“Azərbaycan kitabı”nın layihəsinin fotoqrafı: Naxçıvanın gözəlliklərini tam görmək üçün bir ömür də çatmaz - FOTOLAR
Heydər Əliyev Fondunun layihəsi çərçivəsində hazırlanan “Azərbaycan kitabı”nın nəşri üçün budəfəki çəkilişlər muxtar respublikamızda aparılıb. Naxçıvana gələn yaradıcı heyət diyarımızın bir çox yerlərində olub, maraqlı video və fotolar qeydə alıb, diyarımızdan xoş təəssüratlarla ayrılıblar.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “My Azerbaijan” layihəsinin rəhbəri, fotoqrafiya məktəbinin təsisçisi Orxan Aslanov bildirib ki, layihəyə Heydər Əliyev Fondu tərəfindən ölkəmizin zəngin və bənzərsiz təbiətini əks etdirən fotokitab yaratmaq məqsədilə start verilib. Layihənin icrası nəticəsində 2010-cu ildə “Azərbaycan kitabı” dərc edilib.
Bu, kitabın ilkin variantı idi. Layihənin işçi qrupu sırasında yerli və xarici mütəxəssislər, o cümlədən peşəkar fotoqraflar yer alıb. Biz komanda ilə birgə ölkəmizin müxtəlif bölgələrində, şəhər və kəndlərində, dağ və düzənliklərində, meşə və çəmənliklərində, göl və çaylarında fotoçəkilişlər aparırıq, ölkəmizin təbiətini ilin hər bir fəslində əks etdirməyə çalışırıq və bu fəaliyyət davam edir. İşimiz bitəndə çox böyük, nadir bir fotomaterial ərsəyə gələcək. Kitab ölkəmizin təbiəti, tarixi, mədəniyyəti, dünəni və bu günü ilə maraqlananlar üçün unikal bir vəsait olacaq. Naxçıvana da bu məqsədlə gəldik. Ötən il də burada olmuşam. Naxçıvanın misilsiz, inanılmaz dərəcədə gözəl, əsrarəngiz, ecazkar və heyrətamiz təbiəti vardır. Mənə elə gəlir ki, Naxçıvanın gözəlliklərini tam görmək üçün bir ömür də çatmaz. Burada vəhşi təbiətə qayğı və sevginin şahidi olduq. Göy göl, Batabat, Haçadağ, Darıdağ kimi inanılmaz yerlərdə çəkilişlər apardıq. Niyə inanılmaz deyirəm, bunu sizə izah edim. Ordubadın Göy gölünə getdik. Buradakı füsunkar mənzərə bizi heyran etdi. Ordubadda, Naxçıvanda hava isti olduğu halda, orada qış fəsli yaşanır. Möhtəşəm mənzərələrdir. Bu bizə təbiətə fərqli rakurslardan yanaşmağa kömək etdi. Buraya yenidən qayıtmağı planlaşdırırıq. Xüsusilə vəhşi təbiəti çəkmək bu dəfə bizim üçün birinci olacaq. Sizə deyim ki, Naxçıvanı sevənlər çoxdur. Çəkdiyim fotolardan bir neçəsini sosial şəbəkədə paylaşdım. İstədim ki, izləyicilər Naxçıvanın gözəlliyini bir də mənim gözümlə görsünlər. Bu zaman Naxçıvana hədsiz marağın şahidi oldum.
Güntac Şahməmmədova