Zəngin mədəniyyətə və istedadlı musiqiçilərə malik olan doğma diyarımız Naxçıvanda ilk dəfə olaraq “Muğam lektoriyası” layihəsi həyata keçirilib. “Bayatı Qacar” muğamının instrumental ifasına həsr olunan bu lektoriya Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsində Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, fakültənin müəllimi tarzən İmamqulu Əhmədovun təşəbbüsü ilə baş tutub. Layihənin əsas məqsədi daha az ifa olunan muğamların təbliğinə və onların gələcək nəsillərə düzgün çatdırılmasına xidmət edir.
“Muğam lektoriyası” “Şərq gecələri” adlanan muğam axşamlarının bir növ davamıdır. Hələ XIX əsrin ikinci yarısında Azərbaycanın müxtəlif bölgələrində muğam axşamları keçirilirdi. Əsrlərin sınağından çıxmış muğam sənətinin təbliğinə yönələn “Şərq gecələri” sonralar “Muğam axşamları” adını aldı. Müasir dövrümüzdə “Muğam lektoriyası” da bu ənənəni gələcək nəsillərə ötürür.
“Muğam lektoriyası” layihəsi çərçivəsində müraciət olunan ilk muğam “Bayatı-Qacar” dəstgahıdır. Bu muğam “Rast” ailəsinə aiddir, lad əsası və kökü “Rast”la eynidir. Əvvəllər “Dügah” muğamının tərkibində olan “Bayatı-Qacar” daha sonra müstəqil muğama çevrilibdir. Maraqlıdır ki, “Dügah” muğam kimi geniş yayıldığı vaxtlarda “Bayatı-Qacar” həmin muğamın bir şöbəsi idi. Sonralar “Dügah” zaman keçdikcə təbəddülata uğradı və şöbə əhəmiyyətini kəsb etdi. Hazırda o, məhz “Bayatı-Qacar”ın tərkibində çalınıb-oxunur. Əlavə etmək lazımdır ki, Bayatı–Qacar bir şöbə kimi Şur dəstgahının tərkibində də “Şur-Şahnaz” ilə “Şikəsteyi-fars”ın arasında işlənir. Lakin “Şur” dəstgahında bu şöbə “Bayatı-Türk” adlandırılır.
İnsanlarda qəm-qüssə və kədər yaradan “Bayatı-Qacar”ı XIX əsrin məşhur Azərbaycan musiqişünası Mir Möhsün Nəvvab özünün “Vüzuhül-ərqam” risaləsində muğam şəklində deyil, şöbə halında göstərib. Tarzən Mirzə Fərəc Rzayev isə “Bayatı-Qacar”ı səkkiz şöbə və guşədən ibarət muğam kimi qeyd edib. Həmin şöbələr bunlardır: “Bayatı-Qacar”, “Bayatı-türk”, “Qatar”, “Bayatı”, “Çoban bayatı”, “Hacaz”, “Gəbri” və “Şikəsteyi-fars”. Hər hansı bir dəstgahın başlanğıcı və sonu olmalıdır. Lakin bu cədvəldə prinsip pozulub. “Bayatı-Qacar”la başlanan muğam, “Bayatı-Qacar”la da tamamlanmalı idi. Ancaq cədvəldə muğam “Şikəsteyi-fars”la tamamlanır.
1925-ci ildə Ü.Hacıbəylinin rəhbərliyi ilə tərtib olunan proqramda “Bayatı-Qacar” muğamı göstərilməyib. 1952-ci ildə isə tarzən Əhməd Bakıxanovun redaktorluğu ilə hazırlanmış proqramda “Bayatı-Qacar” beş şöbəli muğam kimi verilibdir: “Mayə”, “Hüseyni”, “Şikəsteyi-fars”, “Zil Bayatı-Qacar”, “Bayatı-Qacara ayaq”. Bu proqramda da çatışmazlıq ondan ibarətdir ki, “Bayatı-Qacar” “Mayə”dən başlanır, “Bərdaşt” göstərilmir. Əgər biz Mirzə Fərəcin cədvəli ilə Ə.Bakıxanovun proqramındakı “Bayatı-Qacar” muğamının şöbələrini müqayisə etsək, görərik ki, “Şikəsteyi-fars”dan başqa heç birində şöbələr təkrarlanmır.
1980-cı ildə tarzən Kamil Əhmədovun tərtib etdiyi proqramda “Bayatı-Qacar” on şöbə və guşədən ibarət idi: “Bərdaşt”, “Mayeyi-Bayatı-Qacar”, “Hüseyni”, “Şikəsteyi-fars”, “Zil Bayatı-Qacar”, “Zəminxarə”, “Dügah”, “Mavərənnəhr”, “Şah Xətai” və “Bayatı-Qacara ayaq”. Hal-hazırda da “Bayatı-Qacar” bu ardıcıllıqla ifa olunur.
Bu gün muğam öz layiqli yerini taparaq, müəyyən beynəlxalq statusda qərarlaşıb. YUNESKO səviyyəsində mühafizə edilən muğamlar beynəlxalq festivallarda səslənir, yüksək səviyyədə təbliği həyata keçirilir.
Muxtar respublikada bir ilk olaraq baş tutan “Muğam lektoriyası” layihəsinin də bundan sonra silsiləli şəkildə həyata keçirilməsi nəzərdə tutulur. Ali təhsil ocağında davamlı şəkildə baş tutacaq layihə milli musiqi xəzinəmizin incisi olan muğamlarımızın gənclər tərəfindən daha yaxşı mənimsənilməsinə, bu mədəni irsin qorunub saxlanılmasına, eləcə də təbliğinə müsbət mənada təsirini göstərəcək.
Rumiyə Məmmədova
Naxçıvan Dövlət Universiteti
İncəsənət fakültəsi “Musiqinin tarixi və nəzəiyyəsi” kafedrasının müəllimi