Özbəkistanın “ishonch.uz” portalı Azərbaycan muğamları haqqında məqalə çap edib.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, məqalədə “Mirzə Hüseyn segahı”, “Şahnaz”, “Kürdü Şahnaz”, “Qatar”, “Rast”, “Mahur-hindi” və digər muğamlarımızın yaranma tarixindən danışılır, bu muğamları ifa edən xanəndələr haqqında məlumat verilir.
Qeyd olunur ki, “Segah” muğamını şuşalı xanəndə Mirzə Hüseyn elə məharətlə oxuyub ki, muğam onun adı ilə “Mirzə Hüseyn segahı” kimi musiqi tarixinə düşüb. Sonralar bu muğamı Cabbar Qaryağdıoğlu, Keçəçi oğlu Məhəmməd və Xan Şuşinski məharətlə ifa ediblər.
Bildirilir ki, “Şahnaz” və “Kürdü” muğamları əsasında XIX əsrdə məşhur xanəndə Hacı Hüsü “Kürdü Şahnaz” yaradıb. Bu muğamlar Şahnaz Abbas və Xan Şuşinskinin ifasında yadda qalıb.
Yazıda “Qatar” muğamının Şuşada Hacı Hüsü tərəfindən yaradıldığı bildirilir. Belə ki, xanəndə Qatar kəndindən Şuşaya gəldiyi üçün muğam da bu kəndin adı ilə tarixə düşüb. Bu muğamı sonralar Cabbar Qaryağdıoğlu, Məşədi Məmməd Fərzəliyev, Şəkili Ələsgər, Segah İslam, Cahan Talışinskaya və digər xanəndələr ifa ediblər.