Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının konfransı keçirilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, iyunun 14-də Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının konfransı keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Ülvi Hüseynli konfransın gündəliyində duran məsələlər barədə məlumat verib. Bildirilib ki, konfransın gedişi zamanı əvvəlcə Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının hesabatı dinləniləcək, daha sonra təşkilatın yeni İdarə Heyətinin üzvləri və qurumun sədri seçiləcək, Nəzarət-Təftiş Komissiyasının tərkibi müəyyənləşəcəkdir.
Konfransın gündəliyi qəbul olunub.
Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının sədri Yaşar Xəlilovun hesabatı dinlənilib. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatı müntəzəm olaraq muxtar respublikanın ictimai-mədəni həyatında yaxından iştirak edir. Ötən 5 ildə təşkilat tərəfindən 10 müəllif və 1 hesabat konserti, 2 mahnı müsabiqəsi, 7 yubiley tədbiri, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində, Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində və Naxçıvan Musiqi Kollecində ustad dərsləri keçirilib. Hesabat dövründə Təşkilat tərəfindən ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə və muxtariyyətin 95 illiyinə həsr olunmuş mahnı müsabiqələri, tanınmış bəstəkar və musiqiçilərin yubileyləri münasibəti ilə konsertlər, Naxçıvan Muxtar Respublikasının Bəstəkarlar Təşkilatının 40 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib. Təşkilatın üzvlərinin musiqi nəzəriyyəsinə aid dərslikləri, kitabları nəşr olunub, təqdimat mərasimləri təşkil olunub. Yaşar Xəlilov fəaliyyətləri üçün yaradılan şəraitə görə Təşkilatın üzvləri adından Ali Məclis Sədrinə minnətdarlıq edib.
Hesabat məruzəsindən sonra İdarə Heyətinin yeni tərkibi seçilib.
Təşkilatın üzvləri Vidadi Heydərov və Səməd Əsgərov çıxış edərək Xəlilov Yaşar Sudef oğlunun Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının sədri vəzifəsinə namizədliyini irəli sürüblər.
Təklif səsə qoyularaq qəbul olunub və Yaşar Xəlilov Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının sədri seçilib.
Yaşar Xəlilov ona göstərilən etimada görə təşkilat üzvlərinə minnətdarlığını bildirib, etimadı doğrultmaq üçün səylə çalışacağını qeyd edib.
Daha sonra Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının Nəzarət-Təftiş Komissiyasının tərkibi seçilib, konfransın qərarı qəbul olunubdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Ülvi Hüseynli konfransda çıxış edərək deyibdir ki, bu gün Naxçıvan Muxtar Respublikasında musiqi sənətinin inkişafına hərtərəfli dövlət qayğısı göstərilir. Bəstəkar və musiqişünasların yaradıcılığının inkişafı üçün hər cür şərait yaradılır. Muxtar respublikada uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin inşa olunaraq və ya yenidən qurularaq istifadəyə verilməsi, Naxçıvan Dövlət Filarmoniyasının, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının, Naxçıvan Musiqi Kollecinin maddi-texniki bazalarının gücləndirilməsi, Bəstəkarlar Təşkilatının fəaliyyətinin təmin edilməsi bu sahədə həyata keçirilən tədbirlərin nəticəsidir. Muxtar respublika musiqiçilərinin əməyi dövlət tərəfindən qiymətləndirilir, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına, Prezident təqaüdü və mükafatlarına layiq görülürlər. Təəssüf ki, ötən 5 ildə ictimai və yaradıcılıq təşkilatı kimi Bəstəkarlar Təşkilatının gördüyü işlər qarşıya qoyulan tələblər səviyyəsində deyil.
Ülvi Hüseynli bildirib ki, muxtar respublikamızı, o cümlədən onun inkişafını və müasirləşməsini vəsf edən əsərlərin yazılması, xalq mahnılarının sistemli şəkildə təbliğ olunması, unudulmuş mahnıların bərpa olunması diqqətdə saxlanılmalıdır. Təşkilat üzvlərinin müəllif konsertləri keçirilməli, hesabat konsertlərinin sayı artırılmalıdır. Naxçıvan Dövlət Universitetində aid ixtisasının tələbələri ilə iş aparılmalı, istedadlı gənclərin üzə çıxarılması istiqamətində tədbirlər görülməli, onların yaradıcılığı istiqamətləndirilməli, təşkilata yeni üzvlər qəbul edilməlidir. Muxtar respublikanın uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində, Naxçıvan Musiqi Kollecində, Naxçıvan Dövlət Universitetində bəstəkarlar və musiqişünaslarla tələbə və şagirdlərin görüşləri təşkil olunmalı, ustad dərsləri davamlı xarakter almalıdır.
Bəstəkarlar Təşkilatının yeni seçilən İdarə Heyəti və sədri işdə dönüş yaratmalı, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qarşıya qoyduğu vəzifələr əsas fəaliyyət istiqaməti olmalıdır.