Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin 2021-ci il 2 mart tarixində imzaladığı Sərəncamla Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 50 illik yubileyi qeyd edilir.
Bu yazımızda yarıməsrlik bir tarixə malik olan Rəssamlar Birliyinin ilk üzvlərindən olmuş rəssam, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Sabir Qədimovun əsərlərdən süzülən rənglərin harmoniyasını duymağa, onu xatırlamağa çalışacağıq.
O, fırçası ilə bu torpağı vəsf etdi. Torpaq, səma və günəş əsərlərində ən çox yer alan mövzular oldu. Dağlar təbiət qoynuna səslədi onu. Bu yurdun dağını, daşını, torpağını, tarixini çəkdi. Nəticədə, “Naxçıvan mənzərələri”, “Haçadağ”, “Qızıl payız”, “Qızlar bulağı”, “Ordubad mənzərələri”, “Bahar”, “Əlincə qalası”, “Lalələr”, “Araz çayı”, “Şahbuz dağlarında”, “Etüddə” və b. ölməz əsərlər yarandı.
Bəhruz Kəngərli kimi böyük bir realist rəssam yetirən Əcəmi yurdunda zaman-zaman qüdrətli fırça ustaları yaşayıb yaradıblar. O böyük sənətkarın təsviri sənət üslubu bir çox rəssamların formalaşmasına səbəb olub. Yuran Məmmədov, Mircəlil Seyidov, Şamil Mustafayev, Abuzər Qardaşbəyov, Adil Qazıyev kimi rəssamlar yaratdıqları dəyərli rəsm əsərləri ilə Naxçıvanın rənglər dünyasını Şərq və Avropa mədəniyyətinə təlqin ediblər. Onların sırasında Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Sabir Qədimovun da adı yer alır.
Ötən günlərdə rəssamın vaxtilə yaşadığı evdə oldum. Doğmaları onun sənət işığına toplaşmışdılar. Bacısı, qardaşı, oğlu, nəvələri, sənət dostları. Evinin divarlarından boylanan tablolar sənətkarın əvəzinə bizi salamladı, “xoş gəldin” dedi.
Ağsaçlı eynəkli qadın söhbətimizə körpü saldı: “Ailədə 6 uşaq olmuşuq, 4 qardaş, iki bacı. Sabir böyük qardaşım olub. Uşaqlıqdan şəkil çəkər, yaradıcılıqla məşğul olardı. Ümumiyyətlə, ailəmizdə hamımızda yaradıcılıq xüsusiyyəti olub. Güman ki, bu da bizə valideynlərimizdən keçib”. Rəssam Sabir Qədimovun doğmaca bacısı Ləzifə xanımdır bu sözləri deyən.
1937-ci ilin martın 30-da Naxçıvan şəhərində dünyaya gələn Sabir Qədimovun atası Firudin kişi dülgərliklə məşğul olar, anası Xeyrənsə xanım gözəl tikmələr hazırlayardı. Gözünü açıb ata-anasının əllərində sənəti gördüyündən o da özünü dərk edən bir gündən sənətə bağlandı, rəngləri sevdi.
1944-cü ildə Naxçıvan şəhərindəki 1 nömrəli orta məktəbin birinci sinfinə daxil olan Sabir Qədimovun rəssamlığa olan marağı onu beşinci sinifdə oxuyarkən rəsm dərnəyinə aparır.
Köhnə şəkillərlə dolu olan qalın bir albomu vərəqləyirik. Rəssamın olduğu ölkələr, sənətkar dostları, doğmaları və həyat yoldaşı Marqarita xanımla çəkdiyi rəsmlər... Sabir Qədimov Kalininqradda hərbi xidmətdə olan zaman Marqarita xanımla tanış olur və 1963-cü ildə ailə həyatı qururlar.
Sonralar 1966-cı ildə N.K. Krupskaya adına Moskva Vilayət Pedaqoji İnstitutunun rəsm və boyakarlıq fakültəsini bitirir. Naxçıvana qayıtdığı illərdə Naxçıvan rəssamlıq sənətində özünəməxsus yolu, izi olan bir məktəb formalaşırdı. Beləliklə, bu məktəbin formalaşmasında onun da böyük rolu olur.
Rəssam 1968-ci ildə SSRİ Rəssamlar İttifaqına üzv seçilir. 1970-ci ildə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanda 10 nəfər rəssamdan ibarət Azərbaycan Rəssamlar İttifaqının Naxçıvan təşkilatı yaradılır və bura SSRİ Rəssamlar İttifaqı üzvlüyünə qəbul olunmuş Sabir Qədimovun da adı daxil olur. Naxçıvan Rəssamlar Birliyinin ilk üzvlərindən olan Sabir Qədimov Naxçıvan şəhərinin Atatürk küçəsində rəssamlara verilən könhə ikimərtəbəli bir binada yerləşən emalatxanasında ən gözəl rəsmlərini ərsəyə gətirir. O köhnə emalatxanaya nələr sığdırmadı ki rəssam!? Fırça və boyaları, maraqlı rəsmləri, sənətkar dostlarla söhbətləri, topladığı qədim məişət əşyalarının kolleksiyasını və daha nələri...
Divardan asılmış bir rəsm diqqətimi çəkdi. Bu vaxtilə Maral Rəhmanzadənin Sabir Qədimova bağışladığı tablo idi. Ləzifə xanım deyir ki, onun sənət dostları Maral Rəhmanzadə, Səttar Bəhlulzadə kimi böyük fırça ustaları idi: “Onlar nə zaman Naxçıvana gəlsə idilər, bizim evdə qonaq olardılar. Birlikdə Naxçıvanın hər yerinə etüdə çıxar, ölməz əsərlər yaradar və bir-birilərinə sənət əsərlərini hədiyyə edərdilər”.
O, həyat dolu bir insan idi. Elə hey aydın səmaya baxar, sanki orda nə isə axtarardı. Səmadakı ayı buludların örtməsi, yağışdan sonra göy üzündə yaranan yeddi rəng ona fantastik təsir bağışlayardı. Səmanın o anını kətan üzərində əbədiləşdirərdi. Buludların üzərində ana təsviri olan əsəri o zamankı “Ulduz” jurnalının üz qabığını bəzəyib. “Aylı gecə”, “Qış axşamları”, “Sülh səması” əsərləri bir çox sərgi salonlarında Sabirə şöhrət gətirib.
Sabir Qədimovun mənzərələrinə baxanda ilk baxışdan bu gözəlliyi yaradanın böyük rəssam olduğunu görə bilirsən. Xüsusilə mənzərə janrında gözəl əsərlər yaradan rəssam Naxçıvanın bir-birindən gözəl mənzərələrini kompozisiya dili ilə əks etdirib. “Payız”, “Mənzərə”, “Naxçıvan dağları”, “Naxçıvan axşamları”... Rənglərin şaqraq səsinin duyulduğu bu mənzərələrdə Naxçıvanın yazı, yayı, payızı, qışı var. 1972-ci ildə keçirilən Naxçıvan rəssamlarının yaradıcılıq sərgisində dünya şöhrətli rəssam Tahir Salahov onun “Bahar melodiyası” tablosuna yüksək qiymət verir. Bu əsər həm də Özbəkistanda keçirilən Azərbaycan Ədəbiyyatı və İncəsənəti Günlərində görkəmli rəssamların əsərləri sırasında müvəffəqiyyətlə nümayiş olunur.
Onu əmək, zəhmət adamları çox gözəl tanıyırdı. Naxçıvanın təbiət gözəlliklərindən əlavə insanların həyatı, gündəlik əmək fəaliyyəti də onun hər zaman marağına səbəb olub. Tez-tez belə insanların arasında olar, onların əməkçi obrazlarını yaradardı. “Mexanizatorlar” əsərində gərgin əməkdən sonra iki dost, iki mexanizatorun nahar fasiləsinə çıxması təsvir olunur. Onların simalarında əməkdən aldıqları zövq, öz sabahları, gələcək işləri barədə düşüncələr var.
Sabir Qədimov Cavid dünyasını da rənglərin dili ilə tamaşaçıya çatdırıb. Cavid yaradıcılığına dəfələrlə müraciət edərək çox gözəl qrafik əsərlər yaradan rəssamın “Şeyda”, “Seyx Sənan”, “İblis”, “Cavid dünyası” əsərləri fəlsəfi və düşündürücüdür.
Rəssam və İdmançı. Bir-birilə heç bir yaxınlığı olmayan bu peşələr onun daxilində vəhdətlənmişdi. Rəssamlıqdan əlavə o həm də fiziki güc və qüvvə tələb edən bacarıqlı bir idmançı idi. SSRİ məkanında ağırlıqqaldırma üzrə keçirilən idman yarışlarından da hər zaman fəxri fərmanlarla geri dönərdi Naxçıvana.
Naxçıvan teleradiosunda uzun illər baş rəssam kimi də fəaliyyət göstərən Sabir Qədimov müasir texnika və avadanlıqların olmadığı 70-80-ci illərdə istər qrafika, istər səhnə tərtibatı sahəsində işini uğurla yerinə yetirərək televiziyamızın tarixində silinməz bir iz qoyub.
Bir zamanlar onun emalatxanasına tez-tez qonaq olan sənət yoldaşları deyirlər ki, Sabir Qədimov ailəcanlı, qonaqpərvər, həssasqəlbli, mehriban insan, qayğıkeş ata, gözəl qardaş, vəfalı dost idi. Çox zövqlə geyinər, vüqarla gəzər, günəşi təbiətin qoynunda salamlayar, onun parlaq şəfəqləri altında, musiqinin sədaları ilə yaradardı əsərlərini.
Çox yerlər gəzən, çox dağlar, dənizlər görən rəssam Bolqarıstanda, Türkiyədə, İtaliyada, Bakıda, Moskvada yaratdıqlarını sərgiləyib.
Kim bilir, xəyalında yaratmaq istədiyi daha nələr vardı. Bəlkə də xəyalındakı ən gözəl əsərini kətana köçürmək ona nəsib olmadı...
Bəlkə də, ilin payız fəslini qızılı rəng gözəlliyi ilə bir tablosunda əbədiləşdirmək istəmişdi. Lakin onun qısa sürən 47 illik ömrü elə bir payız günü sona çatdı. 1985-ci ilin 30 noyabr tarixi bir rəssam ömrünün xəzanına döndü. Qəfil ürək tutması yaradıcılığının məhsuldar dövrünü yaşayan Sabir Qədimovu sənət dostlarının arasından, emalatxanasından apardı. Ömrü eskizlərin, rənglərin, tabloların əhatəsində, təbiətin qoynunda keçən rəssamın yaratdıqları özündən sonra da onu yaşatdı. Adını nəvəsi Sabir daşıdı, yaradıcılıq yolunu, sənətini oğlu Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Rəfael Qədimov davam etdirdi. Saysız-hesabsız əsərləri bu gün oğlunun şəxsi kolleksiyasında, muzeylərdə eksponat kimi qorunur. Xalqı üçün ən gözəl əsərlərini yaradan rəssam özündən sonrakı nəsillərin qəlbində sənətə məhəbbət oyatdı.
İki dəfə Naxçıvan MSSR Ali Soveti Rəyasət heyətinin fəxri fərmanına layiq görüldü, 1980-ci ildə Naxçıvan MSSR-in Əməkdar İncəsənət xadimi adını aldı. Ölümündən əvvəl 1985-ci ilin mart ayında isə ona “Əmək veteranı” adı verildi. Ömür vəfa etsəydi, şübhəsiz, o, daha çox əsərlər yaradar, daha yüksək adlar, titullar alar, sənəti daha çox insanlara sevdirərdi.
Səmanı, torpağı, günəşi sevən ölməz rəssamın əsərlərində bir günəş hərarəti var. Səma kimi aydın olan tablolarından torpağın ətri gəlir. Bu əsərlər günəş kimi işıqlı, torpaq qədər doğma və əzizdir.
Türkanə Əmoyeva
“NUHÇIXAN”