Azərbaycan Muzey Əşyalarının İstifadə və Qorunmasına dair Beynəlxalq İşçi Qrupuna rəhbərlik edəcək

A- A A+

Beynəlxalq Türk Akademiyası (TWESCO) tərəfindən təşkil olunan türkdilli xalqların Muzey Əşyalarının İstifadə və Qorunmasına dair Beynəlxalq İşçi Qrupunun Astana şəhərində təsis toplantısı keçirilib.

NUHÇIXAN xəbər verir ki, Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin direktoru Asif Usubəliyev beynəlxalq işçi qrupunun sədri seçilib.

İşçi qrupunun yaradılmasında məqsəd türkdilli xalqların maddi-mədəni irsinin qoruyucuları olan muzeylərimizlə elmi və mədəni əməkdaşlığı canlandırmaq, ortaq dəyərlərimizin beynəlxalq ictimaiyyətə daha təsirli təqdimatı üçün onlar arasında vahid metodoloji standartlar işləyib hazırlamaqdır. Bundan əlavə, işçi qrupu muzeyşünaslıq məsələlərində metodoloji şura funksiyanı üzərinə götürüb.

Toplantıda TWESCO-nun prezidenti Darxan Kıdırəli, Qazaxıstanın Mədəniyyət və İdman Nazirliyi aparatının katibi Kuatjan Ualiyev, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Monqolustanın muzeyşünaslıq işləri üzrə rəsmi nümayəndələri, muzey rəhbərləri, TÜRKSOY və Macarıstanın Astanadakı səfirliyinin təmsilçiləri iştirak ediblər.

Tədbirdə türk və türkdilli xalqların Muzey Əşyalarının İstifadə və Qorunmasına dair Beynəlxalq İşçi Qrupunun Əsasnaməsi təsdiq olunub. Əsasnamədə türkdilli dövlətlərin muzeylərində vahid standartların tətbiqi, universal dəyər daşıyan muzey əşyalarının qarşılıqlı surətlərinin hazırlanması və mübadiləsi, Avrasiya türkdilli xalqların maddi və mədəni mirasının qorunması, bərpası, dünyaya tanıdılması üçün vahid standartların hazırlanması, milli muzeylər arasında bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi kimi məsələlər qeyd olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: