Naxçıvanda turizm marşrutları üzrə bələdçilərin texniki-peşə bilikləri təkmilləşdirilir

A- A A+

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin birgə təşkilatçılığı ilə Naxçıvan Regional Peşə Tədris Mərkəzində keçirilən “Naxçıvan Muxtar Respublikasında mövcud olan turizm marşrutları üzrə bələdçilərin texniki-peşə biliklərinin təkmilləşdirilməsi” təlimi başa çatıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təlim Azərbaycan Turizm Bürosunun Sənaye Assosiasiyaları üzrə meneceri, Ümumdünya Turizm Bələdçiləri Assosiasiyaları Federasiyasının (WFTGA) beynəlxalq təlimçisi Səkinə Əsgərova tərəfindən aparılıb.

Tədris müddətində müdavimlərə turizm marşrutları üzrə bölgələrin coğrafiyası, tarixi, iqtisadiyyatı, incəsənət və əsas mədəniyyət mərkəzləri, muzeyləri, maddi və mədəni tarixi-memarlıq abidələri, eyni zamanda, bölgə əhalisinin etnoqrafik xüsusiyyətləri haqqında ətraflı məlumat verilib. Təlim iştirakçılarına bu sahədə fəaliyyət göstərən şəxslərin xarici dil biliklərinə, yüksək ünsiyyət qurma, səlis, işgüzar və mədəniyyətlərarası danışıq bacarığına, ölkənin coğrafiyası, tarixi və mədəniyyəti barədə ətraflı biliklərə, dünyagörüşünə malik olmasının əsasları və şərtləri izah olunub.

Dörd gün davam edən təlimdə iştirakçılara “Kursun məqsədi və obyektləri”, “Turizm bələdçisinin rolu”, “Müxtəlif növ turlarda bələdçilik fəaliyyəti”, “Bələdçi mətninin strukturu”, “Səs, sözlərdən istifadə, sualların idarə edilməsi”, “Turizm məhsulu və turizm marşrutunun inkişaf etdirilməsi”, “Gəzinti və avtobus turunda beynəlxalq standartlar” mövzusunda seminarlar tədris olunub. Həmçinin Naxçıvan Muxtar Respublikası üzrə tematik, muzey, gəzinti və avtobus turları üzrə praktik məşğələlər təşkil edilib.

Təlimi uğurla başa vuran iştirakçılara şəhadətnamə və dinləyici sertifikatları təqdim olunub.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası digər sahələrlə bərabər peşə təhsilinin inkişafına da yeni imkanlar yaradıb. Bu sahədə həyata keçirilən ardıcıl tədbirlərlə yanaşı, yeni xidmət sahələri üzrə peşə kurslarının təşkili də diqqət mərkəzində saxlanılır. “Naxçıvan Muxtar Respublikasında mövcud olan turizm marşrutları üzrə bələdçilərin texniki-peşə biliklərinin təkmilləşdirilməsi” təlimi də bu çərçivədə təşkil edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: