Madriddəki “Paseo del Prado” bulvarı və “Retiro” parkı UNESCO-nun Ümumdünya İrsi Obyektlərinin Siyahısına daxil edilib
İspaniya paytaxtındakı tarixi obyektləri gələcəkdə baş verə biləcək dəyişikliklərdən qorumaq məqsədilə yeddi il ərzində aparılmış intensiv işdən sonra Madriddəki “Paseo del Prado” bulvarı və “Retiro” parkı UNESCO-nun Ümumdünya İrsi Obyektlərinin Siyahısına daxil edilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, İspaniya UNESCO-nun Ümumdünya İrsi Obyektlərinin Siyahısına daxil edilmiş obyektlərin sayına görə dünyada üçüncü ölkədir.
İspaniya paytaxtının mərkəzində yerləşən üç zolaqdan ibarət “Paseo del Prado” bulvarı məşhur Prado muzeyinin yerləşdiyi məkandır. “Paseo del Prado” bulvarından başlanan “Retiro” parkı isə bu şəhərdə ən çox ziyarət edilən yerlərdən biridir. Bu park XVII əsrdə Kral IV Filipin sarayı və bağları üçün salınıb.
Madriddəki bu obyektlərə fəxri beynəlxalq status veriləndən dərhal sonra İspaniyanın Baş naziri Pedro Sançes öz Twitter səhifəsində yazıb: “Paytaxt məkanının layiq olduğu bu etimad bizim tarixi, bədii və mədəni irsimizi möhkəmlədir”.