Naxçıvanda Milli Qurtuluş Günü münasibətilə rəsm sərgisi açılıb - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunan rəsm sərgisi təşkil olunub.
Bu münasibətlə keçirilən tədbirdə qeyd olunub ki, Naxçıvanda rəssamlıq sənətinin qorunub inkişaf etdirilməsində böyük şəxsiyyət Heydər Əliyevin əvəzsiz xidmətləri var. Ümummilli liderimizin himayəsi ilə 1971-ci ildə Azərbaycan Rəssamlar İttifaqının Naxçıvan Təşkilatı, 2000-ci ildə isə həmin təşkilatın bazasında Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi yaradılıb. Müstəqillik illərində muxtar respublikada rəssamlıq sənətinin inkişafı ilə bağlı ardıcıl tədbirlər görülüb, Rəssamlar Birliyi yeni bina və emalatxana ilə təmin edilib, birlik üzvlərinin yaradıcılıq imkanları genişləndirilib, Naxçıvan şəhərində Bəhruz Kəngərli Muzeyi və Rəssamlar Parkı yaradılıb, ali təhsil müəssisələrində müvafiq ixtisaslar açılıb.
Sonda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunan rəsm sərgisinə baxış olub. Sərgidə ümummilli liderimiz Heydər Əliyevin mənalı ömür yolu, zəngin siyasi fəaliyyətini, müstəqil və müasir Azərbaycanın və onun Naxçıvan Muxtar Respublikasının inkişafını, Ordumuzun böyük qələbəsini, yurdumuzun təbiət gözəlliklərini, tarixi abidələrimizi və milli dəyərlərimizi özündə əks etdirən 30 əsər nümayiş etdirilir. 15 rəssamın yaradıcılığının nümunəsi olan əsərlər sırasında ənənəvi rəssamlıqla yanaşı, müasir texnika, rəngkarlıq potensialı ilə yaradılmış əsərlər də mövcuddur.
Sərgi iyunun 17-dək davam edəcək.
Mahmud Hüseynov