Böyük şair-mütəfəkkir Nizami Gəncəvi maddə kütləsinin saxlanması qanununu görkəmli rus alimi Mixail Vasilyeviç Lomonosovdan təxminən 600 il əvvəl əsaslandırıb.
Nizami Gəncəvi kimi dahi bir sənətkarın yaradıcılığına hələ sovet hakimiyyəti illərində dövlət səviyyəsində yüksək qiymətin verilməsi ulu öndər Heydər Əliyev müdrikliyinin bəhrəsidir. Bu mənada, Nizami şöhrətinin, Nizami qüdrətinin bu gün qol-qanad açmasında ümummilli liderimizin xidmətləri əvəzsizdir. Dahi siyasətçi, Azərbaycan mədəniyyətinin və ədəbiyyatının hamisi Heydər Əliyev Nizami Gəncəvinin ev-muzeyinin yaradılması, xatirəsinin əbədiləşdirilməsi istiqamətində çox böyük işlər görüb. Ulu öndər hər zaman şairin ölməz sənətinə yüksək qiymət verir, dahi söz ustasının irsinin geniş təbliğini, onun yubileylərinin keçirilməsini tövsiyə edirdi. O, müxtəlif vaxtlarda şairin yubileylərinin keçirilməsi, ədəbi irsinin öyrənilməsi, əsərlərinin kütləvi nəşri barədə sərəncamlar imzalayıb, ədəbi ictimaiyyətin diqqətini xalqımızın bu müdrik oğlunun şəxsiyyətinə, sənətinə yönəltməyə çalışıb.
Ölkə Prezidenti cənab İlham Əliyev də ölməz Nizami irsinə xüsusi ehtiram göstərir, onun yaradıcılığının təbliğinə böyük həssaslıqla yanaşır. Ölkə başçısının böyük mütəfəkkirin anadan olmasının 880 illiyi münasibətilə imzaladığı 2021-ci il 5 yanvar tarixli Sərəncamı ilə bu ilin ölkəmizdə “Nizami Gəncəvi ili” elan edilməsi şairin irsinə ehtiramın daha bir ifadəsidir. Bu Sərəncam bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyət, dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin tarixi irsinə verilən ən yüksək qiymətdir.
Bütün dünyanın “Gəncəli dahi” kimi tanıdığı Nizami Gəncəvinin irsində təkcə Şərq ədəbi-mədəni dəyərləri deyil, eyni zamanda Qərb, yəni o dövrün Qərbi olan antik ədəbi-mədəni dəyərlər də öz kamil sintezini tapıbdır. Əslində, Nizami yaradıcılığını tam mənası ilə klassik dövrün yeni mərhələsi kimi də qiymətləndirmək olar. Çünki məhz Nizaminin yüksək humanist fikirlərində orta əsrlərin mistikasından oyanıb sağlam və ayıq təfəkkürlə hadisə və predmetlərə, insana, cəmiyyət həyatının məna və mahiyyətinə rasional, məntiqi yanaşma tərzinin şahidi oluruq. İnsan xoşbəxt yaşamaq üçün yaradılıb və bu ilahi qədəri, tanrısal taleyi heç bir şər qüvvə dəyişdirə bilməz. Nizaminin bütün yaradıcılığından işıqlı bir xətt kimi keçən əsas ideya məhz budur. Nizami ilk poeması olan “Sirlər xəzinəsi”ndən başlamış son əsəri “İsgəndərnamə”yə qədər dövrünün aktual, eləcə də bəşəriyyətin əbədi problemlərinin həllini bir an belə nəzərdən qaçırmayıb, əsərdən-əsərə bu işi daha da təkmilləşdiribdir. Bu, ölməz Nizami sənətinin humanist konsepsiyasını təşkil etməkdədir.
Nizami Gəncəvi həm də bütün elmlərə dərindən bələd olan böyük alim olubdur. Son əsrlərin elmi nailiyyətləri hesab edilən bəzi kəşflər və elmi uğurlar haqqında dahi mütəfəkkirin hələ XII əsrdə məlumat verməsi də bunu təsdiq edir. Bildiyimiz kimi, təbiət elmlərinin ən böyük qanunlarından biri olan “Maddə kütləsinin saxlanması qanunu”nun görkəmli rus alimi Mixail Vasilyeviç Lomonosov tərəfindən kəşf edildiyi (1747-ci il) elmi ictimaiyyət tərəfindən qəbul edilib və əsaslandırılıb. M.V.Lomonosova qədər belə güman edirdilər ki, metalları yandırdıqda çəkisi artır. Əksinə, bəzi maddələri, məsələn oduncağı, nefti, təbii qazı, kömürü yandırdıqda çəki azalır. Lomonosov özündən əvvəlki alimlərdən fərqli olaraq metalları açıq havada deyil, qapalı qabda közərdərək aydınlaşdırdı ki, təcrübədən əvvəl və sonra qapalı qabın çəkisi dəyişməz qalır. Ona görə də maddə kütləsinin saxlanması qanunu belə izah olunur: “Kimyəvi reaksiyaya daxil olan maddələrin kütləsi reaksiyadan alınan maddələrin kütləsinə bərabərdir”.
O da məlumdur ki, maddə kütləsinin saxlanması qanunu 1779-cu ildə Lomonosovdan xəbərsiz fransız alimi Antuan Lavuazye tərəfindən də müəyyənləşdirilib. Elmi ədəbiyyat və dərsliklərdə qanunun başqa alimlər tərəfindən də təcrübədə təsdiq edilməsi göstərilir. Lakin bu qanunun Lomonosovdan təxminən 600 il əvvəl Nizami Gəncəvinin əsərlərində də əsaslandırılması haqqında dünyada heç bir məlumat yoxdur. Tarixən belə hallar çox olub. Türk oğlunun etdiyi böyük kəşflər, əsaslandırdığı müddəalar sonradan türk olmayan başqa alimlərin adına yazılıb.
Bu mənada, xalqımızın böyük mütəfəkkiri, filosof şairi, Azərbaycan ədəbiyyatının günəşi olan Nizami Gəncəvinin yaradıcılığında açılmamış səhifələr çoxdur. Dahi şairin “İsgəndərnamə” poemasında “İsgəndərin 7 alim ilə xəlvətə çəkilməsi” fəslində ilk yaradılış haqqında müxtəlif filosofların fikirləri araşdırılır. Həmin fəslin “Nizaminin dedikləri” hissəsində filosof şair öz fikirlərini hərtərəfli şəkildə əsaslandırır və öz dəyərli fikirləri ilə bəşər tarixinin o dövrə qədərki ən böyük dahiləri sayılan Aristoteli, Əflatunu, Sokratı arxada qoyur. M.V.Lomonosovdan 586 il əvvəl, dini mövhumatın hədsiz dərəcədə güclü olduğu XII əsrin əvvəllərində Nizami yazırdı:
Torpaqda çürüyən bədənlərimiz
Dağılır, dəyişir, yox olur təmiz.
Yerində qalarsa o dağıntılar,
Bir yerə yığanda yenə canlanar.
Məhz bu fikirlər maddə kütləsinin saxlanması qanununu tam mənada əks etdirir. Canlı orqanizmlərin çürüməsi kimyəvi proses olduğundan dahi şairin bu qənaətini Lomonosovun kəşfindən daha qiymətli hesab etmək olar.
Dahi şair “çürümə” ilə hər şeyin yox olmadığı qənaətindədir. Nizami Gəncəvi bu dəyərli fikirlərini daha sonra bu cür yekunlaşdırır:
Torpağa tökülən şeylər tamamən
Torpaqda dirçəlib qalxır yerindən.
İnsan təfəkkürünün süzgəcindən keçən elə nəzəri müddəalar var ki, onlar təcrübədən keçməsə də, bir həyat həqiqətidir, qanundur. Bunu Nizami Gəncəvinin də misralarında aydın görmək olur. Bu məzmunu əhatə edən ideyalar “Xəmsə”də ayrı-ayrı fikirlərlə tamamlanır.
Bu mənada, dahi şairin əsərlərinin elmi mahiyyəti xalqımızın bu gününə, tarixi keçmişinə qara yaxanlara tutarlı cavabdır. “Xəmsə” göstərir ki, bir çox xalqların mağara həyatı sürdüyü bir vaxtda Azərbaycan xalqı filizlərin yerdən çıxarılması, emalı, metalların işlədilməsi ilə məşğul olmuşdur. Bütün bunlar xalqımızın qədim və tarixi kökə malik bir xalq olduğunu bir daha sübut edir. Bir daha göstərir ki, Azərbaycan xalqı qədim mədəniyyətə, hərtərəfli inkişaf etmiş elmə, iqtisadiyyata və mənəviyyata malik böyük xalqdır.
Yunis Quliyev
təqaüdçü müəllim