“Tariximizi qoruyaq və yaşadaq” aksiyasında məktəblilər 200-dən çox eksponat toplayıblar - FOTOLAR
Təhsil nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, bununla bağlı baş tutan tədbirdə çıxış edənlər muxtar respublikada müstəqillik dövründə mədəniyyətin və incəsənətin inkişafında əldə edilən uğurlardan danışıblar.
Qeyd olunub ki, “Tariximizi qoruyaq və yaşadaq” devizi altında baş tutan aksiyada əsas məqsəd tariximizin öyrənilməsi ilə yanaşı onun qorunması və yaşadılması istiqamətində müəllim və şagirdləri fəal iştirakçıya çevirmək, onlara qədim maddi-mədəniyyət nümunələrini toplayaraq muzeylərin zənginləşdirilməsi işinin vətəndaşlıq borcu olduğunu aşılamaqdır. Bu il də davam etdirilən aksiya çərçivəsində müəllim və şagirdlərimiz tərəfindən qədim maddi-mədəniyyət nümunələri, o cümlədən şəxsi kolleksiyalarda toplanmış tarixi və bədii əhəmiyyət daşıyan 200-dən çox toxuculuq məmulatları, məişət əşyaları, təsərrüfat alətləri, pul nümunələri və digər məmulatlar toplanaraq bir araya gətirilib.
Tədbirdə “Tariximizi qoruyaq və yaşadaq” devizi altında keçirilmiş aksiyada fəal iştirak edənlərə təşəkkürnamələr verilib.
Tədbirin sonunda toplanmış eksponatlardan ibarət sərgiyə baxış olub. Qədim maddi-mədəniyyət nümunələri, o cümlədən şəxsi kollegiyalarda toplanmış tarixi və bədii əhəmiyyət daşıyan toxuculuq məmulatları, məişət əşyaları, təsərrüfat alətləri, pul nümunələri və digər tarixi əhəmiyyət daşıyan maddi-mədəniyyət nümunələri Təhsil Nazirliyi tərəfindən Mədəniyyət Nazirliyinə hədiyyə edilib.