Monumental abidələr müəllifi - Elman Cəfərov - FOTOLAR
Naxçıvan tarixi abidələrin qoynunda zəngin görünür. Tarixi zənginliyə rəng qatan sənət nümunələri, monumental heykəllər isə meydan və küçələrə yaraşıq verir. Ünvan dəyişdikcə möhtəşəm heykəllərin siması da başqalaşır. Naxçıvan şəhərinin mərkəzi meydanlarından biri olan Heydər Əliyev prospektində "Təbriz" mehmanxanasının önündə isə vüqarla ucalan müdrik el ağsaqqalımız Dədə Qorqudun heykəli ilə qarşılaşırıq. Şəhərimizə gözəllik gətirən bu monumental heykəl hər birimizin diqqətini cəlb edib. Ayaq saxlayıb bu heykəlin önündə şəkil çəkdirdiyimiz də olub. Bəzən də sevincli, kədərli anlarımıza şahid olublar. Dəfələrlə bu sənət əsərlərinin qarşısından keçib getsək də, onu yaradan müəllifin kimliyi bizi az düşündürüb. Şəhər sakinlərinin hər gün qarşılaşdığı bu monumental sənət əsərinin müəllifi Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi, rəssam, heykəltaraş Elman Cəfərovdur.
Heykəltaraşlar daşları duyan, daşlarla danışan insanlardır. Daşları cilalayaraq onları yenidən şəkilləndirən kəslərdir. Daşlara yeni həyat verən bu insanlar incəsənət tariximizə çox dəyərli incilər bəxş ediblər. Xalq şairi M.Araz demişkən:
Bir qayaya söykənmişəm,
deyirəm kaş,
Bax beləcə daşa dönəm
Yavaş-yavaş.
Taleyimi qayaların taleyinə
Bağlayam mən.
Bircə insan düşüncəmi saxlayam mən.
O, taleyini qayalara, lal daşlara bağlayıb onlara ruh verdi. Elə sənət əsərləri yaratdı ki, yüzilliklər keçsə belə, əbədi yaşayacaqlar. Bu əsərlər öz varlığını qoruduqca onu yaradan, ruh verən müəllifini də yaşadacaqdır.
Cəfərov Elman Məhərrəm oğlu 1951-ci ildə iyul ayının 5-də Naxçıvan şəhərində anadan olub. Orta təhsilini o vaxtkı Əkbər Ağayev adına internat- məktəbdə alıb. Kiçik yaşlarından sənətə həvəsinin olduğunu duyan valideynləri onu indiki Heydər Əliyev adına Uşaq Gənclər Yaradıcılıq Mərkəzində fəaliyyət göstərən dərnəklərə yönləndiriblər. Burada rəssamlığın, musiqinin, heykəltaraşlığın ilkin sirlərinə vaqif olan Elman Cəfərovu hər kəs "balaca rəssam" deyə tanıyıb. Hələ məktəb illərindən əsərləri ilə sərgilərdə iştirak edən bu balaca rəssam öz üzərində əzmlə çalışıb. Sənətin peşəkarı olmaq üçün istedadla yanaşı zəhmətin də gərəkdiyini anlayıb.
Elman Cəfərov təhsil yollarında uğurla addımlayıb. 1968-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə qəbul olur. 1972 ci ildə Rəssamlıq Məktəbini fərqlənmə ilə bitirir. 1975-1980-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alır. Məşhur sənətkarların əhatəsində yoğrulub bu sənətin sirlərinə daha dərindən vaqif olur. Bu böyük sənət ocağında Lətif Kərimov, Mikayıl Abdullayev və Tokay Məmmədov kimi görkəmli sənətkarlardan rəsamlıqla yanaşı heykaltəraşlığın müxtəlif texnikalarını mənimsəyir. Fərqli baxış bucağı və rəng seçimi ilə maraq doğuran gənc fırça sahibi kimi müəllimlərinin diqqətini cəlb edir. Bu ustad sənətkarların tövsiyələri Elman Cəfərovun yaradıcılığının hərtərəfli inkişaf etməsində böyük rol oynayır.
O, rəngkarlıq, heykəltaraşlıq, qrafika, dekorativ-tətbiqi sənət nümunələrinin müxtəlif janrlarında əsərlər yaratmağa nail olur.
Heykəltaraş monumental, dəzgah, büst portretlər, barelyef, qorelyef, monumental dekorativ və dekorativ heykəltaraşlıq növlərinə müraciət edərək, dəyərli sənət nümunələri ərsəyə gətirib. Elman Cəfərovun heykəltaraşlıq nümunələri Naxçıvan şəhərinin və muxtar respublikanın bir neçə rayonlarının mənzərəli yerlərini bəzəyir, yerləşdiyi məkanın mahiyyətini açıqlayır.
Xalqımızın dünənini, bu gününü özündə yaşadan abidələrin ucaldılmasında Elman müəllimin əməyi əvəzsizdir.
Memarın ərəb işğalçılarına qarşı amansız olan, əsarətə boyun əyməyən, azadlığı hər şeydən üstün tutan Babəkin onun adını daşıyan rayonda ucaldılmış heykəli də sənət nümunəsi kimi əvəzsizdir. Eyni mövzuya dəfələrlə müraciət etmək və hər dəfəsində yeni bir fikir aşılamaq, əlbəttə, sənətkardan böyük bir məharət, istedad tələb edir. Elman Cəfərovun bu sahədəki axtarışları bu monumental heykəllərin uğurlu həlli ilə nəticələnib. İstər Naxçıvan şəhərindəki, istər Babək rayonundakı əzəmətli el qəhrəmanının vüqarlı obrazı, bu yerin qonaqlarının diqqətini özünə cəlb etməyə bilməz.
Heykəltaraşın qəhrəmanlıq motivləri əsasında yaratdığı digər sənət nümunələri də var. Belə ki, "Vətən mənə oğul desə, nə dərdim" amal və düşüncəsiylə torpaqlarımızın azadlığı uğrunda ölümün gözünə dik baxan oğullardan biri olan Mir Əsgər Seyidovun təhsil aldığı məktəbin foyesində canlandırılmış abidəsi ruhən, daim bizimlə olduğuna və olacağına bariz sübutdur.
Naxçıvanın müdafiəsi uğrunda gedən döyüşlərdə sinəsini sipər edən igid oğullarımızdan biri olan İdris Məmmədovun surəti də Elman müəllimin tişəsi ilə əbədiləşib. Onun adına yaradılan abidə kompleksi, doğulub boya-başa çatdığı məhəllədə seyrangaha çevrilib. İdris Məmmədov küçəsində şəhidin barelyefi, gəncliyimizə vətənpərvərlik nümunəsi olmaqla yanaşı, onun xatirəsini də yaşadır. Həmçinin sənətkar Babək rayonunun mərkəzi hissəsində özünə yer alan, şəhidlərimizin xatirəsinə həsr olunmuş guşədə şəhid Vəli Mahmudovun büstünün də müəllifidir.
Elman məllimin müəllifi olduğu barelyef və qorelyeflər həm də muzeylərimizin eksponatları sırasındadır. Onun Azərbaycanın milli diviziyasının yaradıcılarından biri olan məşhur sərkərdə Cəmşid Naxçıvanskinin ev- muzeyinin fasadında yer alan barelyefi uğurlu bir sənət nümunəsidir.
Elman Cəfərovun böyük və əvəzsiz sənət əsərləri içərisində daha çox sevilən ümummilli lider Heydər Əliyevə həsr etdiyi büst abidədir. Ulu öndərə olan ümumxalq məhəbbəti bir abidə üzərində yaratmaq o qədər də asan deyil. Ulu Öndərin büst heykəli Naxçıvan Dövlət Rəsm Qalereyasının mərkəzi guşəsində nümayiş olunan dəyərli eksponatlar sırasındadır.
Elman Cəfərovun fikrincə: "Bəstəkar öz fikirlərini musiqi ilə, şair sözləri ilə, heykəltaraş isə fikirlərini plastika ilə çatdırır. Sənətini yaxşı bilməksə yaradıcı insanın öz sənətində daha da dərinləşməsinə imkan verir. Yaradıcılıqla məşğul olmaq böyük bir xoşbəxtlikdir. Rəssamlığı bilməsən, heykəltaraş ola bilməzsən. Heykəltaraş isə obrazın oxşarını yaratmaqla yanaşı, onun emosiyasını, xarakterini də ifadə etməlidir. Obrazı yaradarkən ilk öncə onun eskizləri üzərində işləməlisən, yaşadığı zamanı, tarixi mərhələni, geyimləri, xarakteri bilməlisən ki, yaxşı sənət əsəri ortaya qoya biləsən. Materialın yağlı, sulu boya, adi qara qələm, metal, tunc, gil də ola bilər. Tozdan, torpaqdan, əlini kəsməkdən, qorxmadan, ürəklə işləməlisən. İstirahətin də elə işləyərkən olmalıdır. Bax onda yorğunluğunu belə duymursan. Sanki yaratdığın əsərlə bütövləşirsən. Bəzən də elə zamanların olur ki, heykəl üzərində işləməkdən uzaqlaşıb, rəsmlə qrafika ilə məşğul olursan. Ən əsası yaradıcılıq əzmində olmalısan”.
İncəsənətin bir çox sahələrini incəliklərinə qədər daxilində yaşadan Elman müəllim duyduğu, düşünüb–düşündürdüyü həyat fəlsəfəsini yaratdığı əsərlərlə təkcə vətəndə deyil, həm də xarici ölkələrdə nümayiş etdirib. Səfər etdiyi ölkələrdə görüb-götürdüyü yeni sənət cərəyanları, şərq-qərb mədəniyyətinin sənətdəki axımları onun da sənətində sintezləşib. Abstrak və realizm üslubunda heyranedici rəsm əsərləri yaradıb. Qarışıq texnika ilə, qara tuşla işlənmiş qrafik rəsm əsərləri, kitab illisturasiyaları Elman Cəfərovun səbir və sevgi ilə ərsəyə gətirdiyi əməyinin nəticəsidir. "Həyat eşqi", "20-ci əsrin cəlladları", "Qatarda", "İlkinin portreti", "Ailə", "Bəşəriyyətə sülh", "Qaçqınlar", "Aylı gecə", "Emalatxanada", "Dəniz kənarında", "İçəri şəhər", "Düşüncə", "Haçadağ" kimi rəsm əsərləri Elman Cəfərovun yaratdığı qiymətli irsidir.
Elman Cəfərov gözəl rəsm və monumental əsərlər yaratmaqla yanaşı, pedaqoji fəaliyyətini də davam etdirir. Naxçıvan Dövlət Universitetində dərs dediyi tələbələrə sənətin incəliklərini tədris edir.
Yetmiş illik yubiley sərgisinə hazırlaşan rəssam yeni sənət görüşlərində də həvəslə iştirak edir. Yaxın günlərdə muxtar respublikamızda keçirilən “Naxçıvan-bəşəriyyətin beşiyi" V Beynəlxalq Rəsm Festivalının iştirakçısı olan Elman müəllimin "Bəşəriyyətə sülh" adlı rəsm əsəri sərgidə izləyicilər tərəfindən maraqla qarşılanıb. Sənətkar bu gün də axtarışdadır. Tariximizi özündə yaşada biləcək sənət nümunələrinin sorağındadır. Biz də 70 illik ömrün astanasında, həyatının müdriklik çağını yaşayan Elman Cəfərova bahar təravətli həyat, sənət uğurları arzulayırıq.
Lalə Allahverdiyeva
Naxçıvan televiziyasının əməkdaşı