Xalq arasında işlədilən çəki və ölçü vahidləri

A- A A+

Müxtəlif ölçü vahidlərinin nə zaman meydana gəldiyi elmə məlum deyil. Lakin insanların həyat şəraiti ölçü işləri aparılmasını zəruri edirdi. Güman edilir ki, uzunluq ölçü vahidlərindən istifadə tarixi digərlərindən daha qədimdir. Uzunluq ölçülərini təyin etmək üçün insanlar hərəkətləri və ona kömək edən bədən üzvləri ilə bağlı məqamlardan istifadə ediblər. Ölçü vahidlərinin adları da bunu təsdiq edir. Məsələn, addım, qarış, qulac (qolaç), dirsək, ayaq, barmaq, arşın və sair.

Bu gün də hər hansı məsafənin ölçülməsində addımdan istifadə edilir. Dilimizdə bu söz tez-tez eşidilir: “Nə var ki, iki addımlıq yoldur”. Bəzi mənbələrdə addımın bir metrə olduğunu qeyd edirlər. Ancaq adətən normal yerişdə hər addım 70 santimetrə bərabər olur. Addıma “qədəm” də deyirlər. Gələn qonağı əzizləyəndə “qədəmlərin mübarək” ifadəsi işlədilir. Qədəm həm də sabit yeriş deməkdir. Xüsusən atlarda “yorğa”, “qədəm” yerişlər fərqləndirilir.

Qulac ölçü vahidindən də geniş istifadə edilib. Bunun mənasının “qolaç” olduğunu söyləyirlər. Yanlara açılmış qolların barmaqlarının ucundan olan məsafədir. Adətən 1,5 metrə bərabər hesab edilir. Həm də “uzun” mənasında işlədilir. Bədii ədəbiyyatda saçın uzunluğuna işarə edilir. Qarış geniş yayılan, qədim olduğu qədər də müasir olan ölçü vahididir. İnsan əlinin açılmış vəziyyətdə baş barmaqla kiçik barmağın ucuna qədər olan məsafəsi qarışdır. Leksionumuzda tez-tez işlədilən bu söz həm də məcazi mənada az miqdarı göstərmək üçün işlənir. “Bir qarış torpaq”, “Bir qarış boyu var” və sair.

“Azərbaycan etnoqrafiyası” kitabında (III cild) hələ qədim şumerlərin yaratdıqları “Əkinçinin təqvimi” mətnində “qarış” və “barmağ”ın ölçü vahidi kimi göstərildiyi qeyd olunur. Azərbaycan etnoqrafiyası kitabında  da belə bir misal çəkilir: əkinçi elə etməlidir ki, toxumlar torpağa iki barmaq dərinliyində düşsün.

Türk sözü olan arşın çox qədimdən işlənən ölçü vahididir və 0,71 metrə bərabərdir. Qatlanmış əl burunun ucunda tutulur. Buradan açılan qolun barmağına qədər olan məsafədir. Müxtəlif adamların qol uzunluğu bərabər olmadığı üçün, “sən öz arşınınla ölçmə” məsəli yaranmışdır.

 Ağac orta əsrlərdə geniş işlənən uzunluq ölçü vahididir. 6-7 kilometrə bərabər götürülür.

Fərsəng (Fərsəx) 6 kilometrə yaxın ölçü vahididir. Söylənənə görə dəvənin bir saatda getdiyi yoldur. Xalq arasında qədimdə uzunluq ölçü vahidləri ilə yanaşı, təbii ki, çəki və həcm ölçü vahidlərindən də istifadə edilib. Bunların bəziləri müxtəlif tutuma malik əşyaların adı ilə bağlıdır. Tas, çanaq, tənəkə, vedrə, ovuc, xışma (sıxma), kisə, çuval, tuluq kimi ölçü vahidləri də var.

Tas  dəyirmi dərin qabdır. Uzun illər ölçü qabı kimi istifadə edilib. Bir yanıltmacda  “Aşbaz Abbas dur mənə 5 basma tas aş ver”,– deyilir.

Vedrə – əsasən şərab ölçüsü kimi istifadə edilib. Rusiyanın XIX əsrin əvvəlində torpaqlarımızı işğalından sonra bu ifadə yaranıb. Mixail Ballas Qafqaz Statistika İdarəsinin 1895-ci il məlumatına istinadən 1850-1874-cü illərdə 315 min vedrə şərab istehsal edildiyini qeyd edir. M.H. Baharlının “Azərbaycan” kitabında qeyd edilir ki, 21 kiloqram üzümdən 1 vedrə çaxır alınır. 1,5 kiloqram üzümdən orta hesabla 1 litr çaxır alındığını nəzərə alsaq, 1 vedrənin 14-15 litrə bərabər olduğu qənaətinə gəlirik.

Çanaq – ağacdan və saxsıdan olan qabdır. Məişətdə işlədildiyi kimi, ölçü vahidi kimi də işlədilib. Çanağın 12 kiloqram tutumu olduğu söylənilir. Çanaqdan başqa, badya, satıl (uzun qulplu su qabı) sərnic kimi mis qablar son zamanlara qədər məişətimizdə işlədilirdi.

Ovuc – iki əlin qoşa tutulması zamanı tutduğu maye və quru əşyaların  ölçü və çəkisini göstərir.

Xışma (sıxma) – Bir əlin götürdüyü tutumdur.

Kisə, çuval, tuluq, səbət, küpə, qucaq, ətək, qəlib, qaşıq, şələ, sənək, sürü kimi mücərrəd ölçü vahidləri də məişətimizdə işlədilib.

Çuval – evlərdə yun və qəzildən toxunub yanları tikilmiş kisəyə deyilir.

Tuluq – maye halında olan məhsulları saxlamaq və daşımaq üçün istifadə olunub. Qədim zamanlardan su və şərab tuluqlarla daşınardı. 1727-ci il “Naxçıvan sancağının müfəssəl dəftəri”ndəki terminoloji  lüğətdə həmin dövrdə Naxçıvan ərazisində işlədilən bəzi ölçü vahidləri haqqında məlumat verilir.

Kile də qədim ölçü vahididir. Mənbələrdə verilən izahda 1 kilenin 20-25 kiloqram olduğu yazılır. Taxıl bitkiləri – buğda, arpa, noxud kile ilə ölçülüb.

Vaxtilə Naxçıvanda toplanan pambığın hesabı isə manla aparılıb. Mənbələrdə 1 Naxçıvan manının 13 kiloqram olduğu göstərilib.

Pud – həm çəki, həm də sahə ölçüsüdür. Çəki vahidi olaraq 16, 4 kiloqrama bərabərdir. Sahə ölçüsü olaraq ancaq Naxçıvanda işlədilir, ekvivalenti 1000 kvadratmetrdir. Ümumiyyətlə, bir çox çəki vahidləri həm də sahə ölçü vahidləri kimi işlənir.

Okka (qiyyə) – 1,282 kiloqrama bərabər çəki vahididir. Bizə elə gəlir ki, yuxarıda Koroğlu dastanından misal çəkdiyimiz hoqqa və okka eynidir. Tağar – 150 okkaya (192 kiloqram) bərabər çəki vahididir. Azərbaycan etnoqrafiyasında ayrı-ayrı qaynaqlarda tağarın sabit olmadığı qeyd edilir. Tağarın Təbrizdə 295 kiloqrama, Şamaxı xanlığında 400 kiloqrama, digər xanlıqlarda 240- 600 kiloqram arasında dəyişdiyi aydın bərabər olduğu haqqında bilgilər vardır. Qədim zamanlardan ölçü vahidi kimi “diş” (sarımsaq), “boyun” (qoşqu heyvanı), “top” (parça, kağız), “baş” (heyvan sayı) işlənir. Bəzən ailə üzvləri də başla sayılır. Bunlardan başqa soğan və sarımsaq da baş sayı ilə hesablanılır.

                                        Etnoqrafik materiallar əsasında

                                                                        “Şərqin səhəri” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: