Vaxtilə Naxçıvan memarlıq məktəbinin bir qolunu da Ordubad təşkil edibdir. Təsadüfi deyil ki, Azərbaycanın memarlıq abidələrinin bir çoxu bu rayonun ərazisində yerləşir.
Rayondakı tarixi memarlıq abidələrindən Malik İbrahim məscidi, Mingis məscidi, Qeysəriyyə binası, Buzxana, Məbəd, yeraltı tikililər, XIX əsr hamamı bərpa edilibdir. Qədim Cümə məscidində isə əsaslı surətdə təmir-bərpa işləri davam etdirilir.
Nüsnüs kəndi Ordubad şəhərindən 7 kilometr aralı başbaşa vermiş üç dağın arasında yerləşir. Çox gözəl havası var. Bu kənd vaxtilə Ordubad elinin mühüm oylaqlarından biri imiş. Kənddə indi də keçmiş dövr ilə əlaqədar yer adları qalmaqdadır. Obana, Sərcur və sair.
Sərcur sərin su bulağı deməkdir. Kənddəki yer adlarından Şamxalan, Xamxalan daşı, Satdağı, Mülküm dərə, Şabadan dərəsi, Pir dərəsi, Mehri, Avahiz, Əmiran, Gülləzəmi, Top və sair (Güləman, Kahalar, Qaroğuz bağı, Püştə ovadərə, Diyaq, Şah çeşməsi, Qələgüney və sair) qədim toponimlərdir.
Bu adların hamısının öz mənası olmuş və həmin məkanın xüsusiyyətini özündə əks etdiribdir.
Nüsnüs kənd hamamı hazırda istifadə edilmir. Biz də elə bu binadan söhbət açacağıq. Hamamın ətraf zonası Murqalan adlanır. Onun bünövrəsi demək olar ki, tamamilə yer altındadır. Yalnız günbəz, gümbədələr, bir də giriş qapısı yerin üzünə çıxır. Girişdən 12 pilləkən aşağı enirsən (giriş qapısının eni 90 santimetr, hündürlüyü isə 1,65 metrdir). Binanın tininə görə giriş qapıları dar və alçaqdır.
Bina təbii daşdan əhəng, gəc məhlulu və əlavələrlə hörülmüşdür. Suvağı gəc və əhəngdir. Üzündə hələ indi də heç bir ləkə görünmür, möhkəmliyini saxlayır. Divarın qalınlığı 1,2 metrdir.
Bina üç hissədən ibarətdir: soyunma otağı, yuyunma yeri və qazanxana (tulanbar).
Tulanbarın damı uçubdur. Yerləşkələri işıqlandırmaq üçün günbəzlərdən istifadə edilibdir. Soyunma yerinin bütün qabaritini günbəz örtür. Bura ən hündür və böyük günbəzdir. Soyunma yerinin sahəsi 18 kvadratmetrdən çoxdur. Onun quruluşu planda 8 bucaqlıdır. Yanlar 4 kiçik, 4 böyük tərəflidir. Kiçik tərəflərin ikisində qapı, ikisində taxça və tağ var, 4 qalan tərəflər tağlarla və taxçalarla əhatələnibdir. Divarlarda çıraq yerləri vardır. Tağlar yerdən 50-60 santimetr hündürdədir. Soyunma və yuyunma yerinin də döşəməsi damlaların axması üçündür.
Soyunma yerinin hündürlüyü günbəz qədər – 2,25 metrdir. Günbəzlə birlikdə 4,5 metrdir. Buranın işıqlanması üçün günbəz 1,5 metr diametrində çevrədən ibarətdir. Vaxtilə buraya xüsusi şəbəkəli şüşə pəncərə qoyulubmuş. Günbəzin müsbət cəhətlərindən biri də isti havanı özündə saxlamasıdır. Günbəz içəri tərəfdən rəngli kaşı ilə örtülübdür.
Hamam bulaq suyu ilə təmin edilibmiş. Su öz axını ilə qazanxanaya, oradan da xüsusi əhəng, gəc növça ilə çənə tökülübdür. Çənin yanları kərpiclə hörülübdür. Onun ətrafına vurulan suvağa tük, yumurta, gəc və başqa əlavələr qatılıbdır. Ocaq olan yerə hava yaxşı keçsin deyə buraya böyük bacadan başqa kiçik bacalar da açılıbdır. Bu da yanacağın daha yaxşı yanmasına kömək edibdir. Soyunma yerini yuyunma yerilə birləşdirən şülüzdə xüsusi ehtiyac yeri düzəldilibdir. Onun üstündə və qapısının başında yenə baca qoyulubdur. Bu da çirkli havanın təmizlənməsi və neft lampalarının hisinin çıxması üçündür. Kənardan baxan adam otaqların iç-içə yerləşdiyini güman edə bilər.
Rəsmiyyə Nağıyeva
Ordubad Şəhər Tarix-Memarlıq Qoruğunun elmi işçisi
"El həyatı" qəzeti