Sən kimsən, Hüseyn Bağıroğlu? Göy üzündən enib göy üzünə dayaq olmaq istəyən adammısan, yoxsa sakit davranışınla sözü ovsunlamaq istəyən göy adamısan? Bəlkə elə indiyə qədər susqunluğun, dinməzliyin, küskünlüyün söz adlı sirli düyünü açmağınla bağlıydı? Sözün düyününü açmağa ömrünün yarıdan çoxunu verdin, şair. Deyəsən, söz artıq sənin üçün tilsim deyil.
Söz günəşi, ayı yaradanda sən sözün tozunu alırdın. Nə gözəldir sənin dilindən bunları eşitmək:
Onda mələklərin dodağındaydı,
Onda yer üzünə enməmişdi söz.
Ömrünün ilahi, nur çağındaydı,
Qarğışa, söyüşə dönməmişdi söz.
Onda yer üzünə enməmişdi söz.
Deyirsən ki, özündən didərgin düşmüş adamlar yaradıcılıq qabiliyyətindən məhrum olur. İnsan özünə yaxın olduqca, özünü tanıdıqca yaratmaq gücü artır. Bəli, mən bunu sənin timsalında illər əvvəl kəşf etmişəm. Amma proseslər çox qəribə bir formada baş verirdi. Sən özünə yaxınlaşdıqca, yazıb-yaratmaq istədikcə doğma el-obandan uzaqlaşırdın. Sən sözün qanadlarında Vətən göylərinə pərvazlanır, yeni yaradıcılıq motivləri axtarırdın. Bəlkə də belə olmasaydı, sən Vətəni belə səmimi qəlbdən təsvir edə bilməzdin.
Tufanlı günlərdə dayağa dönər.
Dumanlı günlərdə mayağa dönər.
Qızara-qızara bayrağa dönən
Bir şəhid əynində köynəkdi Vətən.
Sən bu təsvirlə Vətəni təkcə səmalardan seyr etməyibsən, şair. Sən tufanlı günlərdə zirvələri silib-sovuran sazağın qarşısını kəsmək istəyən, dumanlı günlərdə mayak olmaq istəyən, düşmənlə döyüşərkən şəhid olan igid əsgərlərimizin ölümündən qabaq ağrısını çəkmək istəyən birisisən. Murovda, Kəlbəcərdə, Şuşada, Laçında sən öz duyğularınla, ruhunla sipər olmaq istəmisən, şair.
Bəli, sən dünyanın faniliyinin içərisində Vətənin əbədiliyini hamıya çatdırmaq üçün deyirsən ki, "Vətən uğrunda yaşamağı bacarsaq, Vətən uğrunda ölməyə ehtiyac qalmaz”. Bəli, bacarsaq və yaxud bunu bacarmaq məcburiyyətindəyik!
Sənin kövrək qəlbin, şeirə, poeziyaya çevrilən nəcib ruhun, yeni dərc olunan "Nə yaxşı göydədi hələ göy üzü” kitabındakı şeirlərin misralarında da gizlənib. Əslində, yazının əvvəlində onun, kimliyini, haradan gəldiyini özüm üçün bir sual kimi səsləndirməyim yeni kitabda yazdığı yeni şeirləri oxuyandan sonra ortaya çıxdı. Və ümidvaram ki, oxucular da şairin yeni şeirlərini oxuyandan sonra şair Hüseyn Bağıroğluna bəzi suallar ünvanlayacaqlar. Amma şeirlər oxunduqca suallar həmin şeirlərin misraları altında öz cavablarını tapa biləcək, əziz oxucular.
Yenicə nəşrdən çıxan "Nə yaxşı göydədi hələ göy üzü” kitabında əsasən şairin son illərdə yazdığı şeirlər və müdrik kəlamları yer alıb. 44 günlük Vətən müharibəsində igid əsgərlərimiz səngərdə döyüşəndə, Hüseyn Bağıroğlu da dilində dualar, əlində qələm 30 il işğal altında qalan torpaqları xilas edən əsgərlərin igidliyini vəsf edən şeirlər yazdı.
Sənin alın yazında
Öldü var, döndü yoxdu.
Bu millətin yolunda
Yandı var, söndü yoxdu.
Sən gözümün qarası,
Sən gözümün ağısan.
Anam Azərbaycanın
Sönməyən çırağısan.
Adın dillər əzbəri,
Özün düşmən çəpəri.
Ey tarixin ilk əri,
Azərbaycan əsgəri!
Hüseyn Bağıroğlu mütaliəsi zəngin insandır. Hər gün kirpikləri ilə vərəq çevirməsə, gözünə yuxu getməz. Bir neçə il əvvəl əsərləri milyonlarla tirajlanan, çap olunan, yüzdən çox dilə tərcümə olunan braziliyalı yazıçı Paulo Coelhonun "Kimyagər” əsərini oxuduqdan sonra mənə də oxumağı tövsiyə etdi. Mən də həmin romanı oxudum və yazıçının qəhrəmanının timsalında Hüseyn müəllimin obrazını gördüm. İndi də öz kitabında özünün qələmə aldığı müdrik kəlamlarda Paulo Coelho nəfəsini hiss edirəm. Şairin bu müdrik fikirlərinin hər birində bir kitaba sığacaq qədər böyük hikmətlər gizlənib. Bu hikmətli fikirlərin hamısı gözəldir. Amma mən onlardan bir neçəsini seçib təqdim etməyi özümə borc bildim.
Məsələn, şair deyir ki, "Yer bədənimizi, göy ruhumuzu özünə çəkir. Bizim ömrümüz isə bu çəkişmə bitənə qədərdir”. Zəiflik və gücsüzlüklə bağlı olan kəlamları da qiymətlidir. Məsələn, şair zəiflərə xitabən belə deyir: "Zəiflər güclü olmağa can atmaqdan çox, güclülərə sığınmağa can atır”.
Təkəbbürlü insanlardan həmişə uzaq durmağı bacaran insandır Hüseyn Bağıroğlu və bununla bağlı da yaxşı fikirləri var. Məsələn, şair deyir ki, "Təkəbbür mənəvi yoxsulluğun meyvəsidir”.
Başqa bir maraqlı fikri isə nadanlara ünvanlanıb: "Nadanlar bu dünyada havasızlıq yaradırlar”. Bir başqa kəlamında isə şair insanları tanımaqla bağlı maraqlı fikir deyib: "İnsanı nəyə və necə sevinməyi ilə də tanımaq olar”.
Şair son illər dostlarını və oxucularını başqa bir uğuru ilə də sevindirməyi bacarıb. Belə ki, şeirləri bəstəkarların da diqqətini cəlb edib.
Duydum eşqin mənasını
Gözlərinə baxa-baxa.
Seyr elədim səmasını
Gözlərinə baxa-baxa.
Kim ki eşqə biganədir,
Bil ki, qəlbi viranədir.
Anlamışam sevgi nədir?
Gözlərinə baxa-baxa.
Yuxarıda yazılan bu şeir 4 bənddən ibarətdir və bəstəkarlarımızın sayəsində gözəl bir nəğməyə çevrilib.
Hüseyn müəllim indi ömrünün müdriklik, şairliyin isə cavan çağlarını yaşayır. Yazdığı şeirlər də qələmin cızma-qarası deyil. Ruhunun və qəlbinin vəhdətindən yaranan əsl poeziya nümunələridir. Şairə görə şeir yazılmır, doğulur. Misra-misra, söz-söz ruhdan qəlbə, qəlbdən isə ağ kağızlara hopur əsl şeir. Şair şeiri yarpaqların fotosintez prosesinə də bənzədir. "Təbiətdə baş verən ən mühüm hadisə olan fotosintez prosesi kimi, şeir də, yəni əsl şeirin yaranması da mühüm hadisədir”, - deyir Hüseyn müəllim. "Şair həyəcanlanır və belə deyək ki, "öz orbitindən” çıxır. Bir neçə misranı qəbul edib "orbitinə” qayıdır. Sonra pərvanə şamın başına dolanan kimi, şairin fikirləri də o misraların başına dolanır. Və əsl şairlərin əsl şeirləri də belə ərsəyə gəlir". Bəli, şair.
Əslində, göy üzü adamlarının şeirləri elə göy üzünə də bənzəyir, gözəl olur göy üzü. Göy üzü gecələr sirli və sehrli mənzərələri ilə baxanları ovsunladığı kimi göy adamının şeirləri də oxucuları ovsunlayır.
Nə yaxşı göydədi hələ göy üzü,
Nə yaxşı udmayıb gecə gündüzü.
Səhərtək açılır qəlbimin gözü,
Nəfsimin gözünü torpaqlayıram.
Kim deyir, bu ömür, bu gün havayı...
Hər ürək bir eşqin uçmuş sarayı.
Səhərlər Günəşi, axşamlar Ayı,
Gecələr özümü varaqlayıram.
Bəli, Hüseyn müəllim Naxçıvan torpağının yetirdiyi əsl şairlərdən biridir. Onun ürəyi doğma torpaqla, vətənimiz Azərbaycanla, bu torpaqda böyüyən gənclərin xoşbəxt gələcəyi ilə döyünür. Bütün bunlar isə onun poeziya nümunələrində kiçik prtiçalarında çox rahatlıqla sezilir. O ki qaldı bizə, biz oxuculara, biz isə şair Hüseyn Bağıroğlunu 60 illik yubileyi münasibətilə təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayır, ondan yenə də ruhumuzu oxşayacaq təzə-tər poeziya nümunələri yazmasını istəyirik.
Müzəffər Zəfər
Naxçıvan televiziyasının baş redaktoru
Əməkdar jurnalist