Naxçıvanda turizmin inkişafı diqqət mərkəzindədir

A- A A+

Turizm müasir dövrün ən çox diqqəti cəlb edən sosial-iqtisadi sahələrindən biridir. Çoxşaxəli inkişaf istiqamətlərinə malik olan bu sektor həm müxtəlif xalqlar arasında qarşılıqlı münasibətlərin formalaşmasına, həm insanların daimi və mövsümi məşğulluqlarının təmin edilməsinə, həm də iqtisadi tərəqqiyə təkan verir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Turizm sahəsi həm regionların inkişafı, həm də ki, ölkənin iqtisadi potensialının möhkəmlənməsi üçün, Azərbaycanın imici, dünyaya inteqrasiyası üçün çox mühüm bir vasitədir”.

Azərbaycan Respublikasının zəngin tarixi ənənələri, maddi-mədəniyyət nümunələrinin bolluğu, müxtəlif iqlim tiplərinin və təbii şəraitin mövcudluğu bu qədim diyarda geniş turizm potensialının formalaşmasına gətirib çıxarmışdır. Bu potensialdan istifadənin təmin edilməsi məqsədilə son illərdə turizm infrastrukturunun inkişafı, ölkəmizin beynəlxalq aləmdə tanıdılmasına xidmət edən dövlətlərarası mədəni və idman tədbirlərinin təşkili məqsədilə hazırlanan layihələrin icrası yüksək peşəkarlıqla həyata keçirilir.      

Naxçıvan Muxtar Respublikasında da turizm imkanlarından istifadə məqsədilə həyata keçirilən tədbirlərin sayı ildən-ilə artmaqda davam edir. Yerləşdiyi coğrafi mövqe, hər biri ayrı bir tarix olan mədəni abidələrin, unikal dada malik mineral suların, milli mətbəx nümunələrinin, insan sağlamlığına faydası saymaqla bitməyən müalicə ocaqlarının mövcudluğu yerli və xarici turistlərin marağını Naxçıvana cəlb edən faktorlar kimi önə çıxmaqdadır. Bu imkanlardan yararlanmaq üçün irimiqyaslı infrastruktur layihələrinin reallaşdırılması Naxçıvanda turizmin gələcək inkişafı üçün də əlverişli şərait formalaşdırır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov dediyi kimi: “Müasir dünyada turizm sektoru iqtisadi cəhətdən ən gəlirli və perspektivli sahələrdən biridir. Zəngin mədəni-tarixi irsə və əlverişli şəraitə malik olan Naxçıvan Muxtar Respublikasında turizmin əksər növlərinin inkişafı üçün geniş imkanlar mövcuddur. Hazırda muxtar respublikada iqtisadi-sosial və ekoloji tələblərə cavab verən müasir turizm sahəsinin formalaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür”.

Muxtar respublikanın turizm potensialından istifadəyə yönələn tədbirlərin davamlılığının təmin edilməsi üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın icrası xüsusi əhəmiyyət kəsb edir. Proqramda nəzərdə tutulan tapşırıqların icrası ikinci rübdə diqqət mərkəzində olmuş, tarixi-mədəni irsi özündə əks etdirən mədəniyyət abidələrinin qorunması istiqamətində Ordubad şəhərində qədim Cümə məscidinin bərpası, Cəhri qəsəbəsində Heydərxanlı məscidinin yenidən inşası davam etdirilmişdir. Bu dövrdə Ordubad şəhəri üzrə piyada marşrutu hazırlanmış, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Böl­məsi tərəfindən hazırlanan muxtar respublika ərazisində turizmin inkişafı və perspektivləri, eləcə də turizm mar­şrut­ları üzrə bir neçə abidənin daxil edildiyi 3 monoqrafiya nəşrə təqdim edilmişdir.

Yerli və xarici qonaqları Naxçıvana cəlb edən faktorlardan biri də bu qədim diyarın zəngin kulinariya mədəniyyətinə malik olmasıdır. Muxtar respublikanın təbii bitki örtüyü heyvandarlıq, torpaqların münbitliyinin artırılmasına göstərilən diqqət isə meyvə-tərəvəz məhsullarının keyfiyyətli, dadlı və sağlıqlı olmasına səbəb olur. Deyilənlərə tərkibində onlarla mineralı birləşdirən əvəzolunmaz Naxçıvan duzunu da əlavə etdikdə çoxəsrlik təcrübəyə əsaslanan yerli mətbəx nümunələrinin fərqləndirici xüsusiyyətləri meydana çıxır. Bu da Naxçıvanda kulinariya turizminin inkişafı üçün böyük imkanların formalaşması deməkdir. Adıçəkilən sahəyə göstərilən diqqət və dövlət qayğısının təzahürlərindən biri ötən müddətdə “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzinin fəaliyyəti üçün hərtərəfli şəraitin yaradılmasıdır. Mərkəz ikinci rübdə müxtəlif mətbəx nümunələrinin toplanması istiqamətində fəaliyyətini davam etdirmiş, milli yeməklərimizin təbliğ edildiyi 4 televiziya verilişində həmin yeməklərin hazırlanma qaydalarının əyani şəkildə nümayiş etdirilməsi təmin olunmuşdur. Eyni zamanda “Naxçıvan mətbəxi” kitabının yeni yemək nümunələri əlavə edilməklə 3 dildə nəşrə hazırlanması istiqamətində iş aparılmışdır.

Qeyd olunanlarla yanaşı, aprelin 9-da Naxçıvan Dövlət Universitetinin müvafiq ixtisas üzrə təhsil alan tələbələrinin mərkəz və “Milli Yeməklər” İctimai İaşə Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti ilə tanışlığı təmin edilmişdir. Həmçinin “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzinin sosial şəbəkə hesabında “Milli mətbəximiz” adlı onlayn müsabiqənin keçirilməsində məqsəd milli yeməklərimizin tanıdılması və təbliği olmuşdur.

Muxtar respublikada perspektiv vəd edən turizm növləri içərisində kənd turizmini də xüsusilə qeyd etmək lazımdır. Naxçıvanın həm səfalı təbiəti, həm də qonaqpərvərlik ənənələri bunu deməyə imkan verir. Dövlət Proqramının icrası müddətində yaradılan Ağbulaq İstirahət Mərkəzi və burada cari ilin fevral ayında istifadəyə verilən xizək mərkəzi bölgədə həm yay, həm də qış turizminin gerçəkləşdirilməsi üçün şərait yaratmışdır. İkinci rübdə ərazidə yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə 1 hektar sahədə tinglə, 22,5 hektar sahədə toxumla əkin aparılmışdır. Ailə təsərrüfatlarının bu istiqamətdə fəaliyyət göstərməyə təşviq edilməsi məqsədilə tədbirlər davam etdirilmiş, onlarla mayın 6-da Ağbulaq kəndində təşkil olunan görüşdə turizm sahəsi üzrə dövlət maliyyə dəstəyi barədə məlumat verilmiş və “kiçikhəcmli kənd turizmi” layihəsinin təqdimatı keçirilmişdir. Təşviqat işinin davamı olaraq bölgədə iyunun 9-da Ağbulaq kəndi ilə yanaşı, Gömür kəndinin sakinləri ilə də görüşün keçirilməsi kənd turizminin əhatə etdiyi coğrafi ərazinin genişləndirilməsi istiqamətində işlərin davam etdirilməsindən xəbər verir.

Turizmin fərqləndirici xüsusiyyətlərindən biri də bu sahədə mövcud olan standartların intensiv surətdə yenilənməsi, vaxtaşırı meydana çıxan qlobal trendlərin sayının artmasıdır. Bu dəyişiklikləri mütəmadi müşahidə etmə və müasir dövrün çağırışlarına çevik reaksiya vermə bacarığı üzərində qurulmuş təhsil imkanları turizm sektorunda kadr tələbatını ödəməyin başlıca şərtlərindəndir. İkinci rübdə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən “Turizm agenti” peşə kursunun yeni tədris planı təsdiq olunmuşdur. Həmin tədris planına uyğun olaraq kursun nümunəvi dərs cədvəlləri, elektron dərs vəsaiti və tədris proqramları işlənərək peşə məktəblərinə təqdim edilmişdir.

Adıçəkilən sektorda çalışanların bilik və bacarıqlarının təkmilləşdirilməsinə yönələn tədbirlər isə turistlərə göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi deməkdir. İyunun 22-də turizm sektorunun nümayəndələri üçün “Turizm ictimai iaşə obyektlərində ofisiant işinin təşkili” mövzusunda maarifləndirici seminar təşkil olunmuşdur. Həmin ayın 29-da Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi ilə Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin birgə fəaliyyətinə əsaslanan “Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı 2020-2023-cü illər üzrə birgə Tədbirlər Planı”nın icrası məqsədilə Naxçıvan Regional Peşə Tədris Mərkəzində “Naxçıvan Muxtar Respublikasında mövcud olan turizm marşrutları üzrə bələdçilərin texniki peşə biliklərinin təkmilləşdirilməsi” təliminin açılış tədbiri keçirilmişdir. İkinci rübdə Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə “Azərbaycan hamamları” mövzusunda keçirilən vebinarda Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin əməkdaşının iştirakı təmin olunmuşdur.

Turizm və nəqliyyat sektoru arasındakı qarşılıqlı əlaqənin mahiyyəti bu sahələrin bir-birinin inkişafına təkan verməsindədir. Belə ki, turizm bölgəsinə gələn turistlərin sayının çox olması onlara xidmət edən nəqliyyat vasitələrinin də sayının və çeşidliliyinin, eləcə də bu sahənin iqtisadi çəkisinin artmasına imkan yaradır. Öz növbəsində ucuz və rahat səyahət vəd edən nəqliyyat imkanlarının mövcudluğu isə turizm bölgəsinin cəlbediciliyini artıran faktorlardandır. Naxçıvanda Dövlət Proqramının icrası müddətində yaradılan elektron taksi xidmətinin fəaliyyəti cari ilin ikinci rübündə də sifarişçilərin yaxın məsafədən qısa zamanda mənzil başına çatdırılması prinsipi üzərində qurulmuşdur. Naxçıvan şəhər Nəqliyyat İdarəsində taksi fəaliyyəti ilə məşğul olan sürücülərlə “Turizmin inkişafında taksi fəaliyyətinin rolu” mövzusunda görüş keçirilmiş, tədbirin sonunda onlara muxtar respublikanın turizm potensialını və müxtəlif istiqamətli turist marşrutlarını əks etdirən bukletlər paylanmışdır. İkinci rübdə Ağbulaq İstirahət və Duzdağ Fizioterapiya mərkəzləri istiqamətində avtobus marşrutları fəaliyyətini davam etdirmişdir. Həmçinin may ayından “Əshabi-Kəhf” Ziyarətgahı Dini Mədəni Abidə Kompleksi və iyun ayından Uzunoba çimərliyi istiqamətində avtobus marşrutlarının mövsümi fəaliyyətə başlaması təmin edilmişdir.

Proqramın icrasına uyğun olaraq aprel-iyun aylarında ağac, daş duz və gips üzərində oyma, xalçaçılıq, papaqçılıq, dulusçuluq, misgərlik, eləcə də digər sənətkarlıq sahələri üzrə hazırlanmış 318 əl işinin Naxçıvan Biznes Mərkəzinin satış obyektlərinə yönəldilməsi təmin olunmuşdur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: