Xalq rəssamı Tahir Salahov - təsviri sənətin görkəmli nümayəndəsi

A- A A+

Böyük ənənələri, çoxəsrlik tarixi və görkəmli yaradıcıları olan Azərbaycan təsviri sənətinin tarixində dünya şöhrətli görkəmli rəssam Tahir Salahovun zəngin yaradıcılığı xüsusi bir mərhələ təşkil edir.

Özünün dərin kökləri etibarilə mənsub olduğu xalqın keşməkeşli taleyinə, zəngin dərin mənəviyyatına və davamlı təsviri sənət ənənələrinə bağlı olan Tahir Salahovun rəngkarlıqda nümayiş etdirdiyi orijinallıq və müasirləşmə onu bənzərsiz fərqli rəssam kimi böyük sənətin geniş meydanına çıxarmışdır.

Qürur hissi ilə demək mümkündür ki, Tahir Salahov nəinki Azərbaycanda, hətta dünya miqyasında geniş şöhrət qazanmış, özünün böyük sənət məktəbini yaratmışdır.

Keçmiş Sovet İttifaqında və Qərbdə Tahir Salahov sərt realizm cərəyanının əsas yaradıcısı kimi qəbul olunmuşdur. Azərbaycan təsviri sənətində Soltan Məhəmməd Təbrizi miniatür məktəbinin yaradıcısı, Bəhruz Kəngərli  realist rəssamlıq məktəbinin banisi, Əzim Əzimzadə mahir karikatura ustadı, Toğrul Nərimanbəyov böyük kompozisiya rəssamı, Səttar Bəhlulzadə rəngkarlığın şairi, Mikayıl Abdullayev, Oqtay Sadıqzadə portret ustası, Maral Rəhmanzadə mənzərə rəssamı, Elmira Şahtaxtinskaya plakat rəssamı, Fərhad Xəlilov avanqard məktəbin rəhbəri, Arif Hüseynov qrafika rəssamlığının istedadlı yaradıcısı, Cavad Mircavadov modernizmin, Arif Əziz rəngkarlıqda “bəyaz dünya”nın, Sakit Məmmədov opalizm xəttinin qurucusu, Ülviyyə Həmzəyeva mifoloji baxışlara malik istedadlı rəngkar kimi böyük sənətdə özlərinə məxsus yol açmış, tanınmış və şöhrət qazanmışdılar. Xalq rəssamı Tahir Salahovun rəngkarlıqda açdığı sərt realizm üslubu tamamilə orijinal olub, Azərbaycan təsviri sənətini yeniləşdirmiş və daha da müasirləşdirmişdir. Haqlı olaraq bu görkəmli sənətkarı orijinallığına və böyük xidmətlərinə görə dünyanın ən məşhur rəssamları ilə müqayisə edirlər. İftixar hissi ilə demək olar ki, onun adı Van Qoq, Pikasso, Klod Mone, Xaçisika Xakusai, Salvador Dali, Zurab Sereteli, Ayvazovski, Repin, Surikov və digər dünya şöhrətli sənətkarlarla birlikdə çəkilir. Azərbaycan rəssamlığında da Tahir Salahovun xüsusi yeri və özünəməxsus mövqeyi vardır. Obrazlı şəkildə demək olar ki, Xalq rəssamı Tahir Salahov Azərbaycan təsviri sənətinin inkişafında Bəhruz Kəngərlidən sonrakı və Fərhad Xəlilovdan əvvəlki mərhələnin təkrarsız-bənzərsiz zirvəsidir. Fikrimizcə, Azərbaycan musiqi sənətində Qara Qarayev, şeirdə Səməd Vurğun və Rəsul Rza, heykəltaraşlıqda Ömər Eldarov hansı zirvədə dayanırsa, Tahir Salahov da sənəti baxımından həmin yüksək mövqedə qərar tutmuşdur. Tahir Salahov Azərbaycan təsviri sənətinə dünya şöhrəti qazandırmış görkəmli rəssamdır.

Hələ sovet hakimiyyəti illərindən etibarən böyük fırça ustası Tahir Salahov rəssamlıq sənəti üçün təsəvvür edilməyən çətin mövzularla həyatın görünməyən və ya az görünən tərəflərini tünd boyalarla sənətdə ifadə etmək vəzifəsini ciddi bir iradə ilə həyata keçirmişdir. İstifadə etdiyi rənglərin tündlüyünə və ya təsvir etdiyi mövzuların gərginliyinə, həmçinin rəsmlərindəki çətin həyat notlarının bədii ifadəsinə istinad edərək, Tahir Salahovu sərt realizm cərəyanının yaradıcısı kimi qəbul edirlər. Hətta Azərbaycanda və keçmiş Sovet İttifaqı miqyasında rəngkarlıqda tədricən ardıcıllarının, davamçılarının, yaxud bənzərlərinin meydana çıxması ilə təsviri sənətdə Tahir Salahovun “surovıy realizm” - sərt realizm məktəbi yaranmışdır.

Xalq rəssamı Tahir Salahovun timsalında meydana çıxmış “surovıy stil” - “sərt üslub” anlayışı sənət nəzəriyyəsi baxımından “sərt realizm” mənasını daşıyır. Metod və üslub ədəbiyyat və sənət cərəyanlarının istiqamətini müəyyən edən “izmin” əsas təzahür formalarından biri olduğu üçün Tahir Salahova məxsus “sərt üslub” da elmi şəkildə “sərt realizm” mənasını bildirir. Tahir Salahov özü də “sərt realizm” yaradıcılıq üslubunu və ya cərəyanını stalinizmdən sonra meydana çıxmış və həyat həqiqətlərinə əsaslanan bir yaradıcılıq istiqaməti hesab etmişdir. Onun fikrincə, “bu istiqamət Sovet İttifaqında 1950-ci illərin sonlarında, Stalinin ölümündən sonra yaranmışdır. O vaxta qədər hamı belə alışmışdı ki, təsviri incəsənət insanı şadlandırmalıdır. Ancaq bizim nəsil “istiləşmə” dövrünü (Xruşşov mərhələsini - İ.H.) keçmişdir və həqiqəti, o cümlədən sərt gerçəkliyi göstərmək istəmişdir. Lakin bu sərtlik - o da nikbinlikdir, ancaq həyatın reallıqlarından doğulur... Tədricən bu məktəb qəbul olundu”.

Qüdrətli fırça ustası Tahir Salahov əvvəl SSRİ məkanında və Azərbaycanda, sonra isə Qərbdə və dünyada “surovıy stilin” - sərt realizmin əsas yaradıcısı hesab olunmuşdur. Bu, əslində sosialist realizmi ilə eyni olmayan, həyatın yalnız nikbin meyillərini deyil, cəmiyyətin sərt üzünü, insanın və onu əhatə edən mühitin gərgin məqamlarını da sənətdə canlandıran yeni tipli sənət istiqamətidir. Lakin Tahir Salahovun müraciət etdiyi mövzular sosialist realizminin “ənənəvi mövzu dairəsinə” uyğun olduğuna, yaradıcılığında dövr üçün aktual olan neft və fəhlə mövzuları üstünlük təşkil etdiyinə görə onun sovet təsviri sənətinin vahid yaradıcılıq metodundan fərqli bir sənətkar olduğu zahirən heç kəsin ağlına belə gəlməmişdir. Xüsusən XX əsrin altmışıncı illərindən sonra “surovıy realizm” üslubu sosialist realizmi yaradıcılıq metodunun təzahür formalarından biri kimi təsəvvür olunmuşdur. Əslində isə Tahir Salahovun yaradıcılığına aid edilən “surovıy stil” - “sərt realizm” anlayışı ədəbiyyatda və incəsənətdə sovet hakimiyyətinə qədər mövcud olmuş tənqidi realizm məktəbi mənasını daşıyan və sovet gerçəkliyi üçün səciyyəvi olmayan bir sənət cərəyanı idi. Tahir Salahov istehsalat mövzusu fonunda yaratdığı böyük sənət şedevrləri ilə sosialist realizmi şəraitində tənqidi realist istiqaməti inkişaf etdirməyi bacarmışdır. Sadəcə vahid sosialist realizmi yaradıcılıq metoduna əsaslanan keçmiş sovet ideologiyası zamanında tənqidi realist olmağı açıq etiraf etmək mümkün deyildi. Bununla belə, Tahir Salahovun tənqidi realist rəssam olduğunu qeyri-rəsmi şəkildə olsa da, mütləq əksəriyyət həmişə qəbul etmişdir. Görkəmli sovet rəssamlarından Pavel Nikonov, Viktor İvanov, Qeliy Korjev və başqaları da sərt üslubda orijinal rəsm əsərləri çəkmişlər. Lakin bütövlükdə rəssamlıqda keçmiş ittifaq miqyasında sərt realizm sənət məktəbini yaratmaq Tahir Salahova məxsus mühüm xidmətdir.

Boyakarlıq sənətinin ecazkar dili ilə ciddi ictimai mətləbləri yüksək səviyyədə ifadə etməyi bacarmaq Tahir Salahov sənətinin özünəməxsusluğunu müəyyən edir. Tahir Salahov təsviri sənətdə rəsm əsərləri vasitəsi ilə fikir, düşüncə, ideya, mövqe bildirmək missiyasını həyata keçirmənin qüdrətli yaradıcısıdır. Onun hər rəsm əsərinin sadəcə olaraq yaxşı, cəlbedici mövzusu və ya görüntüsü yox, bununla bərabər, daha çox öz mənası, fəlsəfəsi vardır. Bu mənada Tahir Salahov mütəfəkkir rəssamdır. O, mütəfəkkir sənətkar olduğunu yalnız sənət haqqındakı elmi-nəzəri görüşləri ilə deyil, təsviri sənətin özü vasitəsilə, rənglərin dili ilə mənalandırdığı sərt və müdrik mesajlarla nümayiş etdirir.

Sərt cizgilər, tünd rənglər Tahir Salahovun rəsm əsərlərinin əsas bədii ifadə vasitəsidir. Seçilmiş mövzuların və obyektin ciddiliyi ilə rənglərin sərtliyi Tahir Salahovun sənətində bir-birini üzvi surətdə tamamlayır. Tahir Salahov dalğanı, qasırğanı, tufanı, vulkanı, təlatümü öz rəngində, bütün təbiiliyi ilə çəkməyi bacarmışdır. Adam onun bir-birindən fərqli mövzularda çəkilmiş əsərlərinə baxanda özünü sanki həmin əsərlərdə təsvir olunan mühitdə və ya aurada hiss edir. Ona görə də Tahir Salahovun çəkdiyi rəsm əsərləri kağızdan, kətandan qəlbə, düşüncəyə yol tapa, tamaşaçı mühitinə fəal təsir göstərə bilir.

Xalq rəssamı Tahir Salahovun  sənəti əslində onun  yaradıcılığında aparıcı olan aşağıdakı üç rəngin harmoniyası üzərində qurulmuşdur: qara, qırmızı və ağ. Doğrudur, Tahir Salahov digər rənglərdən yerli-yerində istifadə etməkdə də məharət göstərmişdir. Lakin əsərlərindəki digər rəng effektləri onun sənəti üçün xarakterik olan qara, qırmızı və ağ rənglərin kölgəsində qalmış və bu əsas rənglərin “əlavəsi”, çaları kimi köməkçi rənglər funksiyasını daşımış, ayrı-ayrı əsərlərdə aparıcı rənglərin ifadə etdikləri mənaların daha aydın və cəlbedici şəkildə çatdırılmasına yardımçı olmuşlar.

Başlanğıc mərhələdə Tahir Salahov rəssamlıq fəaliyyətinə nisbətən açıq rəngdə çəkdiyi əsərlərlə başlamışdır. Onun 1957-ci ildə Surikov adına Rəssamlıq İnstitutunda tələbə ikən diplom işi kimi çəkdiyi “Növbədən qayıdarkən” adlı rəsm əsərində tündvari açıq rənglərdən istifadə olunmuşdur. Əslində diplom işi kimi əla qiymətə layiq görülmüş “Növbədən qayıdarkən” rəsmi Tahir Salahovun yaradıcılığı üçün xarakterik olan bir çox keyfiyyətləri özündə cəmləşdirir. Əvvəla bu, sonralar Tahir Salahovun yaradıcılığında geniş yer tutan Xəzər mövzusunun mükəmməl bir başlanğıcıdır. İkincisi, nisbətən açıq rəngdə çəkilməsinə baxmayaraq, bu əsərdə işdən qayıdan insanların yorğunluğu, gərginliyi və iradəsi bütün sərtliyi ilə ifadə olunmuşdur. “Növbədən qayıdarkən” rəsmi Tahir Salahovun yaradıcılığındakı sərt üslubun ilk klassik nümunəsidir. Üçüncüsü, əsasən zahirən açıq boya ilə çəkilmiş bu əsərdə sonralar Tahir Salahovun yaradıcılığında üstünlük qazanmış qara, qırmızı və ağ rənglərin ilkin cizgilərini görmək mümkündür.

Diqqətlə nəzər salınarsa, Tahir Salahovun yaradıcılığında uzun dövr ərzində qara rəngdən istifadə edilməsi birincilik qazanmışdır. Sənətkarın daha çox müraciət etdiyi Xəzər nefti, istehsalat mövzusu, neftçi və fəhlə obrazları ilə yağlı qara boyanın yaratdığı effektlər bir-birini tamamlamışdır. Həm də Tahir Salahovun yaratdığı sərt realist üslub üçün də açıq rənglərin fonunda tünd və qara rənglərdən yaradıcı şəkildə istifadə etmək yerinə düşmüş, müraciət olunan mövzunun və ya obrazın əsas cizgilərini canlandırmağa xidmət etmişdir. Məşhur “Səhər eşalonu” (1958), “Neftçi” (1959), “Təmirçilər” (1960), “Qara Qarayev” (1960), “M.Ə.Sabir” (1962), “Qız qalası” (1969), “Nardaran kəndi” (1974), “Venetsiya. Böyük kanal” (1979), “Babək” baletinə eskiz” (1983), “Çikaqo” (1987), “Parisin payız görkəmi” (1989), “Firudin Şuşinskinin portreti” (1994) və sair kimi rəsm əsərlərində qara və ya tünd rənglər mövzunun bədii həllində aparıcılıq təşkil etmişdir. Nəticə etibarilə qara rəng Tahir Salahov sənətində həyatın dərinliklərinin təsvirinə, cəmiyyət hadisələrinə sərt sənətkar mövqeyinin ifadə olunmasına münasib şərait yaratmışdır. Qara rəngin yaratdığı ovqat Tahir Salahov sənətində sərtlik, ciddilik, gerçəklik kimi mətləbləri ifadə edir. Ağ rəngdən isə Tahir Salahov qara rəngdə çəkilmiş əsərləri üçün təzad yaratmaq üçün məharətlə istifadə etmişdir. Məhz ağ rənglə qara rəngin yaratdığı soyuq effekt, bədii təzad Tahir Salahovun yaradıcısı olduğu sərt realizmin əsas ifadə vasitəsidir.

Tahir Salahov sənətində  qırmızı rəngin də özünəməxsus yeri və mənası vardır. Doğrudur, Tahir Salahovun əsərlərində digər rənglərlə, xüsusən ağ və qara rənglərlə müqayisədə qırmızı rəng nisbətən az istifadə edilmişdir. Halbuki tünd qırmızı rəng Tahir Salahovun sərt realizmi - tənqidi realizmi üçün daha münasib rəng hesab oluna bilərdi. Ancaq Tahir Salahov rəsm əsərlərini tünd qırmızı rənglə boyamaqdansa, fikirlərini yerli-yerində, dozada, kiçik miqyasda işlətdiyi qırmızı rənglə ifadə etməyə üstünlük verir. Məsələn, onun “Neftçi” adlı rəsm əsərində (1959) bütün cizgiləri mazut rəngində olan Bakı neftçisinin yalnız müştüyünün qırmızı rəngdə olması əslində məcazi mənada sovet dövründə Azərbaycan neftinin sümürülüb aparılması mətləbini çox dolğun şəkildə ifadə edir. Lakin sovet incəsənətində isə neftçinin qırmızı müştüyü neft sənayesində çalışan qırmızı bolşevizmin əsas daşıyıcısı olmuş fəhlə sinfinin zəhmətinin nikbin bədii ifadəsi kimi başa düşülmüşdür. Yaxud məşhur  “Bəstəkar Dmitri Şostakoviçin portreti” əsərində (1976) təsvir olunmuş qırmızı divan bu böyük sənətkarın narahat həyatını, onun sanki qan çanağı üstündə oturması fikrini dəqiq şəkildə mənalandırır. Tamaşaçı dalğın vəziyyətdə qırmızı divanın üstündə oturmuş böyük bəstəkarın portreti ilə onun arzu etdiyini yazmaqda və ya ifa etməkdə çətinlik çəkdiyini başa düşə bilir. Və yaxud sərt rənglərlə və cizgilərlə çəkilmiş “Xalq şairi Rəsul Rzanın portreti”ndə (1971) onun kitabının cildinin qatlanan hissəsində yerləşdirilmiş kiçik qırmızı qələm azadlığa, müstəqilliyə meyilli sənətkarın əsərlərində örtülü şəkildə qan qoxulu ciddi mətləblərin, ictimai fikirlərin ifadə olunduğunu nəzərə çarpdırır. Bir sıra rəsm əsərlərində qırmızı rəngdən istifadə etməsə də, yaxud edə bilməsə də görkəmli sənətkar qurduğu kompozisiyaya müxtəlif vəziyyətlərdə təqdim olunmuş, yaxud emalatxana şəraitində bankanın içərisinə salınmış qırmızı fırçanı daxil etməklə rəssam kimi düşüncəsini həmin əsərdə hiss etdirməyə nail olmuşdur. Belə məqamlarda qırmızı rəngli fırça sanki döyüşçünün atılmamış, ehtiyat üçün saxladığı patron təsirini bağışlayır. Bu formatda Tahir Salahovun rəsmlərində fırçanın ucu boyda olan qırmızı rəngin daşıdığı məna təqdim olunan rəsm əsərinin zahiri görkəmində yox, assosiativ şəkildə, şüuraltı səviyyədə sənətin mahiyyətində öz əksini tapır. Məsələn, “Bəstəkar Qara Qarayevin portreti” adlı möhtəşəm rəsm əsərində (1960) qırmızı rəng yoxdur. Lakin Tahir Salahov ustad sənətkara məxsus royalın üstündə özünün istifadə etdiyi fırçalardan birini təsvir etməklə, həm də ən alt qatda olan qırmızı rəngli fırça vasitəsilə dünya şöhrətli bəstəkarın yaradıcılığının dərin fəlsəfəsini nəzərə çarpdırmağa müvəffəq olmuşdur. Bu rəsm əsərindəki rənglərlə və xüsusən qırmızı rənglə Qara Qarayevin məşhur “İldırımlı yollarla” baletinin ideyası arasında mükəmməl bir harmoniya vardır.

Görkəmli dövlət xadimi Heydər Əliyevin portreti əsərində də Tahir Salahov rənglərin mütənasib harmoniyasından şəxsiyyətin qüdrətini əks etdirmək üçün bacarıqla istifadə etmişdir. Bakı şəhərinin seçilmiş fraqmentlərinin fonunda çəkilmiş portretin ətrafındakı pəncərədən nəzərə çatdırılan tündvari Xəzər görüntüləri Ulu Öndərin Azərbaycan üçün çətin bir dövrdə hakimiyyətə gəldiyini göstərir. Çox qətiyyətli duruşu və iti baxışlarının təsviri onun Xəzərin bulanıq səmasını dəyişib açmağa qadir olan dövlət başçısı olması fikrini ifadə edir. Prezident Heydər Əliyevin tünd qırmızı qalstuku isə onun dönməz mövqeyini, istənilən çətin mübarizədə qalib gəlmək əzmini mənalandırır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev də həmişə Tahir Salahovun sənətini və şəxsiyyətini yüksək qiymətləndirmiş, ən çətin məqamlarda ona dəstək olmuşdur.

Tahir Salahov Fikrət Əmirovun portretini çəkərkən (1967) də bu görkəmli sənətkarı qırmızı köynəkdə təqdim etməsi səbəbsiz olmayıb, onun yaradıcılığının qayəsini, xüsusən vətəndaş sənətkarın zamanla mücadilədə olması mətləbini mənalandırmışdır. Abşeron motivləri silsiləsində keçən əsrin altmış-səksəninci illərində çəkilmiş çoxsaylı rəsmlərin mütləq əksəriyyətində də cüzi şəkildə istifadə olunan, bəzən hətta nöqtə boyda qeyd edilən qırmızı rəngdən Azərbaycanın sərvətlərinin özünə qismət olmaması, yaxud zor dönəmdə xalqın öz sərvətlərinə sahib olmasının çətinlikləri örtülü vasitələrlə öz əksini tapmışdır. Tahir Salahovun yaradıcılığında sovet dövrünə aid boş qalmış Abşeron kəndləri, küçələrində adam görünməyən Bakıətrafı bağlar, uçub dağılmaq təhlükəsi içində olan qədim Abşeron abidələri kətan üzərinə köçürülərkən tünd, sərt rənglər və cizgilər ön mövqeyə çəkilmişdir. Tahir Salahov bu qəbildən olan sərt rənglərlə çəkilmiş əsərlərində yalnız imzası kimi “T.Salaxov” sözlərini qırmızı rənglə yazmaqla kifayətlənmişdir ki, əslində bu da sənətkarın müəllifi olduğu rəsm əsərində vətəndaş narahatlığının ifadə edildiyinə mənalı bir işarədir. Tahir Salahovun natürmort çəkmək üçün də iri qırmızı bibəri seçməsi tünd qırmızı rəngin onun yaradıcılığındakı ideya-fəlsəfi funksiyasını aydınlaşdırmağa bir daha kömək edir. Bütün bunlara görə Xalq rəssamı Tahir Salahovun əsərlərindəki fikirləri, mətləbləri, ideyaları müəyyən etməkdə qırmızı rəng açar rolunu oynayır. Qırmızı rəngin çalarlarını düzgün müəyyən etmədən əsərlərində Tahir Salahovun nə demək istədiyini tam mənası ilə tapmaq, dərk etmək çətindir. Qırmızı rəng Tahir Salahovun rəsmlərinin fəlsəfəsini ifadə edir.

Müşahidələr göstərir ki, Tahir Salahovun yaradıcılığında tünd qırmızı rənglə yanaşı, açıq qırmızı rəngin məna çalarında fərqlər vardır. Belə ki, “Ana” portretini çəkərkən, qızı balaca Aydanı kətan üzərində canlandırarkən (1965-1967), “Koroğlu” operası üçün geyim eskizləri hazırlayarkən (1975) görkəmli rəssamın istifadə etdiyi açıq qırmızı rənglər milli düşüncəni, xalqın qüdrətini, ümidləri və arzularını mənalandırmağa xidmət edir. “Çiçəkləyən nar” rəsmindəki (1978) yaşıl yarpaqların arasında işıq kimi yanan qırmızı çiçəklərdə də nikbin notlar aşkar hiss olunur. Rəssam asfalt rəngində olan bankada yetişdirilən çiçəkləmiş nar ağacının timsalında, ən zor şərtlər altında olsa da, mənsub olduğu xalqın ən çətin şəraitdə də yaşamaq əzminin mövcudluğuna, tərəqqi edəcəyinə inamını nəzərə çarpdırmışdır. “Naxçıvan dağları” rəsmində (1971) qırmızı rəng Kiçik Qafqaz dağlarının Naxçıvan silsiləsinin özünəməxsus fərqli görkəmi ilə yanaşı, həm də qürur və əzəmət mənalarını ön mövqeyə çıxarır. Başqa məqamlarda isə Tahir Salahovun rəsm əsərlərinin ətəyində qırmızı rəngdə yazdığı “T.Salaxov” imzasından həm də keçmiş sovet dövründə senzuranı yayındırmaq üçün orijinal priyom, düşünülmüş üsul kimi də faydalanılmışdır. Əslində isə familiyanı bildirən sözlərin rəngində də mövzu ilə bağlı notlar ifadə olunmuşdur.

Demək olar ki, bütün planeti gəzmiş, dünyanı görmüş, geniş dünyagörüşə malik Tahir Salahovun beynəlxalq mövzularda çəkdiyi çoxsaylı əsərlər ilk növbədə Azərbaycan xalqını Yer kürəsinin müxtəlif guşələrində yaşayan ölkələrin, xalqların, insanların həyatı ilə tanış etməyə hesablanmışdır. Bununla belə o,  bilərəkdən xarici mühitə köçürülmüş mövzular vasitəsilə keçmiş sovet cəmiyyətindəki mənfi halları, nöqsanları tənqid etmək, yaxud milli azadlıq və müstəqillik düşüncələrini mənalandırmaq məqsədini də izləmişdir. Məsələn, Çexoslovakiya həyatından çəkilmiş rəsm əsərində Praqa şəhərinin təsvirindən daha çox 1961-ci ildə sovet qoşunlarının Mərkəzi Avropadakı işğalçılıq niyyətlərinə etiraz notları öz əksini tapmışdır. Bu əsərdə uzaqdan qara kabus kimi görünən vahiməli tankın gəldiyi küçənin döngəsində təsvir olunmuş “Stop” (Dur!) - yol nişanı hərəkəti tənzimələyən işarəni bildirən tablodan çox işğalçılıq, təcavüzkarlıq niyyətlərinə son qoyulması fikrini mənalandırır. Yaxud onun 1961-1967-ci illərdə çəkilmiş əsərlərindəki tünd görkəmin İtaliya, Almaniya və Praqa motivlərinin təsvirlərinin Bakı şəhəri ilə səsləşməsi sosialist realizmi metodu dövründə Vətənlə, doğma ölkə ilə bağlı məsələlərin beynəlxalq mövzular vasitəsilə canlandırıldığını bir daha təsdiqləyir.

Planetin müxtəlif ölkələrində təşkil edilmiş sərgilər vasitəsilə görkəmli Azərbaycan rəssamı, qüdrətli fırça ustası Tahir Salahovu bütün dünya tanımışdır. Deməli, Tahir Salahovun sənəti vasitəsilə beynəlxalq aləm həm də Azərbaycanı bir daha tanımaq imkanı qazanmışdır. Mövzusundan, üslubundan, yanaşma tərzindən asılı olmayaraq, Tahir Salahovun əsərlərinin əksəriyyətində mütləq bir parça, bir ovuc Xəzər effekti, bir cizgi Abşeron rəngi, ovqatı təsvir edilmişdir. Tahir Salahov milli təsviri sənətimizdə möhtəşəm bir Xəzər epopeyasının, yaxud Abşeron dastanının yaradıcısıdır. Mahir rəssamın nadir fırçasından çıxmış “Təmirçilər” (1960), “İşdən qayıdarkən” (1957), “Səhər eşelonu” (1958), “Abşeron qadınları” (1967), “Xəzərdə” (1967), “Nardaran kəndi” (1974), “Dənizdə buruqlar” (1968), “Xəzərdə qayalar” (1969), “Xəzərdə axşam” (1972), “Eyvanda” (1977), “Mərdəkan qalası” (1978), “Xəzərdə tufan” (1978), “Nardaranda küçə” (1978), “Xəzərdə sahil” (1980) və sair kimi rəsm əsərlərindən hər biri təsviri  sənətimizdə hadisə kimi qarşılanmışdır. Əslində Tahir Salahovun tünd rənglərlə ifadə olunan sərt realizmində Abşeron cizgiləri, Xəzər motivi, əncir ağacı notları həyati gerçəklikləri,  aydınlığı, Vətən sevgisini, ümidi və inamı, mübarizə əzmini, iradəni dolğun şəkildə ifadə edərək mənalandırır.

Bununla belə, Tahir Salahov sənətində, xüsusən son dövrlərdəki rəsmlərində müəyyən lirizm, romantika elementləri də müşahidə olunur. Bu isə öz növbəsində Tahir Salahovun rəsm əsərlərində ilk növbədə ağ rəngdən istifadə üçün zərurət yaradır. Sovet hakimiyyəti illərində Tahir Salahovun yaradıcılığında ağ rəngin bir neçə əsas çaları diqqət mərkəzində olmuşdur. Görkəmli rəssam ağ rəngdən daha çox Abşeron peyzajı mövzusunda çəkdiyi rəsmlərdə istifadə etmişdir. Ağ rəng Tahir Salahova əyri-üyrü Abşeron küçələrini, əncir bağlarını, üfüqi, çiçəkləri göstərmək üçün lazım olmuşdur. Bunlardan başqa, Tahir Salahov tünd rəngdə təqdim etdiyi hər hansı bir rəsm əsərində, məsələn, “Abşeron qadınları” rəsmində diqqəti hər hansı məqama yönəltmək, qadın obrazlarını fərqləndirmək üçün ağ effektə də müraciət etmişdir. Tahir Salahovun rəsmlərində tünd, qara rənglər içərisində bir az ağ rəngdə təsvir heç vaxt təsadüfi olmayıb, tamaşaçıya əsas mətləbi “diktə” etməyə xidmət göstərmişdir. Bundan başqa, sərt realizm üçün qara və ağ rənglər təzad yaratmaq üçün də lazım olmuşdur. Yəni Tahir Salahovun rəsmlərində ağ rəng əslində qara rəngi daha qabarıq göstərməyə xidmət etmişdir. Məsələn, “Aydan rəsm çəkir”, “Köhnə Ramana”, “Xəzərdə qayalar” rəsmlərində ağ rəng təzadı və işığı mənalandırmağa yol açır. Müstəqillik illərində isə Tahir Salahovun yaradıcılığında ağ rəng mənalı bir al rəng çalarında çıxış edir. Tahir Salahovun 2007-ci ildə çəkilmiş “Odlar yurdu” kompozisiyasına daxil olan “Atəşpərəstlərin məbədi”, “Xəzər bu gün”, “Qız qalası” silsiləsində ağ rəng - al rəng effektinə çevrilmişdir. Bu rəsm əsərlərində ağ rəng tünd qırmızı rəngin al qırmızı rəng kimi məna ifadə etməsinə şərait yaratmışdır. Burada ağ rəng çaları vasitəsilə yaradılmış al qırmızı rəng Azərbaycan Respublikasının dövlət müstəqilliyi illərindəki böyük inkişafını və təntənəsini bütün reallığı ilə diqqətə çatdırmağa şərait yaradır. “Bağ çiçəkləri” (2005) rəsm əsərindəki ağ çiçəklər isə kompozisiyaya daxil olan digər rənglərdəki çiçəklərlə harmoniyanı nəzərə çarpdırmağa xidmət edir.

Beləliklə, müstəqillik dövründə qüdrətli bir sənətkar kimi Tahir Salahovun özünəməxsus üslubunu əvvəllər onun yaradıcılığında üstünlük təşkil etmiş sərt realizmlə lirik-romantik ünsürlərin qeyri-bərabər şəkildə növbələşməsi müəyyən etmişdir. Diqqət edilsə, son onillikliklərdə Tahir Salahovun yaradıcılığında tünd rənglərlə müqayisədə açıq qırmızı və ağ rəngdən istifadə ilə yaradılmış rəsm əsərləri çoxluq təşkil etmişdir. Hətta Tahir Salahovun rəsmlərində yalnız son illərdə meydana çıxmış yaşıl rəng də onun sərt tünd rənglər epoxasından uzaqlaşmaqda olmasının göstəricilərindən biridir. Bütün bunlar Tahir Salahovun yaradıcılığında sərt realizmdən romantizmə dönüşün baş verdiyini nümayiş etdirir. Daha doğrusu, müstəqillik illərində Xalq rəssamı Tahir Salahov realist-romantik sənətkar kimi ölkəmizin yeni dövranını və müasir insanı ilhamla vəsf etməyə üstünlük vermişdir.

Azərbaycan Respublikasının Xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı Tahir Salahov uzun illər Azərbaycan və SSRİ Rəssamlar İttifaqına sədrlik etmiş, Rusiya İncəsənət Akademiyasının vitse-prezidenti kimi elmi-pedaqoji fəaliyyətini uğurla davam etdirmişdir. Qüdrətli fırça ustası Tahir Salahov ustad bir müəllim kimi yeni nəsil rəssamların yetişib formalaşdırılmasına misilsiz töhfələr vermişdir. O, Azərbaycanın və dünyanın bir çox ölkələrində, o cümlədən Rusiyada, Fransada, Almaniyada, İspaniyada, Bolqarıstanda, Avstriyada və başqa ölkələrdə beynəlxalq akademiyaların, elmi və yaradıcılıq qurumlarının üzvü seçilmiş, yüksək mükafatlara layiq görülmüşdür. SSRİ və Azərbaycan Ali Sovetlərinin  deputatı olmuşdur.  Tahir Salahov XXI əsr dünya təsviri sənətinin ən görkəmli və böyük nüfuza malik nümayəndələrindən biri idi.

Azərbaycanda Xalq rəssamı Tahir Salahovun çoxcəhətli elmi-pedaqoji və rəssamlıq fəaliyyəti dövlət səviyyəsində yüksək qiymətləndirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Tahir Salahov ölkəmizin ən yüksək mükafatı olan Heydər Əliyev ordeni ilə təltif olunmuşdur. Müstəqil dövlətimizin “İstiqlal” ordenini daşıyan Tahir Salahov həm də Azərbaycan Respublikası Prezidentinin fəxri təqaüdçüsü idi. Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı Tahir Salahov eyni zamanda Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi fəxri adlarına layiq görülmüşdür. Görkəmli rəssam Azərbaycan Milli Elmlər Akademiyasının Üzeyir Hacıbəyov adlı mükafatını almışdır. AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda 2018-ci ilin noyabr ayında Xalq rəssamı Tahir Salahovun 80 illik yubileyinin akademiya ictimaiyyəti ilə birlikdə geniş elmi konfrans formatında qeyd olunması dünya şöhrətli böyük rəssamla alimlərin çoxillik dostluğunun və səmərəli əməkdaşlığının yaddaqalan hadisəsi idi.

Xalq rəssamı Tahir Salahov Azərbaycan təsviri sənətinə özünəməxsus sənət düşüncəsi və bənzərsiz rəngləri ilə Abşeron torpağından, Xəzərdən gəlmişdir. Tahir Salahov görkəmli bir sənətkar kimi sanki böyük sənət aləmində Xəzərdən doğan Günəş kimi parlamışdır. Ümimiyyətlə, Tahir Salahovun böyük istedadının məhsulu olan rəsm əsərlərindən  Xəzər qoxusu, neft iyi və əncir ətri gəlir. Xəzər dənizi və Abşeron torpağı Tahir Salahov üçün ölkənin sadəcə bir parçası deyildir, geniş mənada günəşli ana Vətənin ümumiləşdirilmiş rəmzidir. Günəş həyatı işıqlandırdığı və cana gətirdiyi kimi, Tahir Salahovun əsərləri də cəmiyyətin dərin qatlarına və mühüm mətləblərinə gur işıq salır, həyata, insanlığa, düşüncəyə, dünyaya və ölkə reallıqlarına aydınlıq gətirir, həmişə işığa və inkişafa çağırır.

Bənzərsiz sənət əsərləri Xalq rəssamı Tahir Salahova əbədiyaşarlıq qazandırmışdır. Dahi rəssamın hər bir əsəri onun müəllifinin ölməz sənətinin və mənsub olduğu xalqın böyük istedadının əbədiyyət vəsiqəsidir. Xalq rəssamı Tahir Salahovun parlaq adı Azərbaycan incəsənətinin tarixində və xalqımızın yaddaşında milli təsviri sənətin əfsanəsi kimi əbədi yaşayacaqdır.

Xalq rəssamı Tahir Salahov  Azərbaycan təsviri sənətinin dünyada yaşayan əfsanəsidir.

 

İsa HƏBİBBƏYLİ,

AMEA-nın vitse-prezidenti,

Milli Məclisin deputatı, akademik

"Azərbaycan" qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: