Tarixin dərinliklərindən soraq verən qədim yurd yerlərimiz - FOTOLAR
Zəngəzur və Dərələyəz dağ silsilələri ilə üzük qaşı kimi əhatə olunmuş qədim Naxçıvan torpağı qədim mədəniyyətimizin izlərini özündə yaşatmaqla, həm də uzaq olmayan tarixdən bizə soraq verir. Çox maraqlıdır ki, bu yurd yeri gözəl təbiət və iqlimi, dünyanı heyran qoyan təbiət abidələri ilə yanaşı, həm də qədim yurd yerləri, tarixin dərinliklərindən soraq verən maddi mədəniyyət abidələri ilə də diqqəti cəlb edir. Bu yerlərin hər qarışında mövcud olan və insanlarımızın həyat tərzi və mədəniyyətini əks etdirən yaşayış yerləri, qalalar, istehkamlar, nekropollar dünya alimlərini belə heyrətləndirib.
El-obamızın qədim yurd yerləri, yaşayış məskənləri, ulu babalarımızın həyat tərzi haqqında ətraflı məlumat verən, xalqımızın keçmişini yaşadan, milli-mənəvi dəyər və düşüncəsini özündə əks etdirən sənət abidələridir. Ağsal, Boyəhməd, Berdi, Zoğala, Dəmirli, Çola, Kolasu, Qıtqın, Zərişdərə, Yeycə, “Ölən şəhər”, Sürməlik, Koreymər, Üçtəpə, Çətəndaş, Əl-Küti, Paradaş, Gülnəzər, Dərəşam və sair kimi yerlər ulu babalarımızın məskən saldığı qədim yaşayış yerlərimizdəndir. Arxeoloqların, tarixçi alimlərin apardığı müşahidə və tədqiqatlar da bu yerlərdə tarixin müxtəlif dövrlərində yaşayış olduğunu sübuta yetirir.
El-obamızın qədim yurd yeri olan Ağsal yaşayış yeri Milax kəndindən şimal-şərqdə yerləşir. Kənd sakinləri arasında “kənd yeri” adlanan Ağsal yaşayış yeri Əlincəçayın sol sahilində, Tunc və Erkən Dəmir dövrünə aid edilən strateji cəhətdən əlverişli mövqedə yerləşir. Hər tərəfdən hündür dağlarla əhatə olunan bu yaşayış yerindən tapılmış daş alətlər, kasalar bu gün Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyində mühafizə olunur. Arxeoloqların apadığı araşdırmalara əsasən demək olar ki, burada yaşayış eradan əvvəl III-I minilliklər boyu davam edib.
Milax kəndindən 6 kilometr şimal-şərqdə, Əlincəçayın sağ sahilində antik və ilk orta əsrlərə aid edilən Zoğala yaşayış yeri də ulularımızın ilk sığınacaq yerlərindən biri olubdur. Cənub-qərbdən Zoğala çayı ilə əhatə olunan bu qədim yaşayış yeri görünür adını da məhz bu çaydan alıbdır. Bəzi elmi ədəbiyyatlarda Zağalı, Zoğalı, Zozallı kimi qeydə alınmış bu ad əsl türk mənşəli sözdür. Akademik Vəli Baxşəliyevin “Qədim Culfa” kitabında verdiyi məlumata əsasən, bu qədim yaşayış yerindən 1932-ci ildə rus arxeoloqu İ.P.Şeblikin apardığı kiçik qazıntılar zamanı ilk orta əsrlərə aid iki tunc qrifon və başqa nümunələr tapılıbdır. Qeyd etmək yerinə düşər ki, həmin tunc qrifonların biri Sankt-Peterburqda Dövlət Ermitaj Muzeyində, digəri isə Nizami adına Azərbaycan Ədəbiyyat Muzeyində saxlanılır. Diqqətlə baxıldıqda sifəti, xüsusilə dik qulaqları və iri gözləri iti, canavarı xatırladır. Burun və ağız hissəsi yırtıcı quşların, qartalın dimdiyinə oxşayır. Bədəni və 4 barmaqlı pəncəsi şirə bənzəyir. Boynunun üstündəki qabarıq zolaqdan hər iki yana çəkilən cizgilər isə at yalını xatırladır. Boğazının altından sinəsinə qədər yarpaq formalı nəbati naxışlar uzanır. Qrifonun yuxarı hissəsi dördkünc sütunlu, aşağı tərəfi alçaq dairəvi dayağa bərkidilib. Hündürlüyü 34, diametri 11 santimetrdir. Tədqiqatçılar Zoğala qrifonlarının taxt ayağı olduğunu qeyd ediblər.
Gülüstan kəndindən qərbdə, Araz çayının sol sahilində yerləşən “Ölən şəhər” bu yerlərin möcüzəli yaşayış məskənlərindən sayılır. Xan Arazın sahilindən baş alıb, ensiz zolaq şəklində qərbdən-şərqə doğru uzanan “Ölən şəhər”in bu gün yalnız qalıqları qalıbdır. Bu qədim yaşayış yeri və tarixi abidələri haqqında orta əsr müəlliflərinin əsərlərində çoxlu məlumatlar var. Vaxtilə bu yerlərdə qaynar həyat və geniş ticarət əlaqələrindən soraq verən, xalq arasında “Şah Abbas körpüsü” adlanan körpü və karvansaranın qalıqları bu gün də qalmaqdadır.
Rayonumuzun qədim yaşayış məskənlərindən biri də Camaldın kəndindən 5-7 kilometr şimal-şərqdə, Alməmməd pirinə gedən yolun üzərində yerləşən xalq arasında “Əl-Küti” deyilən yaşayış məntəqəsi də maraq doğurur. Bir çox tədqiqatçılar söyləyirlər ki, qədim yurd yerinin adındakı “Kuti” toponimi eradan əvvəl III minilliyin ikinci yarısında, Cənubi Azərbaycan ərazisində mövcud olmuş Kuti (Quti) dövlətinin adından götürülüb. Arxeoloqların bu yerlərdə apardığı tədqiqatlar zamanı əldə etdikləri maddi-mədəniyyət nümunələri və qalıqları qalan evlərin tikilməsində istifadə edilmiş kərpiclərə əsasən, bu yurd yerinin tarixinin XI-XVIII əsrlərə aid olduğu qənaətinə gəlinir.
I Boyəhməd yaşayış yeri rayonda eyniadlı kənddən şimal-qərbdə, Dərəçayın sol sahilində, dağ silsiləsinin çaya enən yamacında yerləşir. Burada ilkin arxeoloji tədqiqatlar zamanı aşkar olunmuş materiallar hazırda rayon Tarix-Diyarşünaslıq Muzeyində nümayiş etdirilir. Aşkar olunmuş materiallara əsasən, I Boyəhməd yaşayış yerini eradan əvvəl I minilliyin birinci yarısına aid etmək olar.
Bеrdi yaşayış yеri еyniadlı qalanın qərb ətəyində yеrləşir. Yaşayış yеrində еvlər qrup halında, bir-birinin yanında inşa оlunubdur. İnşaat matеrialı kimi daş və çiy kərpicdən istifadə оlunub. Еvlər dördkünc fоrmalıdır. Yaşayış yеrinin həm cənub, həm də şimal qurtaracağında su qaynağı vardır. Burada aparılan axtarışlar zamanı tоplanan yеrüstü matеriallar оlduqca gеniş bir dövrü əhatə еdir. Kеramika məmulatına əsasən, yaşayış yеrini IV-XVIII əsrlərə aid еtmək оlar.
Dəmirli yaşayış yeri eyniadlı çayın sağ sahilində yerləşir. Bu ərazidə xeyli sayda düzbucaqlı və dairəvi formalı evlərin qalıqları vardır. Bəzi hissələrdə iri daşlardan hörülüb, xalq arasında “kələk” adlandırılan tikinti qalıqları qalıb. Ətraf ərazilərdə geniş otlaq sahələrinin olmasına və aparılmış tədqiqatlara əsasən demək olar ki, yaşayış yeri yarımköçmə təsərrüfatla məşğul olan maldar tayfaların yurd yeri olubdur. Bu ərazidən toplanmış arxeoloji materialın azlığına baxmayaraq, onların dövrü göstərir ki, bu mövsümi yaşayış yeri son antik və erkən orta əsrlərə, yəni eramızın I-VII əsrlərinə aiddir.
Kolasu yaşayış yeri Ləkətağ kəndindən şimal-şərqdə, Kolasu çayı ilə Dəmirli çayının qovşağında yerləşir. Burada olan evlərin yerində dördkünc və oval formalı çalalar qalmaqdadır. Ətrafa səpələnmiş tikinti qalıqlarına görə belə hesab etmək olar ki, evlər əsasən, daşdan inşa edilibdir. Kolasu yaşayış yerindən aşkar olunmuş maddi-mədəniyyət qalıqları, bütövlükdə, VI-VIII əsrlərə aiddir.
Qazançı yaşayış yeri indiki Qazançı kəndinin ərazisini və onun şimal hissəsini əhatə edir. Qədim yaşayış yerinin əksər hissəsi müasir tikintilərin altında qalıbdır. Onun yalnız kiçik bir hissəsi salamatdır. O, şimal-şərqdə Qazançı qalası, şərqdə Əlincəçay ilə məhdudlaşır. Yaşayış yerinin şimal-qərbindən avtomobil yolu keçir. Araşdırmalar zamanı yaşayış yerinin ərazisindən heyvan fiqurları və gil çıraqlar əldə edilibdir. Aşkar olunmuş arxeoloji materialların təhlilinə əsasən demək olar ki, Qazançı yaşayış yerində həyat IX-XVIII əsrlər boyu davam edibdir.
Qıtqın yaşayış yeri Xanəgah kəndindən şərqdə, Əlincəçayın sol sahilindən, təqribən 1 kilometr aralıda yerləşir. Yaşayış yeri şərqdə kiçik çay, axan dərin dərə, şimalda isə hündür dağlarla məhdudlaşır. Burada tikinti qalıqları tamamilə dağıldığından onların yerində yalnız daş yığınları qalıbdır. Odur ki, yaşayış yerinin planını dəqiq müəyyən etmək mümkün deyil. Arxeoloji materiallar Qıtqın yaşayış yerinin IX-XVII əsrlərdə mövcud olduğunu deməyə əsas verir.
Ərəzin yaşayış yeri eyniadlı kənddən qərbdə, Naxçıvan-Ərəfsə avtomobil yolunun sağ tərəfində yerləşir. Yerləşdiyi ərazi şimal-şərqdə və cənub-qərbdə quru çay vadisi ilə məhdudlaşır. Yaşayış yerini sel sularının yuyub açdığı yarğanlar bir neçə hissəyə bölübdür. Qədim yaşayış yeri 1989-cu ildə bu ərazidə su hovuzu tikilərkən təsadüfən aşkar olunubdur. Ərəzin qədim yaşayış yeri XIV-XVII əsrlərə aid edilir.
Zərişdərə yaşayış yeri Ləkətağ kəndindən cənub-qərbdə, Əlincəçayın sağ sahilində yerləşir. Yaşayış yerinin ərazisindən hazırda əkin sahəsi kimi istifadə olunur. Odur ki, onun sərhədlərini dəqiq müəyyənləşdirmək mümkün deyil. Yerli əhalinin verdiyi məlumata görə, vaxtı ilə burada böyük məscid və yaşayış evləri olubdur. Yaşayış yerinin şərq qurtaracağında pir vardır. O, dairəvi formada iri daşlar və kollarla əhatələnibdir. Arxeoloji materialların təhlili göstərir ki, Zərişdərə yaşayış yerində həyat təxminən XVI-XVIII əsrlərdə davam edibdir.
İlandağ yaşayış yeri Gal kəndindən şimal-şərqdə yerləşir.Abidənin şərq tərəfindən Gilançay istiqamətində gedən torpaq yol keçir. Aşkar edilmiş tapıntılara və tikinti qalıqlarına əsasən demək olar ki, bu yaşayış yerində antik dövrdən XI-XVIII əsrlərədək yaşayış olubdur.
Yeycə yaşayış yeri Culfa rayonunun Saltaq kəndindən şimal-şərqdə, Əlincəçayın sol sahilində, uzunsov təpənin üzərində yerləşir. Təpə ətraf yerlərə nisbətən bir qədər hündürdədir. Burada evlər daş və möhrədən tikilmişdir. Onlar tamamilə dağıldığından yerlərdə dördkünc və oval çalalar qalıbdır. Tədqiqatlar göstərir ki, bu tikinti qalıqları son orta əsrlərə aiddir.
Kırna yaşayış yeri eyniadlı kəndin şərq tərəfində yerləşir. Onun tutduğu ərazi girintili-çıxıntılı olub, şərqdən hündür dağ silsiləsi, qərbdən Əlincəçay, şimal və cənubdan isə dərələrlə tamamlanır. Qədim yaşayış yerinin çox hissəsi hazırda yeni tikintilərlə örtülübdür. Kiçik bir sahədə-hündür təpənin üzərində və ətəklərində orta əsrlərə aid maddi-mədəniyyət qalıqlarına rast gəlinir. Təpənin üzərində orta əsrlərə aid türbə də var. Bu nadir memarlıq abidəsi təbii aşınmaya və dağıntıya məruz qalıbdır.
Saltaq yaşayış yeri eyniadlı kəndin şərqində, Əlincəçayın sol sahilində yerləşir. Bəzi yerlərdə qədim tikintilərin dağılmasına baxmayaraq, şimal-şərq tərəfdə uçub-tökülmüş tikinti qalıqları hazırda yaxşı vəziyyətdədir.
Xanəgah yaşayış yeri Xanağa kəndindən şimal-şərqdə, Əlincəçayın sol sahilində yerləşir. Yaşayış yeri hər tərəfdən dağlarla əhatə olunmuş dərədə salınıbdır. Hazırda yaşayış yerini iki hissəyə bölən kiçik çay axır. Çayın sahilini aşınmadan qorumaq üçün bu hissə şəhərtipli yaşayış yerlərinə uyğun şəkildə başdan-başa daşla hörülübdür. Lakin bu tikintilərin hazırda az bir qismi qalıbdır. Xanəgah yaşayış yerindən toplanmış çəhrayı rəngdə bişirilmiş qab parçaları, küpə, kasa nimçətipli qabların və digər aşkar olunmuş arxeoloji materialların təhlili Xanəgah yaşayış yerini XI-XVIII əsrlərə aid etməyə imkan verir.
Xarabalıq yaşayış yeri Ərəfsə kəndindən şimal-şərqdə yerləşir. Onun şərq hissəsində uçub tökülmüş tikinti qalıqları aydın nəzərə çarpır. Lakin tikintilər çox dağıdıldığından onların planını müəyyən etmək mümkün deyil. Yaşayış yerinin böyük bir hissəsi şumlanaraq əkin sahəsi kimi istifadə edilib. Nisbətən salamat qalmış şərq tərəfdə orta əsrlər üçün xarakterik olan çəhrayı rəngli gil qab parçaları tapılıb.
Koreymər yaşayış yeri Teyvaz kəndindən şimalda, hündür təpənin yamacında yerləşir. Yaşayış yerinin ərazisində dördkünc formada daş və möhrədən tikilmiş evlərin qalıqları qalmaqdadır. Burada aparılan araşdırmalar zamanı son orta əsrlərə aid çəhrayı rəngli, şirli və şirsiz keramika nümunələrinə rast gəlinib. Yerli əhalinin verdiyi məlumata görə, burada həyat keçən əsrin ortalarınadək davam etmişdir. Aşkar olunmuş arxeoloji materiallar XVIII-XIX əsrlərə aiddir. Qeyd edək ki, XVIII-XIX əsrlərə aid Çətəndaş yaşayış yeri də Teyvaz kəndinin şərqində yerləşir.
Üçtəpə yaşayış yeri Yaycı kəndinin cənub-şərqində, Araz çayının sol sahilindən təqribən 2 kilometr aralıda yerləşir. Yaşayış yerinin ərazisi dərin yarğanlarla bir neçə hissəyə bölünüb. Abidənin şimal-şərqindən dəmiryol xətti keçir. Daş və möhrədən tikilmiş bəzi evlərin qalıqları indiyədək qalır. Aşkar olunmuş arxeoloji materiallara əsasən, Üçtəpə yaşayış yerini X-XVIII əsrlərə aid etmək olar.
Paradaş yaşayış yeri Xoşkeşin kəndindən şimalda, Gülnəzər kəndinə gedən torpaq yolun kənarında yerləşir. Buranın xarabalıqları indiyədək qalır. Evlərin bəzisinin içəri divarlarında taxçalar düzəldilib. Yaşayış yerində aşkar olunan arxeoloji materiallar XIV-XX əsrlərə aiddir. Bu ərazidən bir az irəlidə, dağ yamacında Gülnəzər yaşayış yeri də yerləşir.
Anzır yaşayış yerləri Xanəgah kəndindən şimalda, dağ yamacında yerləşir. Baş Anzır, Orta Anzır, Aşağı Anzır olmaqla, üç yerə ayrılan yaşayış yerlərində evlər dördkünc formalıdır. Divarların aşağısı daşdan, yuxarısı isə möhrədən tikilib. Hər üç yaşayış yerində bulaq var. Son orta əsrlər dövrü üçün xarakterik materiallarla zəngin olan yaşayış yerlərini XV-XX əsrin ortalarına aid etmək olar.
Bundan sonra da yurdumuzun sirli-sehrli dünyası arxeoloq, etnoqraf və tarixçilər tərəfindən öyrəniləcək, əldə olunan nəticələr qədim yurd yerlərimiz, bu yerlərdə məskunlaşmış tayfalar və onların həyat tərzi daha dərindən araşdırılacaq. Şübhəsiz, geniş ərazini əhatə edən rayonumuzun hansı yerində arxeoloji işlər aparılsa, çoxəsrlik tarix, bir dünya aşkarlanar. Bu mənada ulu babalarımızın ruhu yaşayan, sirri hələ də tam dəqiq açılmayan qədim yurd yerlərimiz oxunmamış bir mənbə, əvəzi, qiyməti olmayan bir xəzinədir.
Elin deyimləri, söz yozumları,
Xalqın yaddaşıdır, elin varıdır.
Hər saxsı parçası, hər məzar daşı,
Elin yaddaşıdır, elin yaşıdır.
Ədalət Əhmədov
“Arazın səsi” qəzeti