Naxçıvanda Aşıq Ələsgərin 200 illik yubileyi münasibətilə yaradıcılıq müsabiqəsi keçirildi - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan şəhərindəki “Gənclik Mərkəzi”ndə baş tutan, Mədəniyyət Nazirliyi, Yazıçılar və Aşıqlar birliklərinin birgə təşkilatçılığı ilə keçirilən tədbiri Mədəniyyət nazirinin müavini Həsən Kərimov açıb.
Bildirib ki, ölkə Prezidenti İlham Əliyev Aşıq Ələsgərin 200 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb. Sərəncamla əlaqədar Naxçıvan Muxtar Respublikasında Tədbirlər Planı təsdiq edilib. Bu, görkəmli sənətkarın ölməz irsinə göstərilən dövlət qayğısının daha bir bariz nümunəsidir. Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunan yaradıcılıq müsabiqəsi də həmin Tədbirlər Planına uyğun olaraq keçirilir. Məqsəd Aşıq Ələsgərin doğma təbiətə məhəbbət və vətənpərvərlik hisslərini, ana dilimizin saflığını, məna potensialını və hüdudsuz ifadə imkanlarını özündə cəmləşdirən dərin koloritli yaradıcılığını təbliğ etməkdir.
17 iştirakçının qatıldığı müsabiqə bir turdan ibarət olmaqla 2 yaş qrupu üzrə keçirilir. İştirakçıların ifalarının qiymətləndirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Aşıqlar və Yazıçılar birliklərinin sədrlərinin də iştirakı ilə münsiflər heyəti yaradılıb. Münsiflər heyəti iştirakçıların ifalarını 10 ballıq sistem üzrə gizli səsvermə yolu ilə qiymətləndirərək qalibləri və fərqlənənləri müəyyən edəcək.
Qeyd edək ki, qaliblər iyunun 18-də müəyyənləşəcək və təşkilatçılar tərəfindən mükafatlandırılacaq.
Adilə Səfərova