Bakı Amerika–Azərbaycan Musiqi Fondunun rəhbəri Cəmilə Cavadova-Spitzberqin təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ABŞ-da ilk dəfə olaraq bəstəkar Tofiq Quliyevin fortepiano üçün işlədiyi "Qaytağı" əsərindən ibarət kitablar çap olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, nəşrin baş redaktoru ABŞ-ın Massaçusets ştatında yaşayan tanınmış piano ifaçısı, Azərbaycanın Əməkdar artisti Emil Əfrasiyabdır. Kitabı nəşrə Cəmilə Cavadova-Spitzberq hazırlayıb. Kitablardan biri pianoda solo ifa, digəri bir pianoda 4 əllə ifa, üçüncüsü isə iki pianoda ifa üçün nəzərdə tutulub.
Qeyd edək ki, görkəmli Azərbaycan bəstəkarı, milli caz və estrada musiqisinin banilərindən olan Tofiq Quliyev fortepiano üçün bir sıra xalq rəqslərini işləyib. Onlardan biri də "Qaytağı" əsəridir. Əsər melodik cəhətdən son dərəcə yeyin və dinamik olan eyniadlı "Qaytağı" Azərbaycan xalq rəqsi əsasında bəstələnib. Bu virtuoz əsərin fortepianoda ilk ifaçısı görkəmli pianoçu, Azərbaycanın Xalq artisti Fərhad Bədəlbəyli olub.