Milli dəyərlərimizin əsas tərkib hissəsi geyimlər

A- A A+

Geyimlər iqlim şəraitinə, xalqların yaşam tərzinə görə hər bir xalqın mədəniyyətində özünəməxsus yer tutur. Azərbaycan xalqı da qədim keçmişdən özünün milli geyimlərini yaradaraq onu inkişaf etdirib, zaman keçdikcə bu geyimlər dəyişilərək müasir dövrümüzədək gəlib çatıb.

Milli geyimlərimizin inkişaf etdiyi, qorunub saxlanıldığı və bir mədəniyyət nümunəsi olaraq təbliğ edildiyi məkanlardan biri də ulu diyarımız Naxçıvandır. Bu qədim yurd yerində müasir dövrün dəbdəbəsiylə yanaşı, tarixi geyim tərzlərinin birgə harmoniyasını da izləmək mümkündür. Naxçıvan milli geyimləri ta qədimdən biçilib-tikilmə texnikası ilə də, geyimlərin üslub xüsusiyyətlərinə görə də digərlərindən fərqlənib.

Geyimlərin hazırlanmasında düzgün parçanın seçimi çox əhəmiyyətlidir. Çünki seçilən parçanın tərkibi, keyfiyyəti tikiləcək geyim növünün zövqlü alınmasının əsl səbəbidir. Culfa rayonunun Milax kəndində  son dövrlərə qədər yun və pambıqdan ev şəraitində hazırlanan müxtəlif növ parçalardan, adətən, çarqatların və şalların hazırlanmasında istifadə olunub.

Geyimlərdə parçalarla yanaşı, həm də ənənəvi toxuculuq nümunələrinin də özünəməxsus rolu vardır. Sülü və qullabın köməyi ilə hazırlanan geyim növləri, adətən, istilik məqsədilə toxunub.

Qədim diyarımızda geyim mədəniyyəti bütün dövrlərdə inkişaf edib. Zaman keçdikcə geyimlər məişətimizdəki ənənələrlə uzlaşdırılıb, beləliklə də, geyimlərin müxtəlif, fərqli növləri meydana çıxmağa başlayıb. Məsələn, xalqımızın məişətində mühüm yer tutan toy məclislərində hər kəs yeni və daha açıq rənglərdən tikilmiş geyimlərə üstünlük verib. Eyni zamanda qonaq gedərkən də ailə üzvləri geyimlərinə diqqət edər, bunun üçün xüsusi geyim dəstlərindən istifadə edərdilər. Bu cür gözəl geyimlər toy şənliklərində, şadyanalıq məclislərində də istifadə olunardı. Hüznlü günlərdə isə insanlar, adətən, qara və ya ona yaxın olan tünd və eynirəngli geyimlərə üstünlük verərdilər. Bu cür geyimlərlə həm də bir yaxınını itirmiş şəxsə mənəvi dəstək olardılar. Hətta bir az alabəzək geyinmək eldən, qonum-qonşudan ayıb sayılardı. Bütün bunlar isə insanların geyim mədəniyyətinə necə üstünlük verməsindən qaynaqlanır. Hazırda Naxçıvanda bu ənənəvi mədəniyyət yaşamaqdadır.

Milli geyim nümunələrinin zəngin xüsusiyyətlərini isə sadalamaqla bitməz. Milli geyimlərimizdə kişi və qadın baş geyimləri də mühüm yer tutur. Bu geyimlərlə bağlı deyimlərə nəzər salsaq, görərik ki, xalqımız baş geyimlərinə çox həssaslıqla yanaşıb, onu milli dəyərlərimizin əsas tərkib hissəsi kimi görüb. Çünki bu geyimlər ucalıq, namus, ismət kimi dərin mənalar daşıyıb. Adətə görə, qadının örpəyi yerə salınmaz, kişinin papağı başında olarmış. Eyni zamanda el adətimiz olan toylarda, nişan mərasimlərində örpəyin və papaqların əhəmiyyəti daha aydın görünür. Sözkəsdi, bəlgə və nişanlarda şal aparmağın vacibliyini (“şalapardı”) görürük. Toylarda gəlini evdən çıxararkən üzünə şal salmaq, (xüsusilə də qırmızı rəngdə) hətta qayınatasının papağını gəlinin başına qoymaq (ucalıq) ənənəsinin olması, müasir günümüzdə də bu ənənənin davam etdirilməsi köklü mədəni adətlərin formalaşmasını təcəssüm etdirir.    Milli geyimlərin üslub xüsusiyyətlərində rənglərin də özünəməxsus yeri vardır. Hər zaman öz ağırlığı ilə seçilən Azərbaycan kişisi bu ağırlığı öz geyim üslubunda da daşıyıb. Arxalıq, çuxa, sırıqlı üst geyimlərində rənglərin, adətən, qara-qəhvəyi, boz, tünd-göy və sair kimi rəng tonlarında olduğunu görürük.

Qadın və uşaq geyimlərinin tikilməsində isə daha çox al-əlvan rəngli parçalardan istifadə olunub. Hətta qadın və uşaq geyimlərinin üzərləri zərif işləmələri olan bədii tikmə nümunələri ilə bəzədilirdi. Nümunə olaraq Azərbaycanın rəngkarlıq sənətində ilk akademik rəsm üslubunda işlənən realist əsərlərin müəllifi Bəhruz Kəngərlinin “Naxçıvan toyu” əsərində naxçıvanlı qadınların gözəl libaslı təsvirlərini görürük. Rəssam, xüsusən ortada rəqs edən, üzərində butalı küləcə əks olunmuş qadın təsviri ilə həmin dövrdə bu geyimin zəngin forma və üslubda ən bariz nümunəsini göstərib.

Geyim dəstlərində vacib elementlərdən olan  ayaq geyimləri də geyim mədəniyyətimizdə böyük yer tutmaqla ümumi geyim tərzini tamamlayırdı. Nisbətən varlı, imkanlı şəxslər üçün belə ayaq geyimləri fəsilə görə dəyişilirdi. Kasıb və yoxsul təbəqənin nümayəndələri üçün isə bu, eyni idi. Ayaq geyimləri, adətən, dəridən hazırlanırdı. Buna görə də tarixə nəzər saldıqda görürük ki, Naxçıvanda tarixən heyvandarlıq inkişaf etdirilən sahələrdən olub. Qoyun dərisindən ayaqqabı, yunundan isə müxtəlif parçalar toxunaraq geyimlərin hazırlanmasında istifadə olunub.

Ayaq geyimlərinə gəldikdə, bu cür heyvan dəriləri əvvəlcə aşınır, sonra müxtəlif ayaq ölçülərinə görə kəsilərək hazırlanırdı. Ən çox istifadə olunan ayaq geyimi isə “çarıq” adlanırdı.

Qadın ayaq geyimlərində  “çust” adlanan, adətən, dəridən hazırlanan geyimlərə rast gəlinirdi. Bundan əlavə, ayaq geyimlərində evdə geyinmək üçün toxuma corablardan da  qadınlar vaxtilə  istifadə edib. Kişilər üçün isə bu cür geyimi eyni rəngdə, adətən, tünd rənglərdən istifadə olunaraq tikilən “patavalar” təşkil edib.

Naxçıvanımızın milli geyim mədəniyyəti əsrlər boyunca olduğu kimi, bu gün də özünün spesifik xüsusiyyətlərini qoruyub saxlayır.

Lakin Naxçıvan qədim İpək Yolu üzərində yerləşdiyinə görə milli geyimlərimizin inkişafında fərqli mədəniyyətlərin təsiri də olub. Eyni zamanda milli geyim nümunələrimiz Qafqazda yaşayan digər xalqların geyim mədəniyyətinə də təsir edib. Bu baxımdan hər il dünya geyim mədəniyyəti sərgilərində Şərq, Qafqaz geyim formaları ilə yanaşı, Azərbaycan, xüsusilə də Naxçıvana xarakterik olan geyim nümunələrinə rast gəlmək mümkündür.

                                                                                     Aidə İbrahimova

                                                                         Culfa Şəhər Klubunun müdiri

                                                                                 “Arazın səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: