Kann Film Festivalının əsas mükafatını qazanmaq uğrunda finlandiyalı rejissor Yuxo Kuosmanenin dram janrında çəkdiyi “Altı nömrəli kupe” filmi (Finlandiya, Estoniya, Rusiya və Almaniyanın birgə istehsalı) mübarizə aparıb.
NUHÇIXAN İnformasiya Agentliyi Estoniya mətbuatına istinadla xəbər verir ki, bu il Avropanın ən nüfuzlu film festivalının “Qran-pri” mükafatı “Altı nömrəli kupe” və iranlı rejissor Əsgər Fərhadinin çəkdiyi “Qəhrəman” filmlərinə təqdim edilib.
Bildirilib ki, “Altı nömrəli kupe” filmi ötən il Rusiyada, Kola yarımadasında Estoniya prodüserlərinin iştirakı ilə lentə alınıb. Film sevgilisindən qurtulmaq üçün Moskva-Murmansk qatarı ilə səfər edən finlandiyalı tələbə qızdan bəhs edir. O, kupedə şaxtaçı oğlan ilə tanış olur və onların arasında yaxın münasibətlər yaranır.
Filmdəki rollardan birini aktrisa Yulya Auq oynayıb.
Festivalın başlıca mükafatını fransız rejissor Culiya Dükornonun lentə aldığı “Titan” filmi qazanıb.