Malazgirt zəfərinin 950-ci ildönümü mərasimləri çərçivəsində Azərbaycan mədəniyyət çadırının açılışı olub - FOTOLAR

A- A A+

Türkiyədə Malazgirt zəfərinin 950-ci ildönümü münasibətilə müəyyən olunmuş təntənəli yubiley mərasimləri çərçivəsində Bitlisin Ahlat rayonu ərazisində Azərbaycan mədəniyyətini tanıtmaq məqsədilə qurulan çadırın açılış mərasimi keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycanın Ankaradakı səfirliyi və ölkəmizin Qars şəhərindəki Baş konsulluğu tərəfindən birgə qurulan çadırda yerləşdirilmiş monitorda Azərbaycanın tarixi, mədəniyyəti, şanlı Qarabağ hərb zəfəri, eləcə də Türkiyə dövlət başçısının ölkəmizə səfəri çərçivəsində Şuşa şəhərini ziyarəti, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birlikdə görüntülərini əks etdirən kadrlar nümayiş olunur.

Mədəniyyətimizi tanıtmaq məqsədilə qurulan çadır Azərbaycan və Türkiyənin dövlət bayraqları ilə bəzədilib. Burada Azərbaycan tarixini və mədəniyyətini, vətənimizin əsrarəngiz gözəlliyini əks etdirən portretlər, maraqlı kitablar, istehsal məhsulları, milli geyimlər, suvenirlər nümayiş olunur. Ümumiyyətlə bu möhtəşəm məkanda təmsilçilik Azərbaycan həqiqətlərinin təbliği baxımından xüsusi əhəmiyyət daşıyır.

Açılış mərasimində Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və Qars şəhərindəki Baş konsulu Nuru Quliyev, yerli ictimaiyyətin nümayəndələri, KİV və QHT təmsilçiləri iştirak ediblər.

Yerli hakimiyyət orqanlarının təmsilçiləri və ictimaiyyət nümayəndələri Azərbaycan çadırını ziyarət edib, ölkəmizə və xalqımıza məhəbbətlərini ən həssas yanaşmalarla tərənnüm ediblər.

Naxçıvan Dövlət Filarmoniyasının “Şuşa” muğam qrupu möhtəşəm ifası ilə Azərbaycan çadırının qurulduğu məkanda özünəməxsus canlanma yaradıb.

Əməkdar artist, xanəndə Zülfüqar Mahmudovu tarda Sərxan Abdullayev, kamançada Nurlan Nuriyev müşayiət ediblər.

Tarixdən məlum olduğu kimi Malazgirt döyüşləri 1071-ci ilin avqustunda baş verib. Bu savaşda Səlcuqlar və Bizans ordusu üz-üzə gəlib və döyüşdə Səlcuqlar rəşadətli qələbə çalıblar. Böyük Səlcuk hökmdarı Alp Arslan ilə Bizans İmperatoru Romen Diyojen arasında gedən müharibənin avqustun 26-da səlcuqlu igidlərin zəfəri ilə başa çatması Anadolunun qapılarını əbədi olaraq türklərə açıb. Bu zəfər sayəsində Səlcuqlarla Bizans arasında 50 illik müqavilə imzalanıb və beləliklə də Şərqi Anadolu torpaqları türklərə təslim edilib. Bəzi mənbələrdə göstərilir ki, bu qələbə münasibətlə Bağdad xəlifəsi Alp Arslanı təbrik edərək onu “İslamın nuru” adlandırıb.

Xatırladaq ki, avqustun 26-dək davam edəcək tədbirlərdə Azərbaycan mədəniyyətini tanıtma çadırı da ziyarətçilərin və tədbir iştirakçılarının xidmətində olacaq. Tədbir çərçivəsində çərpələng uçuşları, uşaq oyunları, oxçular, atlı oxçular, cıdır yarışları, dəri sənəti və s. bölmələr fəaliyyət göstərəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: