Hüseyn Cavidin ev muzeyinin 40 illiyi qeyd edilib - FOTOLAR

A- A A+

Bu gün görkəmli şair-dramaturq Hüseyn Cavidin Naxçıvan şəhərindəki ev muzeyinin yaradılmasından 40 il ötür. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu münasibətlə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və AMEA Naxçıvan Bölməsinin təşkilatçılığı ilə tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə şair-dramaturqun və onun ailə üzvlərinin uyuduğu məqbərəni ziyarət edib və gül dəstələri qoyublar.

Dahi şairin Naxçıvan şəhərindəki ev-muzeyində keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova romantik şairin bəşəri ruhlu, həmişəyaşar yaradıcılığından, Cavid şəxsiyyətinə və irsinə dövlət qayğısından söhbət açıb.

Vurğulanıb ki, ötən əsrin 70-ci illərindən başlayaraq Cavid irsi ölkəmizdə geniş tədqiq olunmağa başlayıb, əsərləri kütləvi tirajla nəşr olunub, pyesləri teatrlarda dəfələrlə səhnəyə qoyulub, xatirəsi  əbədiləşdirilib. Xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1981-ci il iyul ayının 21-də “Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında” qəbul olunan qərardan sonra böyük şair və dramaturqun uşaqlıq və gənclik illərini yaşadığı evdə ev muzeyi yaradılıb. Ulu öndərimiz Heydər Əliyevin böyük səyləri və cəsarəti sayəsində Hüseyn Cavidin cənazəsi 1982-ci ildə Azərbaycana gətirilərək doğulduğu Naxçıvan torpağında dəfn olunub.

Qeyd olunub ki, doğma diyarımızda  Cavid irsinin yaşadılması, öyrənilməsi və təbliğ olunması xüsusi diqqətdə saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı Sərəncamlar və təsdiq etdiyi Tədbirlər Planına əsasən, muxtar respublikamızda da böyük sənətkarın yubiley tədbirləri yüksək səviyyədə təşkil olunub, elmi konfranslar və simpoziumlar keçirilib, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Hüseyn Cavidin “Şeyx Sənan”, “Xəyyam” və “İblis” əsərləri tamaşaya hazırlanıb. Şair-dramaturqun ev muzeyi və xatirə kompleksində əsaslı təmir-bərpa işlərinin aparılması, həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci il 15 may tarixli Sərəncamına əsasən hər il oktyabrın 24-nün - ədibin anadan olduğu günün Naxçıvanda “Hüseyn Cavid Poeziya Günü” kimi qeyd olunması böyük sənətkara dərin ehtiramın və ədibin ümumbəşəri yaradıcılığına məhəbbətin bariz ifadəsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların siyahısı”na Hüseyn Cavidin “Azər” poemasının daxil edilməsi isə ədibin zəngin irsinin gənc nəslə çatdırılması sahəsində atılan mühüm addım kimi dəyərləndirilir. 2019-cu ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamına əsasən keçirilən dahi ədibin oğlu Ərtoğrol Cavidin 100 illik yubiley tədbirləri də Cavid irsinə göstərilən qayğının daha bir ifadəsidir.

Natəvan Qədimova bildirib ki, bu gün yaradılmasının 40 illliyi qeyd edilən, 1984-cü il iyunun 9-da rəsmi açılışı olan Hüseyn Cavidin Ev Muzeyi cəmi 150 eksponatla fəaliyyətə başlayıb. 2015-ci ildən ev muzeyinin yaxınlığında Cavidlər nəslinin uyuduğu məzarüstü məqbərə də daxil olmaqla Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksi  adlandırılan ev-muzeyi və xatirə kompleksində bu gün 10 minə yaxın eksponat mövcuddur.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Əməkdar mədəniyyət işçisi Asim Əliyevin “Hüseyn Cavidin həyat və yaradıcılığı”, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovun “Ulu Cavid xatirəsini yaşadan ocaq: Cavidin ev muzeyi”, Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksinin direktoru Tünzalə Dilanovanın “Hüseyn Cavid irsinin təbliğində muzeyin rolu” mövzularında çıxışları olub. Çıxışlarda ulu öndər Heydər Əliyevin böyük Cavid şəxsiyyətinə, irsinə, ailəsinə göstərdiyi qayğıdan geniş söhbət açılıb, böyük sənətkarın xatirəsinin əbədiləşdirilməsi üçün dövlət səviyyəsində görülən işlər qeyd edilib.

Tədbirdə C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyorlarının ifasında Hüseyn Cavidin əsərlərindən müəyyən parçalar bədii qiraət olunub.

Sonda tədbir iştirakçıları muzeyin ekspozisiyası ilə tanış olublar.

                                                        Adilə Səfərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: