PƏRDƏARXASI: Səhnəmizin “Kürd Musa”sı, “Məşədi İbad”ı Xalq artisti Əyyub Haqverdiyev - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyinin oxucularına təqdim etdiyi “PƏRDƏARXASI” rubrikasında həyatını incəsənətə həsr etmiş sənət adamlarının həyatlarının və yaradıcılıqlarının pərdəarxası, bilinməyən məqamlarından söhbət açılır.
Bu dəfə “Pərdəarxası”nda Azərbaycan Respublikasının Əməkdar artisti Behruz Haxverdiyev bizə atasından-Xalq artisti Əyyub Haqverdiyevdən danışdı.
-Atanız necə bir ailədə doğulub, necə bir həyat yaşamışdı?
-Atam 1911-ci ilin mart ayının 15-də Naxçıvan şəhərində anadan olub. Atası Məmmədəli kişi Naxçıvan xanlarından Rəhim xanın aşpazı idi.
Əyyub Haqverdiyev Naxçıvanda yediillik məktəbi bitirib. Naxçıvan Pedaqoji texnikumunda oxuyarkən 1928-1929-cu illərdə teatrda kiçik epizodik rollarda çıxış edib. Özü bu barədə deyərdi ki, bir dəfə oxuduğu texnikuma Əli Xəlilov, Həsən Səfərli və dövrün bir neçə tanınmış sənətçiləri gəlir. Onlara kütləvi səhnələrdə oynamaq üçün cavan oğlanlar lazım idi. Bir neçə tələbəni, o cümlədən atamı sınaqdan keçirir, onlara şeirlər oxutdururlar. Atam Sabirin şeirini söyləyir. Beləliklə, onu bəyənir və tamaşalarda kütləvi səhnələrdə iştirakına razılıq alırlar. Həmin vaxt 17 yaşında imiş. Beləcə, xoş bir təsadüf nəticəsində atam aktyor olur və 85 illik ömrünün 65 ili teatrda keçir. Bu illər ərzində həm özünə, həm də Naxçıvan teatrına şöhrət qazandırır. “Şeyx Sənan”, “Aydın”, “Od gəlini”, “Oqtay Eloğlu”, “Sevil”, “Almaz”, “Müsibəti-Fəxrəddin”, “Pəri cadu” kimi dramatik əsərlərdə, “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Aşıq Qərib” operalarında, “Ər və arvad”, “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyalarında, bir sözlə yüzlərlə belə tamaşada Əyyub Haqverdiyevin də imzası var.
Onun bir aktyor kimi yetişməsində SSRİ Xalq artisti Sidqi Ruhullanın böyük xidmətləri olub. Əmim Yusif Haqverdiyev və Çingiz Haqverdiyev də atama baxıb bu sənəti seçiblər. Digər əmim Hüseyn Haqverdiyev isə həvəskar aktyor olub. Lakin Yusif Haqverdiyev və Əyyub Haqverdiyev- iki qardaş ömürlərini bu səhnədə keçiriblər.
-Bu gün Naxçıvan teatrında Haqverdiyevlər yolunun davamçısı sizsiniz...
Mən teatrda doğulmuşam, o dövrdə aktyorların ailələri də gəlib bu səhnədə onların oynadıqları tamaşalara baxırdılar. Atam səhnədə olan zaman ona deyiblər ki, oğlun olub. O isə həmin vaxt səhnədə hansısa bir tamaşada rəssam Bəhruz Kəngərliyə həsr olunmuş kiçik bir səhnəni oynayırmış. Onun üçün də deyib ki, qoyun elə uşağın adı Behruz olsun.
-Deməli, siz böyük realist rəssamımız Bəhruz Kəngərlinin adını daşıyırsınız. Rənglərə və teatra sevginiz və bağlılığınızda, deyəsən, adın təsiri olub....
-Mən hələ məktəbli olanda boş vaxtlarımda həmişə tamaşalara baxırdım. 1975-ci ildə rejissor Vəli Babayev atama dedi ki, Əyyub müəllim istəyirəm bu uşağa bir rol verim. Atam razı olmadı. Mən çox narahat oldum və atamdan incidim. Növbəti gün Cəlil Məmmədquluzadənin “Ölülər” əsərini qoydu qarşıma və dedi, götür, Cəlalı yaz (“Ölülər” əsərində uşaq obrazı). Elə o vaxtdan onun yolunun davamçısı oldum.
-Əyyub Haqverdiyev ata və bir sənətkar olaraq necə biri idi?
-Atam olduğuna görə demirəm. O, çox gözəl bir aktyor idi. Deyilənə görə, o vaxtlar Naxçıvan teatrı hansı rayona, hansı şəhərə qastrola gedirdisə, tamaşaçılar birinci Əyyub Haqverdiyevi soruşurdular. Bir dəfə özüm də bunun şahidi olmuşam. 1987-ci ildə Gəncəyə “Əlincə qalası” tamaşasını oynamağa getmişdik. Orada bir nəfər gəlib soruşdu ki, Əyyub Haqverdiyev gəlib? Dedik, hə. Atama dedi ki, biz Gəncədə yaşamağımıza baxmayaraq, sizin adınızı eşitmişik. Eşitmişik ki, Məşədi İbadı çox gözəl oynayırsınız. Gəlmişik ki, sizi görək. Yəni, o, ölkəmizin hər tərəfində tanınırdı və geniş tamaşaçı sevgisi qazanmışdı...
-“O olmasın, bu olsun” tamaşasında oynadığı “Məşədi İbad”, Vaqifdəki “Kürd Musa” obrazı ilə daha çox tanındı, sevildi Əyyub Haqverdiyev. Atanızı bu rollarda gördünüzmü?
-Bəli, uşaq vaxtı gördüyüm o səhnələr xatirimdədir. Hətta deyirlər, o vaxtı Lütfəli Abdullayev gəlib burada Məşədi İbad rolunda oynayıb. Birinci hissəni oynadıqdan sonra tamaşaçılar deyib ki, ikinci hissəni bizim aktyorlarımız oynasın. Tamaşa qutaranda Lütfəli Abdullayev parikini- bığını, saqqalını atama verib və deyib ki, əsl Məşədi İbad sənsən. 1984-cü il aprelin 24-də elə dünyalar qədər sevdiyi bu rolu ilə səhnəni tərk edib Əyyub Haqverdiyev. Onun teatrdakı son obrazı da Məşədi İbad olub.
-Atanızı Məşədi İbad obrazında tamaşaçılara sevdirən nə idi?
-Onun plastikası. Çox gözəl plastikası, nitqi, özündən söz artırmaları var idi. O, tamaşanın Naxçıvan teatrının repertuarında uzun müddət yaşaması atamın adı ilə bağlıdır. Oynadığı bütün rollara eyni diqqət və qayğısını göstərib. Amma ən çox sevdiyi rolu Məşədi İbad olub. Ondan sonra İsgəndər Abdullayev, İbrahim Bənəniyarlı və bir çoxları o rolu oynasa da, Əyyub Haqverdiyev səviyyəsinə çata bilmədi. Dahi Üzeyir bəy də atamın oynadığı Məşədi İbad və Vəli obrazını yüksək qiymətləndirib. Əgər atam təkcə Məşədi İbadı oynasa idi, yenə teatrın tarixinə düşəcəkdi.
-Onun Naxçıvan teatrının səhnəsində özünəməxsus bir gülüşü oldu. Adi həyatda da mı belə idi?
-Yox, adi həyatda o qədər də zarafatcıl biri deyildi. Amma səhnədə tamam başqa bir insan olurdu. Ömrünün son illərində gözlərinin işığını itirdi. O vəziyyətdə belə səhnəyə çıxdı. Görə bilməməsi qətiyyən səhnədə hiss olunmurdu. Bilirdi ki, nə haradadır.
Bir dəfə isə tamaşa öncəsi yıxılıb amma. bunu məndən başqa heç kim görməyib. Atam və əmim Yusif Haqverdiyev “Məhsəti” tamaşasının komediya hissəsində rol alıblar. Tamaşa vaxtı gəlib atama deyirlər ki, sizi çağırırlar. Atam əmimə deyir, maraqlan gör, nə olub. Əmim xəbər verir ki, atamız rəhmətə gedib. Atam komediyanı oynadıqdan sonra atasının dəfninə gedir. Həmin an bəlkə də o daxilən ən dramatik rolunu oynayıb. Lakin bunu tamaşaçılara hiss etdirməyib.
“Vaqif” tamaşası Naxçıvan teatrında dəfələrlə səhnəyə qoyulub. Bu tamaşada atamın sənətkar xoşbəxtliyi o idi ki, hər dəfə bütün obrazlar dəyişilib, ancaq Kürd Musa obrazı dəyişilməyib. Atam bu rolu məharətlə, tamam başqa cür oynayıb, şirin və məlahətli Kürd Musa obrazı ilə də tamaşaçıların yaddaşında qalıb. Bu obraz atamın repertuarında nə az, nə çox- düz 50 il yaşayıb.Yeri gəlmişkən, xalq artisti Rövşən Hüseynov onun bu obrazını çox gözəl parodiya edir. Atamın obrazları çox olub. Elələri var ki, heç mən onları görməmişəm. O, bir gün səhnədə “məzəkeş Vəli”ni, başqa gün əqidəsi yolunda qardaşının ölümünə əmr verən “Aqşin”i oynayıb. Rəhmətlik İbrahim Həmzəyev atam haqqında deyib ki, Əyyub Haqverdiyevdə şirin və cəlbedici aktyorluq məharəti var. O, nə oynayırsa oynasın, yaratdığı obrazın daxili aləminə güclü nüfuz edə bilir.
“Məşədi İbad”da, “Ölülər” də, “Əlincə qalası”nda “Ultimatum”, “Məhsəti”, “Yaşıl Papaq” və b. tamaşalarda onunla eyni səhnəni də bölüşmüşük.
Özü heç vaxt şöhrət, mənsəb dalınca getməyib. Məsuliyyəti çox sevirdi. Məsuliyyətli adam onun gözünün işığı idi. Məsləhət verməyi sevən biri idi. Saatlarla sənətsevənlərə sənətin incəliklərini aşılayırdı. Teatr onun həyatı idi. Ömrünün son günlərində mənə dedi ki, aktyor olmaq istəyirsən? Dedim, hə. Dedi, onda məsuliyyətli olmalısan, heç bir roldan imtina etməməlisən.
Onun üçün ancaq sənət idi. Mən rəsmlər çəkib hər hansı əl işi hazırlayanda da baxırdı, fikrini bildirirdi. O, əslində mənim zərgər olmağımı istəyirdi. Ancaq mən onun yolunu seçdim. Bu işlər isə hobbimdir. Oynamadığı rol olmadı. Rejissorlar hansı rolu məsləhət bildilərsə, ən gözəl şəkildə tamaşaçıya çatdırırdı, oynayıb özünü xalqa sevdirirdi.
-Bu gün Əyyub Haqverdiyevdən sizə nə yadigar qalıb?
-60 illik yubileyində ona verilən qol saatı, şəkilləri, rol dəftəri və sənəti… Oynadığı bütün rolları əski əlifba ilə rol dəftərinə qeyd edərdi. Mənə deyirdi ki, atasına rəhmət oxuyan oğullardan ol. Tərbiyənin, mədəniyyətin, istedadın tərəfdarı idi. 8 övladı olub. 5 oğul 3 qız böyüdüb.
Abbas Mirzə Şərifzadə, Mirzağa Əliyev, Ülvi Rəcəb, Mərziyyə Davudova kimi sənətkarlarla birlikdə Şekspirin, C. Cabbarlının, S.Vurğunun, H. Cavidin tamaşalarında oynayan Əyyub Haqverdiyev zəngin obrazlar silsiləsi oldu. Məşədi İbad, Aqşin, Əliqulu, Kürd Musa, Xosrov, Vəli, Hacı Qara, İmamverdi, Laret və başqaları. Çox gözəl nitqi və səsi olan aktyorun opera və musiqili komediyalarda da yaddaqalan səhnə surətləri olub. “Leyli və Məcnun”da Məcnunun atası, “Əsli və Kərəm”də keşişi oynayıb. Bu sırada ən yaddaqalan obrazı isə keşiş olub.
Daha çox komik rollar ifaçısı kimi tanınan Naxçıvan teatrının gülüş ustası Əyyub Haqverdiyevə əbədi səhnə həyatı qazandıran gülüşlü obrazları oldu. Lakin dramatik və faciəvi obrazları da eyni ustalıqla yaratdı.
Deyirlər, sənətkar sənhəyə o qədər qəlbən bağlanıb ki, and içəndə də səhnəyə and içib. Və heç bir ali təhsili olmayıb. 1943-cü ildə 32 yaşında Azərbaycan Respublikasının Əməkdar artisti, 1964-cü ildə isə Azərbaycan SSR Xalq artisti adını ona istedadı qazandırıb. Əyyub Haqverdiyev 1948-1950-ci illərdə Naxçıvan MSSR-in deputatı, həm də Naxçıvan teatrının direktoru olub. Çox aktyorlar ondan sənət dərsi, səhnə istedadı alıb.
Şair Hüseyn Razi ona belə bir şeir də həsr edib:
Doymadı Məşədi alış-verişdən,
Şahpur xəyanətdən, Vəli gülüşdən.
Kərəm dad çəkəndə qara keşişdən,
Yüz düşmən hiyləsi göründü mənə.
Xalq artisti 7 iyun 1996-cı ildə dünyasını dəyişib. Və bu gün adı böyük hərflərlə teatrın salnaməsinə yazılan böyük sənətkarın anım günüdür.
Onun səsi, ifası qocaman tarixə malik olan Naxçıvan Teatrının divarlarında bu gün də əks-səda verir. Əbədi səhnədə xoş siması, gülüşü və kədəri ilə daim yaşayacaq Əyyub Haqverdiyev. Nə yaxşı ki, Naxçıvanın teatrının belə qüdrətli, ölməz sənətkarları olub.
Türkanə Əmoyeva
“NUHÇIXAN”