BBC Azərbaycan mədəniyyəti və mətbəxi ilə bağlı məqalə dərc edib - FOTOLAR

A- A A+

BBC-də Azərbaycan mədəniyyəti və mətbəxinə həsr olunmuş məqalə dərc olunub.

NUHÇIXAN İnformasiya Agentliyinin xəbərinə görə, "Azərbaycan mədəniyyəti ziyarətçilərdə unudulmaz təəssüratlar yaratmaq üçün keçmişi və bu günü özündə birləşdirir" adlı məqalədə Azərbaycanın milli mətbəxi, musiqisi, xalçaçılığı və s. barədə məlumat verilir.

"Azərbaycan zəngin və müxtəlif mədəniyyətə malik ölkədir. Mətbəxindən ənənəvi sənətkarlığa qədər ölkənin mədəni zövqlərinin genişliyi, təbii gözəlliyi və memarlıq möcüzələri, musiqisi və incəsənəti bu ölkəyə ilk dəfə gələnlərin haradan başlayacağını bilməsini çətinləşdirə bilər", - deyə məqalədə qeyd olunur.

Məqalədə Azərbaycana ilk dəfə səfər edəcək şəxslər üçün gediləcək yerlər barədə vurğulanır ki, bunların arasında UNESCO-nun Mədəni İrsi siyahısına daxil edilmiş Şirvanşahlar Sarayı, Qız Qalası, həmçinin müasir memarlıq möcüzələri adlandırılan Alov Qüllələri, Heydər Əliyev Mərkəzi, Xalça Muzeyinin adı qeyd olunur.

Məqalədə hələ 13-cü əsrdə Marko Polonun haqqında yazdığı Yanar Dağa getmək, həmçinin Qobustan Milli Parkına baş çəkmək də tövsiyə olunur.

Məqalədə Azərbaycanın milli mətbəxinə də toxunulub.

"Azərbaycanlıların yemək reseptlərində, adətən, təzə, yerli məhsullardan istifadə edilir. İnqridiyentlər bölgədən bölgəyə və mövsümdən mövsümə görə dəyişə bilər", - deyə məqalədə vurğulanır.

Azərbaycanın yeməkləri sırasında plovun, dolmanın, düşbərənin, pitinin, küftə-bozbaşın, dovğanın, qutabın adı çəkilir, həmçinin onların tərkibi barədə oxuculara məlumat verilir.

Məqalədə Azərbaycanın folkloru, musiqisi, xüsusilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş muğam barədə ətraflı məlumat verilir.

"Azərbaycanda baş örtüyü və xalça istehsalında xüsusi üstünlüklərə malik tekstil sənayesinin uzun tarixi var. Böyük İpək Yolu ənənələrinə söykənən baş örtüyü hazırlamaq və taxmaq təcrübəsi (Kəlağayı olaraq da bilinir və UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib) hər bir ailənin mədəni kimliyinin ifadəsidir", - deyə məqalədə bildirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: