Naxçıvanda turizm bələdçiləri üçün təlimə start verilib

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Regional Peşə Tədris Mərkəzində keçirilən təlim Ümumdünya Turizm Bələdçiləri Assosiasiyaları Federasiyasının beynəlxalq təlimçisi Səkinə Əsgərova tərəfindən aparılır. Təlimdə turizm şirkətlərinin rəhbərləri və bələdçilər iştirak edir. Dörd günlük təlimi uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunacaq.

Təlimdə Səkinə Əsgərova iştirakçılara turistlərlə ünsiyyətin qurulması, yerli və xarici turistlər üçün təşkil olunan turların texniki tərəfləri, bələdçilik peşəsinə yiyələnmək üçün vacib olan şəxsi keyfiyyətlər, turizm sahəsində beynəlxalq təcrübələr barədə məlumatlar verib. Dörd gün davam edəcək təlimdə bələdçilərə həm nəzəri, həm də praktiki biliklər aşılanacaq.

Qeyd edək ki, ötən ay Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilən peşə təhsili üzrə kadr hazırlığı aparılması nəzərdə tutulan ixtisasların siyahısında “Turizm agenti” peşəsi üzrə kursun tədris planı da təsdiq edilib. Artıq bu qərarın icrası istiqamətində zəruri tədbirlərin icrasına başlanılıb. Bu qərar muxtar respublikanın turizm sahəsində ixtisaslı kadrlara olan tələbatın qarşılanmasına və bu sahədə daha peşəkar xidmət səviyyəsinin formalaşmasına müsbət təsirini göstərəcək.

Röyal Kərimov
 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: