Türkiyədə fəaliyyət göstərən Avrasiya Yazıçılar Birliyi (AYB) aylıq ədəbiyyat dərgisi olan “Kardeş kalemler” (Qardaş qələmlər) jurnalının iyun nömrəsini dahi Azərbaycan şairi, böyük filosof Nizami Gəncəviyə həsr edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Avrasiya Yazıçılar Birliyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun birlikdə nəşr etdirdiyi jurnalın bu nömrəsi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunması münasibətilə çapa hazırlanıb. Nəşrin “Ön söz” müəllifi AYİB-in sədri, yazıçı-publisist Yaqub Öməroğludur.
Jurnalda AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, İnstitutun Nizamişünaslıq şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Nüşabə Araslı, türkiyəli professorlar Əhmət Kartal, Mustafa İsen və digər görkəmli alimlərin Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunan elmi-ədəbi məqalələri oxuculara təqdim olunub.