Uşaqların sağlam böyüməsi həm də cəmiyyətin sağlamlığı deməkdir. Uşaqları sağlam böyütmək, hərtərəfli inkişaf etdirmək üçün şifahi xalq ədəbiyyatı müstəsna rol oynayır. Belə ki, folklorun əsas qollarından biri olan uşaq folklorunun əsas hissəsini oyunlar təşkil edir. Sevindirici haldır ki, xalqımız hər yaşa uyğun uşaq oyunları yaradıbdır. Oyunların qorunub saxlanılmasında, itib-batmamasında, gələcək nəsillərə çatdırılmasında valideynlərlə yanaşı, müəllimlərin də rolu böyükdür. Evdə valideyn, məktəbdə də müəllim idman dərslərində uşaq oyunlarının bir neçəsindən istifadə etməklə buna asanlıqla nail ola bilər.
Əvvəllər məktəbdə tənəffüs zamanı “Bənövşə” oyunu çox sevilərək oynanılan oyunlardan biri idi. İndi isə, demək olar ki, bu cür oyunlar oynanılmır. Bu da uşaq oyunlarının zaman-zaman itib-batmasına səbəb olur. Çünki indiki uşaqlar daha çox elektron cihazlarla oyunlar oynayırlar, beləliklə də, həm zehinlərini yorur, həm gözlərini məhv edir, həm də şüalanırlar. Bir sözlə, belə şüalı oyunlar uşaqların sağlamlıqlarını əlindən alır. Buna görə də uşaqları bu oyunlardan çəkindirmək, onları uşaq folklorunda yer alan oyunlara meyilləndirmək, bu oyunlara maraq yaratmaq və sevdirmək gərəkdir. Bu məsuliyyəti isə valideyn və müəllim arasında bölmək lazımdır. Yəni bu proses birtərəfli mümkün deyil. Bu iş paralel şəkildə, evdə və məktəbdə aparılmalıdır. Məktəbdə bunun ən yaxşı yolu məhz fiziki tərbiyə dərsləridir.
Uşaq oyunları sağlamlıq və zehnin inkişafı üçün çox önəmli rol oynayır. Oyunların bir qismi zehni inkişaf etdirən, bir qismi də sağlamlığı artıran, yəni idman xarakterlidir.
İdman xarakterli oyunlara “Gizlənqaç”, “Ortayagirmə”, “Çiləmə”, “Qovalaqaç” və digərlərini aid edə bilərik.
Zehni inkişaf etdirən oyunlardan isə “Son hərfə görə söz demə”, “Qəcəmədaş”, “Ad oyunu” və sairə adlarını çəkə bilərik. “Qəcəmədaş”, “Beşdaş” da maraqlı və faydalı uşaq oyunlarındandır. Oyun iki nəfər arasında olur. Oyuna başlayan beş daşı əlində komalayıb atır yerə. Sonra onlardan birini - hansını istəsə, götürür əlinə. Buna “səqqə” deyirlər. Sonra bu “səqqə” deyilən daşı göyə atıb bir-bir daşları götürür əlinə. Gərək səqqə yerə düşməyə, daşlar da tərpənib bir-birinə dəyməyə. Qeyd edək ki, oyunda ancaq bir əldən istifadə edirlər. İkinci əli işlətmək olmaz. Birinci mərhələ belə başa çatır. Oyun bir neçə mərhələ olur. Get-gedə oyunun şərtləri çətinləşir. Sonra daşları iki-iki, daha sonra üç-bir götürürsən əlinə. Bu mərhələ keçdikdən sonra daşlar hamısı göyə atılır. Yerə düşən daşlardan birini sağ əlinə alıb sonra sol əlin iki barmağını - baş və orta barmağı körpü yaradacaq şəkildə yerə qoyursan. Rəqib oyunçu yerdəki daşlardan oyun zamanı daşlara maneə törədəcək olanı seçir ki, daşlar ona dəysin, oyunçu uduzsun. Oynayan səqqəni göyə atır, tutana qədər yerdəki daşların hamısını bir-bir, sonra iki-iki, sonra birini bir, üçünü bir, axırda da hamısını birdən, seçilmiş daş da daxil olmaqla iki barmağının arasından keçirməlidir. Uduzan oyunu başdan başlamalıdır. Oyunu başa çatdıran qalib hesab olunur. Qalib olan uduzana cəza verir. İki əlinin ortasına bir daş qoyur, əllərini bir-birinə bükülü – bir az yer saxlayacaq şəkildə “küpədən bal çıxart” deyir. Uduzan daşı götürmək istəyəndə əlini tutur, icazə vermir götürməyə, o isə bir yolunu tapıb götürməlidir. Və yaxud iki barmağının arasına daşı qoyub sıxaraq “quş göstər” deyir. Olduqca maraqlı olan bu oyun böyük məharət və diqqət tələb edir. Çünki oyunçu həm atdığı daşa baxır ki, tuta bilsin, həm də yerdəki daşları qaydasında, digərlərinə dəymədən götürməlidir.
Belə oyunlar uşaqların diqqətini də artırır. N.K.Krupskayanın təbirincə desək, “oyunda uşağın gözü iti görür, zirəkliyi, təşəbbüskarlığı inkişaf edir, iradəsi möhkəmlənir”. Deməli, bu kimi oyunların uşaqların məharətinin ortaya çıxmasında, özünə inamında, diqqətinin paylanmasında böyük əhəmiyyəti vardır.
Bu oyunda həm də uşaq çətinlikdən çıxmağın yolunu axtarır. Daşın barmaqlarını sıxıb incitməsinə baxmayaraq, “quş tapması” və “küpədən bal” çıxartmaqla barmaqlarının üstünün cırmaqlanması ilə anlayır ki, məqsədinə nail olmaq üçün çətinliklərin öhdəsindən gəlməlidir. Uşaqların dünyagörüşünü, onların söz ehtiyatını artıran oyunlardan biri də “Ad oyunu”dur. Bu oyunda iki və daha çox uşaq (oğlan və qızlar) oynaya bilər. Hərə bir ağ vərəq götürür, onu bir neçə sütuna bölür. Sütunun başında ad-soyad, şəhər və ölkə, kənd, heyvan və həşərat, meyvə-tərəvəz, kino, əşya yazılır. Doqquzuncu sütuna isə xal sözü yazılır. Oyuna hansı hərflə başlamaq üçün ilk hərfi deyəni seçmək lazımdır. Bunun üçün püşklə seçilən uşaq ya ilk hərfi deyir, ya da qələmi yazının üstündə fırlayır, uşaqlar “dur” deyəndə dayanır. Hansı hərfin üstünə düşsə, onunla başlayırlar. Sonrakı mərhələlərdə isə oyunun qalibi hərfi müəyyən edir. Bu oyunda bəzən vaxt qoyulur, bəzən də ən tez yazıb qurtaran “bitdi” deyərək oyunu dayandırır. Sonra isə bir-bir yoxlayırlar. Düz olanlara xal yazılır. Əgər eyni adı başqası da yazıbsa, onda xallar ikiyə bölünür, yarısını digər uşaq, yarısını da özü yazır. Hər oyunun sonunda xal sütununa xalların cəmi yazılır. Beləliklə, oyun davam etdirilir. Neçə oyun oynayacaqları uşaqlar tərəfindən əvvəlcədən müəyyən edilir. Əgər oyun 10 turdan və yaxud 15 turdan ibarətdirsə, turlar tamam olanda ümumi ballar cəmlənir. Balı yüksək olan qalib olur. Bu oyunun uşaqların dünyagörüşünün, zehninin inkişafında nə qədər böyük rol oynadığını görürük. Birbaşa leksikanı zənginləşdirir. Həm də onlarda şəhər və ölkələrlə bağlı biliyi artırır, uşaq kəndlərin adını mənimsəyir, heyvanlarla bağlı geniş məlumata sahib olur, meyvə-tərəvəz adları sarıdan lüğəti zənginləşir, filmlərlə bağlı dünyagörüşü və biliyi artır, həm də əşyalarla bağlı müəyyən məlumat əldə edir. Bunlardan başqa, onlarda sürətli düşünmə vərdişini də formalaşdırır. Çünki verilən zaman içində və yaxud ilk olaraq sözləri tapan oyunu dayandırmalıdır. Vaxtdan düzgün istifadə etmək, sürətli olmaq oyunçunun qalibiyyəti deməkdir.
Bu yerdə vaxtla, zamanla bağlı bir neçə atalar sözünü də xatırlatmaq yerinə düşər: “Vaxtı itirsən hədər, görərsən böyük zərər”, “Vaxt qızıldan qiymətlidir”, “Vaxtını itirən baxtını itirir”.
“Vaxt” məfhumuna diqqət çəkməkdə məqsəd hər kəsdə uşaqlıqdan vaxta qənaət, vaxtdan səmərəli istifadə, vaxtı dəyərləndirmə vərdişlərinin formalaşdığını vurğulamaq və nümunə gətirdiyimiz, həmçinin digər bu tipli oyunların vaxt baxımından böyük rol oynadığını qeyd etməkdir.
Tək bu göstərilən oyunlara əsaslanaraq uşaqların formalaşmasında, müxtəlif sahələrdə müəyyən biliyə sahib olmasında uşaq oyunlarının rolunun əvəzedilməz olduğunu əminliklə deyə bilərik. Nə qədər ki gec deyil, nə qədər ki bu oyunları oynayanlar yaşayırlar, onları övladlarına, nəvələrinə öyrətməli, texnologiya əsrinin əsirinə çevrilməkdə olan gələcəyimizi milli zəmin üzərində sağlam dayanmağa alışdırmalıyıq. Uşaq oyunlarının, bu mənada, böyük rolu var. Bu roldan lazımınca faydalanmaq üçün hələ ki, gec deyil.
Çinarə Rzayeva
filologiya üzrə fəlsəfə doktoru
“Oğuz yurdu” qəzeti