2021-ci ilin may ayında ABŞ-ın Nyu-York şəhərində “Fiestalonia Amerikan Edition” adlı Beynəlxalq Distant Yaradıcı İnsanlar Müsabiqəsi təşkil olunub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, beynəlxalq müsabiqəyə Naxçıvan Şəhər Ərtoğrul Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin “Qanun” ixtisası üzrə müəllimi, Prezident mükafatçısı Sevinc Babayeva da qatılıb. Müsabiqənin “instrumental ifa” kateqoriyası üzrə iştirakçısı olmuş Sevinc Babayevanın ifası münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib. O, 100 ballıq sistem üzrə dəyərləndirmədə maksimum bal (100 bal) toplayaraq müsabiqənin Qran-pri mükafatçısı elan edilib.
Qeyd edək ki, ölkəmizi müsabiqədə təmsil edən Sevinc Babayeva qanunda Həsən Rzayevin “Çahargah rapsodiyası”nı ifa edib. Müsabiqə iştirakçılarının ifalarının qiymətləndirilməsi 5 ölkədən, 40-a yaxın dünya şöhrətli musiqiçilərdən, rəssamlardan, balet və rəqs ustalarından və dünyada tanınmış digər sənət adamlarından ibarət nüfuzlu Münsiflər Heyəti tərəfindən aparılıb. “Fiestalonia Amerikan Edition” Beynəlxalq Distant Yaradıcı İnsanlar Müsabiqəsində vokalçılıq sənəti, instrumental ifa, rəqs, rəssamlıq və dizayn olmaqla incəsənətin 5 sahəsi üzrə dünyanın hər yerindən iştirakçılar qatılıblar. Müsabiqənin şərtlərinə əsasən, “Qran-Pri” mükafatçısı 2022-ci ilin may ayında İspaniyada keçiriləcək “Sea Sun” müsabiqəsinə qatılacaqdır.