Ermənilər Azıx mağarasından 90 qutu maddi sübut aparmaq istəyirdilər.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli jurnalistlərə açıqlamasında deyib.
İ.Həbibbəyli bildirib ki, AMEA Tarix İnstitutunun mütəxəssislərindən ibarət heyət Üzərliktəpədə qədim Ağdam şəhərini meydana çıxartmaqla məşğuldur:
"Hələlik Ağdamda abidələrin dəqiq siyahısı aparılmayıb. Qarabağda bir-iki dini abidədən başqa, bütün abidələr dağıdılıb. Dağıdılmamış dini abidələrimiz təhqir olunub. Dünyada müharibə aparan ölkələrin heç biri belə barbarlığa yol vermir. Bu məhz ermənilərə məxsus simadır.
Bu yaxınlarda AMEA-nın bir qrup işçisi Azıx mağarasında olub. Ermənilər orada xarici alimlərlə birgə tədqiqatlar aparıblar. Amma onlar mağaradan topladıqları maddi sübutları apara bilməmişdilər. Bizim nümayəndə heyyətimiz müharibə bitəndən sonrakı günlərdə mağaraya getdi və ermənilərin Azıx mağarasından qazıb aparmaq istədikləri 90 qutu maddi sübutu akademiyaya gətirdilər. Bundan başqa məlum oldu ki, hərbçilərimiz Azıx mağarasına yaxın kəndlərdə bu cür yeşikləri yenə görüblər. Bu barədə bizə məlumat verdilər. Biz o qutuları da akademiyaya gətirdik. Bizim alimlərimiz Qarabağda arxeoloji qazıntılara başlayıb.
Biz Üzərliktəpədə apardığımız arxeoloji qazıntılarla bütün dünyaya göstəririk ki, bura eramızdan əvvəl də bizim olub".