“Xarıbülbül” musiqi festivalında “Barı Naxçıvan” deyənlər: “Bu doğrudan da böyük bir xoşbəxtlik idi” - FOTOLAR
Mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalı tarixin və Azərbaycan xalqının yaddaşına həkk olundu. İki gün davam edən festivalın ilk günü Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələrinin ifaları, ikinci günü isə sənət adamlarının, musiqiçilərimizin çıxışı ilə yaddaqalan oldu. 32 il sonra Şuşa səması, Cıdır düzü milli musiqimizin səsinə oyandı, “Xarıbülbül” festivalına yenidən ev sahibliyi etdi. Şuşada Xanın səsi havalandı, “Bayatı-şiraz”, “Qarabağ” şikəstəsi oxundu. Bu möhtəşəm festivalda Naxçıvandan olan musiqiçilər də iştirak etdi. Tarın, kamanın və nağaranın müşayiəti ilə Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Zülfüqar Mahmudovun ifasında Cıdır düzündə “Barı Naxçıvan” mahnısı səslənən zaman sevinc və qürurdan qəlbimiz köksümüzə sığmadı. İlahi bu xoş günü də yaşadıq. Dünyanın bir çox ölkələrində keçirilən festivallarda, qastrol səfərlərində oxunan “Naxçıvan” mahnısı illər sona Şuşada oxundu...
“Xarıbülbül” musiqi festivalında iştirak edən Naxçıvan Dövlət Filarmoniyasının muğam qrupu təəssüratlarını NUHÇIXAN İnformasiya Agentliyi ilə bölüşdü... Suallarımı ilk olaraq festivalda “Barı Naxçıvan” mahnısını ifa edən Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Zülfüqar Mahmudova ünvanlayıram...
-Zülfüqar müəllim, Şuşada, Cıdır düzündə “Naxçıvan” mahnısını ifa etmək xoşbəxtliyi xanəndə olaraq sizə nəsib oldu. O an hansı hissləri yaşadınız?
-Birinci Qarabağ müharibəsində Şuşa işğal olunanda mən yeniyetmə bir gənc idim. 29 ilə yaxın biz mədəniyyətimizin beşiyi olan Şuşa həsrəti ilə yaşadıq. 29 il idi ki, Xanın səsi, avazı o torpaqlarda səslənmirdi. May ayının 6-sı bizə bu barədə bildirdilər. Çox sevindik. Mayın 11-i biz Şuşaya yola düşdük. Cəbrayıldan, Qubadlıdan, Füzulidən Şuşaya doğru yol getdik. Şuşanın hüsnü-camalı, təbiəti, havası, suyu bizi valeh etdi. Həm kədər, həm də qürur hissi yaşadıq. Kimisi otunu, çiçəyini, ağacını qoxulayırdı, kimisi də torpağını öpürdü vətənin. Buz kimi havası var Şuşanın, yamyaşıl meşəlikləri ilə füsunkar bir yerdir. Sevinc, kədər, qürur hissini eyni anda yaşadıq biz orda.
Cıdır düzündəki o səhnə elə qurulmuşdu ki, bir üzü tamaşaçılara, bir üzü sıldırım zirvələrə açılırdı. O zirvələrə baxanda biz qürurlanırdıq ki, igid hərbçilərimiz Şuşanı necə böyük qəhrəmanlıqla dişi ilə, dırnağı ilə bu sıldırım zirvələri çıxıb əlbəyaxa döyüşlərlə azad ediblər. Şükürlər olsun ki, şəhidlərimizin qanı yerdə qalmadı. Səhnəyə çıxan an bilmədim qaval çalam, bilmədim oxuyam, bilmədim sevincdən ağlayam. Təsəvvür edin, Şuşa azaddır və 32 il sonra biz “Xarıbülbül” musiqi festivalındayıq. Bu doğrudan da böyük bir xoşbəxtlik idi.
Bütün solistlərin ifasında “Naxçıvan” mahnısı səslənib. Ancaq ilk dəfə biz bu mahnını bu festivalda fərqli ifa etdik. Ritm, ifaçılıq və iki dəqiqəlik vaxtla Naxçıvanın, necə deyərlər, himninə çevrilən bu mahnı tarın, kamanın və nağaranın müşayiəti ilə çox bəyənildi. Konsertdə Ümummilli lider Heydər Əliyevin vaxtilə işğal altında olan ərazilərimiz haqqında söylədiyi fikirlər və Ali Baş Komandan, Prezident İlham Əliyevin Şuşa şəhərinin 2020-cı il noyabrın 8-də işğaldan azad edildiyi gün xalqımıza müraciətində dediyi sözlərin Qarabağ torpağında da videoçarxla təqdim edilməsi hər birimizə fəxr hissi yaşatdı. Mən xanəndə kimi bir çox festivallarda iştirak etmişəm, amma bu festival ürəyimin, necə deyərlər, sarı siminə toxundu. “Xarıbülbül” musiqi festivalı mədəniyyət, incəsənət tədbiri olmaqla yanaşı, həm də siyasi bir anlam daşıyırdı. Bu festivalla biz Şuşa qələbəsini bir daha qeyd etdik. Milli musiqimizin, tolerant bir ölkə olmağımızın səsi-sədası Cıdır düzündən dünyanın hər yerinə yayıldı.
Gənc kamança ifaçısı, Prezident mükafatçısı Nurlan Nuriyev: Kamançanın səsi hər zaman işğalda olan vətən torpaqlarımızın, yurd yerlərimizin nisgilini bizə yaşadıb. Ancaq bu festivalda kamança bizə həm də qürur hissi yaşatdı. Heç inanmazdım ki, 32 il sonra yenə Cıdır düzündə “Xarıbülbül” musiqi festivalı keçiriləcək və gənc ifaçı olaraq mən də bu festivalda iştirak edəcəyəm. Ancaq nə xoş ki, qüdrətli Ordumuz, Ali Baş Komandanımız bizə bu gözəl günləri yaşatdı. Şuşaya gedəcəyimi eşidəndə çox sevindim.
-Sizi Şuşaya aparan yolda təəssüratlarınızı oxucularımızla bölüşərdiniz...
-Yol boyu həm kədər, həm də qürur hissi qəlbimi bürüdü. Xaraba qalmış kəndlərimiz, şəhərlərimiz, bu torpaqların azadlığı uğrunda şəhid verdiyimiz oğulları xatırlamaq təbii ki, kədərləndirdi hər birimizi. Qürur hissi o idi ki, biz Şuşaya gedirdik. İllər boyu dünyanın hər yerinə gedə bildik, ancaq doğma torpaqlarımıza gedə bilmədik. Biz gənclər Şuşanı ancaq şəkillərdə görmüşük. Şuşa doğrudan da əzəmətli bir şəhərdir. Şuşa qalasını, Cıdır düzünü görmək, orada kamanı dilləndirmək böyük xoşbəxtlik idi. Biz mədəniyyətimizin paytaxtında mədəni dəyərlərimizi layiqincə təbliğ etdik. İnşallah hər il bu festivalda iştirak edərik.
Naxçıvan Dövlət Mahnı və Rəqs Ansambılının nağara ifaçısı Mahir Rüstəmov:
-Özümü xoşbəxt musiqiçilərdən hesab edirəm ki, belə bir tarixi günün iştirakçısı oldum. Xarıbülbülün vətənində “Xarıbülübül” musiqi festivalında iştirak etdim. Bir çox tanınmış musiqiçilərin ifaları arasında bizim də ifamızn səslənməsi fəxr idi. Bu festival şəhidlərimizin xatirəsinə həsr olunmuşdu. Necə-neçə oğulların canından keçdiyi Cıdır düzündə qurulan səhnədə çaldığım nağaranın səsi Şuşanın qayalarında, dağlarında əks-səda verməsi düşmənə göz dağı verdi. Hətta festivaldan sonra biz nağaraçıların müşayiəti ilə Cıdır düzündə yallı da gedildi. Bir il əvvəl mənfur düşmənin, Paşinyanın yallı getdiyi Cıdır düzündə o torpağın əsl sahibləri milli rəqsini, yallısını oynadı.
Oranın havası, təbiəti dünyanın heç bir yerində yoxdur. Tanrı bütün gözəllikləri cənnətimizə bəxş edib.
Tarzən Zeynalabdin Babayev illər əvvəl də dəfələrlə Qarabağ torpaqlarında tarda ifa edib. İllər sonra tarın sarı siminə yenə Qarabağ torpaqlarında toxundunuz...
-Şuşada olmaq hər bir azərbaycanlının arzusu idi. Və mən bu arzuma çatdım. Həyatımda ən xoşbəxt günüm idi. İşğaldan əvvəl Qarabağda çox qastrol səfərlərində olmuşam. Sonuncu dəfə 1985-ci ildə Şuşada olmuşdum. Azərbaycanın bu dilbər gusəsinə 30 il idi ki, həsrət qalmışdıq. Amma inanırdım ki, biz bir gün mütləq o torpaqlara qayıdacağıq. Şükürlər olsun ki, bu həsrət bitdi və biz Şuşaya gedən ilk sənət adamlarından olduq. Çox musiqi festivallarında, tədbirlərində olmuşam, ancaq heç birində Şuşada yaşadığım hissləri yaşamamışam. Bu festival bir tarix idi, xalqımız üçün böyük xoşbəxtlik idi. Sözlə ifadə olunmayacaq hisslər yaşadıq biz Şuşada. Şuşa uğrunda rəşadətli ordumuz nələr etməyib ki? Şuşanın alınmasında Naxçıvanın xüsusi təyinatlarırının böyük rolu olub. “Naxçıvan” mahnısı Şuşada da səsləndi və çox bəyənildi. Muğamın, tarın, kamanın beşiyi olan o torpaqlarda tarın səsi də eşidildi, “Şuşanın dağları” mahnısı yenidən Şuşa dağlarında oxundu.
İstedadlı gənc xanəndə Kənan Bayramovun ifasında çox bəyənildi, hamını duyğulandırdı bizim “Bayatı-şiraz”ımız. Bu məhşur bayatı “Qarabağ şikəstəsi” ilə Şuşa səmasında qovuşdu. Bizimlə bərabər həsrət nəğməmiz də vüsalına çatdı. “Qarabağ şikəstəsi” oxunanda səmada uçan qartal o torpağın qartal vüqarlı sahiblərinin gəlişini car çəkirdi sanki. Bir sözlə, Şuşada olan musiqi festivalı, bütün Qarabağ səmasını işıqlandıran o atəşfəşanlıq möhtəşəm idi və biz bu festivalda ifalarımızla düşmənin bağrını yardıq, onlara dağlarda toy tutduq və həm də işğaldan əvvəl Şuşada keçirilən mədəni tədbirlərimizi bərpa etdik.
Türkanə Əmoyeva
“NUHÇIXAN”