Türkiyənin İzmir şəhərində yaşayan gənc həmyerlimiz Orxan Orucov rəsm yarışması üzrə ölkə birincisi olub. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, hər il İzmir Özəl Türk Kolleci tərəfindən keçirilən və bu il 19-cu dəfə təşkil edilən Türkiyə Milli Rəsm Yarışmasının nəticələri mayın 29-da elan edilib.Yarışmaya Türkiyənin 81 bölgəsindən 872 əsər qəbul olunub.
Birinci yerin qalibi Orxan Orucov İşılay Sayğın adına Dövlət İncəsənət liseyinin 2021-ci il məzunudur. Onun “Leylanın portreti” adlı rəsmi 872 əsər içərisindən seçilərək birincilik qazanıb,3000 TL məbləğində pul mükafatının qalibi olub. O, rəsm yarışmasında tək İzmiri və oxuduğu liseyi deyil, həm də doğma Azərbaycanımızı yüksək səviyyədə təmsil edib.
Qeyd edək ki, Orxan 2003-cü ildə Naxçıvan şəhərində doğulub, 14 il ailəsi ilə Ukraynanın Xarkov şəhərində yaşayıb, oradakı rəsm və animasiya dərnəklərində sənət təhsili alıb. 2013-cü ildə Finlandiya animatoru Maiki Kantolanın rəhbərliyi altında animasiya filmi çəkilişlərində iştirak edib və çəkdiyi film Ukraynada “Dityatko” film festivalında mükafat qazanıb.
2014-cü ildə ailəsi ilə birlikdə Türkiyənin İzmir şəhərinə köçüb. Hazırda gənc həmyerlimizin əsərləri oxuduğu liseyin rəsm qalereyasında daimi sərgilənir. Portretini çəkdiyi qız isə Orxanın bacısıdır. Orxanın sənət seçimində ailəsinin də əməyi böyükdür. Atası Elçin Orucov beynəlxalq “Tartoniks” animasiya layihəsinin müəllifidir. Babası Sabir Məmmədov hazırda Naxçıvanda yaşayır, Azərbaycanın tanınmış rəssamlarından biridir.