üzərinə köçürüb, dünyaya mühüm mesaj verən əsərlər yaradıblar.

Layihənin əsas məqsədi müxtəlif ölkələri təmsil edən sənətkarlar vasitəsilə işğal altında olan ərazilərdəki dağıntının miqyasını, tarixi abidələrimizə, milli-mədəni irsimizə, mənəvi dəyərlərimizə, təbiətimizə qarşı qəsbkarlığı beynəlxalq auditoriyaya çatdırmaqdır.

Qarabağın simvoluna çevrilən xarıbülbül

Havası gül qoxuyan, suyu, torpağı da muğam avazlı Ağdam düşmən tapdağından azad olunandan sonra bura üz tutanların və tutmaq istəyənlərin ardı-arası kəsilmir. Bizi bu müqəddəs məkana aparan təkcə yurd sevgisi deyil, həm də fırça ustalarının Qarabağın simvoluna çevrilən xarıbülbülə həsr etdikləri maketlər idi. Canlı çiçəklərdən fərqlənməyən həmin maketlərdə hər bir rəssamın duyğusu, Vətən, yurd sevgisi, müqəddəs Qarabağ torpağına olan sonsuz sevgisi boy göstərirdi...

İlk olaraq “Xarıbülbül” maketləri Ağdam Cümə məscidinin qarşısında nümayiş olundu. Beş rəssamın- Eldar Babazadə, Nigar Nərimanbəyova, Leyla Əliyeva, Leyla Əzimbəyova və Günay Bəylərovanın bir-birindən fərqli və orijinal maketləri ilk baxışdan zövq oxşayırdı.

Həmin maketlərlə yanaşı nümayiş olunan rəssamların kətan üzərində yağlı boya ilə çəkdikləri “Yaddaşın rəsmləri” mövzusunda əsərləri də xoş duyğular oyatdı.

Xatırladaq ki, Ağdam Cümə məscidi 1868-1870-ci illərdə tikilib. Memarı Kərbəlayi Səfixan Qarabaği olan məscidin iki minarəsi var. Məscid binası daşdan, binanın fasad hissəsinin künclərindən ucalan minarələr isə kərpicdən hörülüb.

1993-cü ildə Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra digər tarixi abidələrimiz kimi Ağdam Cümə məscidi də yandırılıb, ciddi dağıntılara məruz qalıb.

Məscidin indiki vəziyyəti UNESCO-nun 1954-cü ildə qəbul edilmiş “Silahlı münaqişə zamanı mədəni mülkiyyətin müdafiəsi haqqında” Haaqa Konvensiyasının Ermənistan Respublikası tərəfindən pozulduğunu bir daha nümayiş etdirir.

“Xarıbülbül” maketlərinin ilk dəfə bu məscidin həyətində nümayişinin özünü də bir çağırış simvolu kimi dəyərləndirmək lazımdır.

Yaradıcılıq üslubuna sadiq qalaraq, böyük zəhmət hesabına orijinal bir əsər ərsəyə gətirən Nigar Nərimanbəyova festivalda iştirakından böyük qürur hissi keçirdiyini bildirir. O, məşhur Nərimanbəyovlar nəslinin davamçısıdır. Onun atası Vidadi Nərimanbəyov və əmisi Toğrul Nərimanbəyov dünya şöhrətli fırça ustaları, Azərbaycanın Xalq rəssamlarıdır. O, bizimlə söhbət zamanı dedi: “Xarıbülbül” beynəlxalq incəsənət festivalında Qarabağın mirvarisi və azadlıq rəmzi sayılan xarıbülbülün rəsmini çəkdiyimə görə qürur hissi keçirirəm. Burada Eldar Babazadə, Leyla Əliyeva kimi rəssamlarla bir araya gəlib düşmən üzərində qazandığımız qələbəyə öz töhfəmi verirəm. Ümid edirəm ki, yaratdığım əsər “Xarıbülbül” beynəlxalq incəsənət festivalına rəng qatacaq. Əsərdə təsvir etdiyim əlində göyərçin tutan qız Şuşanı bəzəyəcək”.

Sevincdən göz yaşlarını saxlaya bilməyən fırça ustası düşmən tapdağından qurtulan Ağdam şəhərini limana yan alan bir gəmiyə bənzədir.

Yazın gəlişi ilə ana təbiətin hər tərəfi yamyaşıl xalıya bürüdüyü, çinarları göylərə ucalan Ağdamda nümayiş olunan bu əsərlər düşmənin daş üstə daş qoymadığı bu qədim diyarın yaxın zamanlarda yenidən öz xoşbəxt çağlarına qayıdacağına böyük inam hissi yaradır.

Nümayiş olunan əsərlər sırasında Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbəsi Günay Bəylərovanın da maketi diqqəti cəlb edir. Gənc olmasına baxmayaraq, hazırladığı əsər çox baxımlı və düşündürücüdür.

“Bir rəssam olaraq festivalda iştirak etdiyimə görə sevinc hissi keçirirəm. Mən çiçəklənən, pöhrələnən xarıbülbülü həyat ağacı şəklində təsvir etmişəm. Düşünürəm ki, xarıbülbül gələcəkdə qol-budaq atıb şaxələnən ağac tək çiçəklənən Qarabağımızın əbədi simvoluna çevriləcək. Əsərdə Qarabağı əlvan rənglərlə təsvir etmişəm, çünki bura xüsusi bir məkandır”,-deyə Günay Bəylərova vurğulayıb.

“Xarıbülbül” maketlərinin növbəti

ünvanı - Ağdam Dövlət Dram Teatrı

Növbəti dayanacağımız Ağdam Dövlət Dram Teatrının qarşısı oldu. Mənfur düşmənin viran qoyduğu, yalnız sütunları qalan bu mədəniyyət mərkəzi doğma nəfəsə həsrət qalmışdı. İndi doğmaları onun görüşünə gül-çiçəklə, xarıbülbülün əsrarəngiz gözəlliyi ilə gəlib.

Ağdamda ilk teatr 1902-ci ildə yerli ziyalıların və Əbdürrəhim bəy Haqverdiyevin yaxından köməyi və iştirakı ilə yaradılıb. İki il davam edən gərgin zəhmətdən sonra teatr 1904-cü ildə M.F. Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” və Ə.Haqverdiyevin “Dağılan tifaq” pyeslərinin tamaşaları ilə açılıb. Uzun illər ictimai əsaslarla fəaliyyət göstərib.

1968-ci ildə isə Nazirlər Kabinetinin qərarı ilə Ə. Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı kimi fəaliyyətə başlayıb. Teatr Qarabağın Ermənistan ordusu tərəfindən işğalından sonra da məcburi köçkün rayonun müəssisəsi kimi çətin şəraitdə fəaliyyətini davam etdirib. Teatrın yaradıcı kollektivi müxtəlif ünvanlarda fəaliyyət göstərmək məcburiyyətində qalmışdı. Artıq onların doğma şəhərdə səhnəyə çıxacaqları günə az qalıb.

“Xarıbülbül” maketləri ilə yanaşı sərgilənən “Yaddaşın rəsmləri” mövzusunda əsərlər sırasında Röya Həsənovanın “Çiçəklənən Qarabağ”, “Ağdam çay evi” və “Qarabağın nəğməsi”, Elçin Vəliyevin “Xarıbülbül” rəsm əsərləri silsiləsi və Səbuhi Atababayevin Ağdamın tarixinə aid rəsm əsərləri yer alıb.

Festivalın iştirakçıları sırasında olduğu üçün çox xoş duyğular keçirən Röya Həsənova deyib: “Festivala hazırlıq müddətində beş əsər üzərində işlədim. Burada xarıbülbül və art obyektləri də var. Çəkdiyim əsərdə təkcə Ağdamı deyil, eyni zamanda Şuşa, Kəlbəcər, Laçın, Füzuli, Cəbrayıl kimi digər bölgələrimizi də təsvir etmişəm. Onu da deyim ki, mən bu gün ən böyük arzuma çatdım. Həmişə əsərlərimin Qarabağda nümayiş olunması arzusu ilə yaşamışam. Bu gün mən həmin arzuma qovuşduğum üçün çox sevinirəm. Üzləşdiyimiz mənzərə, erməni vandallarının mənfur izləri qəlbimizdə ağrılı izlər qoyub. Ancaq inanırıq ki, Ağdam daha da gözəlləşəcək, inkişaf edəcək, ən xoş və gözəl günlərinə qovuşacaq. Çəkdiyim rəsmdə də çiçəklənən Ağdamı təsvir etmişəm. Çox keçməz ki, bu gözəlliklərin şahidi olarıq”.

Ağdam Çörək muzeyi də xarıbülbülü salamladı

Sonuncu dayanacağımız şəhərin mərkəzində, el arasında "od dəyirmanı" kimi tanınan qədim malikanədə yaradılan Ağdam Çörək muzeyinin qarşısı oldu. Bu muzey keçmiş SSRİ-də birinci, dünyada isə ikinci olub. Vaxtilə onun ziyarətçilərini daha çox heyrətləndirən ən maraqlı eksponat Leninqrad mühasirəsinin iştirakçısı olan rus qadınının muzeyə bağışladığı ağır günlərin yadigarı kimi saxladığı, kömürləşmiş 150 qramlıq çörək parçası olmuşdu...

Dağıdılmış Ağdam Çörək muzeyinin qarşısında nümayiş olunan “Xarıbülbül” maketləri və “Yaddaşın rəsmləri” mövzusunda hazırlanmış əsərlər sanki təbiətlə bir harmoniya yaradırdı...

Qeyd edək ki, nümayiş olunan əsərlər “Xarıbülbül” musiqi festivalı zamanı Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın mədəniyyət paytaxtı elan olunan Şuşada sərgilənəcək.

Gözəl təbiəti və zəngin təbii sərvətləri ilə tanınan qədim bölgələrimizdən olan Qarabağda belə bir incəsənət festivalının keçirilməsi həm də mədəniyyətlərarası dialoqun zənginləşməsinə xidmət edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: