Bəhruz Kəngərli Muzeyinin yaradılmasından 20 il ötür - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2001-ci il 22 may tarixli Sərəncamı ilə  yaradılmış Bəhruz Kəngərli Muzeyinin   20 yaşı tamam olur.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu  münasibətlə muzeydə tədbir keçirilib.

Tədbirdə   muzeyin direktoru Səbinə Əlincəli  çıxış edərək  görkəmli rəssam  Bəhruz Kəngərlinin həyat və yaradıcılığından bəhs edib. Bildirib ki, Bəhruz Kəngərlinin adı Azərbaycan təsviri sənət tarixinə qızıl hərflərlə yazılıb. Azərbaycan realist rəssamlığının banisi  30 illik ömür yaşasa da, məhsuldar yaradıcılığı ilə bir neçə ömrə bərabər sənət inciləri yaradıb. Bəhruz Kəngərlinin zəngin bədii irsi ilə XX əsr Azərbaycan təsviri sənətində yenicə formalaşmağa başlayan bir çox janrların inkişafında əvəzsiz rolu olub. Qeyd olunub ki, onun əsərlərində təbiət, tarixi abidələr və vətənpərvərlik mövzusu qırmızı xətlə keçir. Xalqımızın başına gətirilən müsibətləri, ermənilər tərəfindən doğma yurdundan zorla qovulmuş azərbaycanlı qaçqınların taleyini əks etdirən “Qaçqınlar” silsiləsinə daxil olan əsərlər bu baxımdan xüsusilə diqqəti cəlb edir. Dövrünün reallıqlarını əsərlərində böyük şövqlə təsvir edən Bəhruz Kəngərli xalqımız qarşısında mühüm xidmətlər göstərib. Rəssamın “İlanlıdağ”, “Ağrıdağ”, “Əshabi-Kəhf”, “Nəhəcir dağı”, “Qızlar bulağı şəlaləsi”, “Dağ mənzərəsi”, “Qara dəniz” silsiləsinə daxil olan əsərləri yüksək bədii sənətkarlıq nümunələridir. Rəssam, həmçinin Naxçıvanda ilk fərdi sərgisini təşkil etməklə sərgi mədəniyyətinin əsasını qoyub.

Bildirilib ki, ölkəmiz müstəqillik qazandıqdan sonra  Bəhruz Kəngərli  yaradıcılığına da böyük qiymət verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2001-ci il 22 may tarixli Sərəncamı ilə   Bəhruz Kəngərli Muzeyi yaradılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  Sərəncamı ilə 2012-ci ildə  realist rəssam Bəhruz Kəngərlinin anadan olmasının 120 illik yubileyinin ölkə miqyasında keçirilməsi, 2013-cü ildə muzeyin yenidən qurulması, əsərlərindən ibarət albom-kataloqun nəfis tərtibatla nəşr olunması, Ali Məclis Sədrinin müvafiq Sərəncamı ilə  2016-cı ildə Naxçıvan şəhərində Bəhruz Kəngərli adına Rəssamlar Parkının  yaradılması vətənpərvər rəssamın xatirəsinə dərin hörmət, tarixi şəxsiyyətlərimizin yaradıcılığna verilən böyük qiymətdir.

Sonra muzeyə baxış olub. Məlumat verilib ki, muzey binas birinci mərtəbəsində 2 iş otağı, fond və 4 ekspozisiya zalı, ikinci mərtəbəsində isə 4 ekspozisiya zalı və Heydər Əliyev xatirə otağı yerləşir. 200 eksponatla fəaliyyətə başlayan muzeydə bu gün 1300 eksponat var. Onların 338-i ekspozisiyada nümayiş etdirilir.  Muzeydə rəssamın  61 orijinal əsəri, əsərlərinin  fotoşəkilləri, Kəngərlilər sülaləsinə aid fotoşəkillər və digər eksponatlar yer alır.

                                                                  Hafizə Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: