Su dəyirmanları... - FOTOLAR
Muxtar respublika iqtisadiyyatının ən qədim və mühüm sahələrindən biri kənd təsərrüfatıdır. Bu strateji əhəmiyyətli sahə muxtar respublikamızda inkişaf etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 29 mart 2021-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı” məhsul istehsalının artırılması üçün inkişafın yeni istiqamətlərini müəyyənləşdirdi. Bu tədbirlərin əməli nəticəsi olaraq muxtar respublikamızda xammal və emal sahələrinin əlaqəli inkişafı təmin edilmiş, onlarla müəssisələr yaradılmış, əhalinin ixtiyarına verilmişdir. Belə müəssisələrdən biri də un dəyirmanlarının yaradılmasıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri deyibdir: “Taxıl əkib-becərmək işin bir tərəfidirsə, ondan un istehsal etmək isə onun digər tərəfidir. Ona görə də müasir un dəyirmanları olmalıdır ki, keyfiyyətli məhsul istehsal edilsin. Sovetlər Birliyi dönəmində muxtar respublikamızda bir neçə dəyirman fəaliyyət göstərsə də, ötən əsrin 90-cı illərinin dağıdıcılıq prosesi nəticəsində onlar da sıradan çıxıbdır. Ancaq qısa müddət ərzində muxtar respublikamızın bütün regionlarında dəyirmanlar qurulub əhalinin istifadəsinə verilibdir...”.
Culfa rayonunda gündəlik istehsal gücü 30 ton olan 1 elektrikli və gündəlik istehsal gücü 3 ton olan 3 su dəyirmanı fəaliyyət göstərir. Xalqımızın məişət mədəniyyəti tarixində min illər boyu su dəyirmanlarının özünəməxsus yeri olub. Əgər dünyanın müasir elektrikli taxıl emalı müəssisələri dənin qabığı alınmaqla nişasta hissəsini una çevirirsə, kəpəyi ayrıca fraksiya kimi mal-qara yeminə ayırırsa, su dəyirmanları taxılı bütöv üyüdür. Belə dəyirmanlarda üyüdülmüş un əsl sağlamlıq mənbəyidir. Məhz elə buna görədir ki, muxtar respublikada aparılan quruculuq işlərində su dəyirmanlarının bərpası diqqətdən yayınmayıb. Rayonumuzun Kırna, Saltaq və Camaldın kəndlərində yerləşən su dəyirmanları yenidən qurularaq istifadəyə verilib. Tariximizin bərəkət ocağı olan su dəyirmanları haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri demişdir: “Bu gün müstəqil ölkəmizdə bütün sahələrin inkişafı ilə yanaşı, tarixi-mədəni irsimizin qorunması istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. çünki hər bir tarixi-mədəni abidə xalqımızın milli sərvəti, onun tarixini və qədim mədəniyyətini yaşadan nümunədir. Buna görə də muxtar respublikamızda tarixi-mədəni abidələrimizin qorunması istiqamətində ardıcıl tədbirlər görülür. Bu tədbirlər çərçivəsində xalqımızın məişət mədəniyyətinin bir parçası olan su dəyirmanlarının yenidən bərpa olunaraq istifadəyə verilməsi mühüm əhəmiyyət kəsb edir”. 2011-ci ilin iyul ayında yenidən qurularaq istifadəyə verilən Kırna kəndindəki su ilə işləyən un dəyirmanının istehsal gücü gün ərzində bir tona bərabərdir. Kəndin qabaqcıl taxılçılarından olan Ceyhun Məmmədov qeyd etdi ki, dəyirmanın səsi gələndə biz taxılçıların siması nurlanır. Dodaqlarımızın altında pıçıldayıb şükranlıq edirik. Yenidən təmir olunaraq fəaliyyəti bərpa olunan su dəyirmanı bizim xeyir-bərəkət rəmzimizdir. Bu gün torpağımı əkib-becərirəm. Əkdiyim sahələrdən bol məhsul götürmüşəm. Məhsulumuzun bir qismini satmışıq, bir hissəsini mal-qara və toyuq-cücə üçün yem kimi saxlamışıq, bir qismini isə dəyirmanda üyüdərək ailəmizin illik ruzisini götürmüşük. Qeyd edək ki, bu su dəyirmanı rayonun təkcə Kırna kəndini deyil, ətraf kəndlərinin də taxıl istehsalçılarının üz tutduqları ünvanlardan biridir. Camaldın kəndindəki su dəyirmanının sutkalıq istehsal gücü 1 tondur. Dəyirman 1250 metrlik su kanalı vasitəsilə Əlincə çayından qidalanır. Kəndin təcrübəli əkinçisi Ağaqulu Tağıyev qeyd edir ki, bu gün taxıl əkini üçün göstərilən dövlət qayğısında səmərəli istifadə edən Camaldın kəndinin sakinləri evlərinə bərəkət aparırlar. Dəyirman bərəkət ocağı, halallıq tələb edən ruzi mənbəyidir. Xalqın, millətin, elatın unu-çörəyi, ruzisi buradan keçir. Bu gün isə bol məhsul götürmək üçün imkanlar daha da genişlənib. Bu da onunla bağlıdır ki, dövlətimiz aqrar bölmənin inkişafına hərtərəfli qayğı göstərir. Yeni-yeni texnikalar alınıb gətirilir, kreditlər ayrılır, məhsuldar toxum sortlarından istifadəyə geniş yer verilir. Bunun qarşılığında biz də çalışırıq ki, torpaqlarımızdan səmərəli istifadə edək. 2016-cı ildə Saltaq kəndində istifadəyə verilmiş su dəyirmanı bu kəndin adamlarını doğma yurda bağlayıb, əkib-becərmək həvəsini daha da artırıb. Kənd icra nümayəndəsi ilə birgə dəyirmana doğru üz tutduq. O bildirdi ki, dəyirmana 3 min metrə qədər məsafədən su arxı çəkilib. Bütün avadanlıqlar yüksək səviyyədə hazırlanıb. İndi kənd camaatı öz dəyirmanına üz tutur. Qonşu Əlincə, Xoşkeşin, Göydərə, Xanəgah kəndlərindən də buraya buğda üyütməyə gələnlərin sayı az deyil.
Bu gün dövlətimizin diqqət və qayğısı ilə fəaliyyətini davam etdirən su dəyirmanları rayon əhalisinin çörəyə olan tələbatında mühüm rol oynayır. Bütün bunlar onu söyləməyə əsas verir ki, rayonumuzda aqrar sahə diqqət mərkəzindədir. Dövlətimizin bu töhfəsi rayonumuzun torpaq mülkiyyətçiləri və təsərrüfatçıları qarşısında geniş perspektivlər açır, onları torpağa daha möhkəm tellərlə bağlayır.
Alcəfər Nurməmmədov
“Arazın səsi” qəzeti