1986-cı ildə qeydə alınan Kolanı nekropolu

A- A A+

Arxeoloji tədqiqatlar nəticəsində Şahbuz rayonu ərazisində xeyli sayda tarixi və arxeoloji abidələr aşkar olunub. Xalqımızın keçmişini öyrənmək üçün əvəzsiz mənbə olan həmin abidələrin hər biri  orijinallığı ilə seçilir. Rayon ərazisində olan Kolanı nekropolu eyniadlı kəndin yaxınlığında, Naxçıvançayın sol sahilində  yerləşir.  e.ə. I minilliyin əvvəllərinə aid  olan bu arxeoloji abidə 1986-cı ildə qeydə alınıb. Abidədə sal daşlardan qurulmuş 16 daş qutu qəbir öyrənilib. Qəbirlərin torpaq örtüyündən və içərisindən xeyli çəhrayı gil məmulatı, tunc silah və bədii tərtibatda hazırlanmış bəzək şeyləri (boyunbağı, üzük, sırğa, bilərzik, muncuq, düymə, quş fiqurları və s.) obsidian (dəvəgözü) lövhələr, ox ucluqları, əqiq və balıqqulağından hazırlanmış muncuqlar aşkar edilib. Son Tunc və ilk Dəmir dövrlərinə aid bir daş qutu qəbirin yan hörgü daşları üzərində sxematik şəkildə çəkilmiş atlı rəsmi və müxtəlif piktoqrafik işarələr sənətkarlıq xüsusiyyətlərinə görə Gəmiqaya rəsmləri ilə eyniyyət təşkil edir.  Abidədən aşkarlanmış tapıntılar Naxçıvan ərazisi üçün səciyyəvi olub, Xocalı-Gədəbəy mədəniyyəti abidələrində analogiya tapır.

Qeyd edək ki, həmin nümunələr Şahbuz rayon Tarix-Diyarşünaslıq muzeyində və Naxçıvan Dövlət Tarix muzeyində saxlanılır.

                                                        “Oğuz səsi” qəzeti

                                                     Mənbə: “Naxçıvan ensiklopediyası”

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: